1 Kasım 2021 Pazartesi

Pasportlar bahalaşıb

Bakı/01.11.21 Ümumvətəndaş (xarici) pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği artırılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 1-də keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 30 manatdan 35 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 40 manatdan 60 manata qaldırılır.

Ümumvətəndaş pasportları beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 60 manatdan 75 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 80 manatdan 120 manata qaldırılır.

Ümumvətəndaş pasportları bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, 1 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 80 manatdan 115 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 120 manatdan 155 manata, 18 yaşına çatmış vətəndaşlar üçün 160 manatdan 210 manata qaldırılır.

Eyni zamanda Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılır.

Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən on iş günü müddətində verildikdə, rüsum 1 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 30 manatdan 40 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 18 səkkiz yaşına çatmış vətəndaşlar üçünsə 50 manatdan 75 manata qaldırılır.
Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən beş iş günü müddətində verildikdə, dövlət rüsumu 1 yaşınadək uşaqlar üçün 30 manatdan 40 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 50 manatdan 70 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 70 manatdan 100 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 90 manatdan 135 manata qaldırılır.
Ümumvətəndaş pasportları itirilmə və ya korlanması ilə əlaqədar yenidən bir iş günü müddətində verildikdə, rüsum bir yaşınadək uşaqlar üçün 50 manatdan 65 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 90 manatdan 125 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 130 manatdan 165 manata, 18 yaşına çatmış vətəndaşlar üçün 170 manatdan 220 manata qaldırılır.

Layihəyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum 10 manatdan 20 manata, Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 6 manatdan 10 manata, Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına dəvət olunması haqqında sənədlərin verilməsinə görə rüsum 6 manatdan 10 manata, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə “Qaçqın vəsiqəsi”nin və ya “Yol sənədi”nin verilməsinə görə rüsum 5 manatdan 10 manata qaldırılır.

Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək və ya ondan çıxmaq barədə ərizələrə tətbiq edilən rüsum da artırılır.

Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək,
bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrə görə dövlət rüsumu 110 manatdan 200 manata qaldırılır.-0--

 



Turan
"24 saat"

Texniki baxış bahalaşır

Bakı/01.11.21 Bəzi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə tətbiq edilən rüsumlar artırılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 1-də keçirilən iclasında müzakirəyə çıxarılan «Dövlət rüsumu haqqında» qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, moto-nəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün rüsum 10 manatdan 15 manata qaldırılır.

Həmçinin, minik avtomobillərinin yaxın qohumlara bağışlanması halları ilə əlaqədar, habelə bu qanunda nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün rüsum 10 manatdan 20 manata qaldırılır.

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə aşağıdakı kimi olacaq:

- 2000 kubsantimetrədək olduqda - mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;

- 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;

- 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;

- 5000 kubsantimetrədək olduqda - 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;

- 5000 kubsantimetrdən çox olduqda – 1500 manat.

Bu rüsumlar Nazirlər Kabineti tərəfindən təsdiqlənən dövlət rüsumları ilə eynidir. Ancaq artıq bu qanunla müəyyən olunacaq və  istehsal tarixi 4 ildən çox olan avtomobillərdən başlayaraq dövlət rüsumunun məbləği azalacaq.

Eyni layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar da artırılır.

Belə ki, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır. Sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir.

Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif edilir.

Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.

Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə rüsumların artırılması da təklif olunur.

Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün müxtəlif seriya - 1500 manatdan 2000 manata; eyni seriya - 2500 manatdan 3000 manata; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün müxtəlif seriya - 1000 manatdan 1500 manata;

eyni seriya 1500 manatdan 2000 manata; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün müxtəlif seriya 500 manatdan 1000 manata; eyni seriya 1000 manatdan 1500 manata qaldırılır.

Layihəyə əsasən, qeydiyyat şəhadətnaməsinin verilməsinə görə də rüsumlar artırılır.

Avto-moto nəqliyyat vasitələri üçün - 25 manatdan 30 manata; traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün - 5 manatdan 10 manata qaldırılır.

Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi - 10 manatdan 15 manata qaldırılır.-0-

 



Turan
"24 saat"

COP 26 konfransında Azərbaycan nümayəndə heyətinə Muxtar Babayev rəhbərlik edir

Bakı/01.11.21 Qlazqoda keçirilən Birləşmiş Millətlər Təşkilatı iqlim dəyişiklikləri konfransında (COP 26) Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərliyilə nümayəndə heyəti təmsil edir.

İkihəftəlik forumda dünya elitasının nümayəndələri Paris sazişinin icrasını necə sürətləndirmək və yaşıl energetikaya keçmək məsələlərini müzakirə edirlər.

İqlim sazişi 2015-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatı iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul edilib. Saziş 2020-ci ildən sonra istixana qazlarının atılması normalarını və iqlim dəyişikliyinin qarşısının alınması üçün tədbirləri müəyyənləşdirir. Saziş ekoloji davamlı gələcəyə yol açmağa yönəlib. Sənəd qlobal temperatur artımını 1,5 dərəcə Selsi səviyyəsində saxlamağı vəd edir.

Azərbaycan Paris sazişini imzalayıb.06D-

 

 



Turan
"24 saat"

Korrupsiyaya görə həbs olunmuş Vidadi Muradov həbsdən buraxılıb

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin keçmiş sədri Vidadi Muradov həbsdən buraxılıb.


Bu barədə yayılan məlumatları bu gün, noyabrın 1-də Penitensiar Xidmətdən "Turan"a da təsdiq ediblər.


Yerli saytlarda yayılan məlumatlarda qeyd edilir ki, V.Muradov xəstəliyi ilə bağlı müalicə aldığına görə Bakı Ağır Cinayətlər Məhkəməsi barəsində həbs-qətimkan tədbirini dəyişdirib.


Bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi ilə, hələlik, danışmaq mümkün olmayıb.


V.Muradov bu ilin əvvəlində həbs edilərək işdən çıxarılıb. 


O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.


Baş Prokurorluq bildirib ki, istintaq zamanı V.Muradov və onun ailə üzvlərinin adlarına olan, ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış, qeyri-yaşayış sahələri, "Azər-İlmə" MMC-nin səhm paylarının, aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Rövnəq Abdullayev Cüdo Federasiyasının prezidenti postunu tərk edib

Bakı/01.11.21 Azərbaycan Cüdo Federasiyasının hesabat-seçki konfransında təşkilatın rəhbərliyi dəyişdirilib.

Rövnəq Abdullayevin əvəzinə yeni təyin olunmuş rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev  5 il müddətinə Federasiyanın yeni prezidenti seçilib.

SOCAR-ın rəhbəri Abdullayev 2015-ci ildən Cüdo Federasiyasının prezidenti postunu tutub. Abdullayev həmçinin Milli Futbol Federasiyasına rəhbərlik edir.

Qeyd edək ki, 2021-ci ilin yayında keçirilən son Olimpiadada Azərbaycan cüdoçularının uğursuz çıxışından sonra kişi yığmasının bütün məşqçiləri istefaya göndərilib.

Belə ki, Tokioda keçirilən oyunlarda Azərbaycan 7 cüdoçu ilə təmsil olunub və onlardan yalnız biri dörddəbir finala çatıb. Müqayisə üçün qeyd edək ki, bundan əvvəlki Rio Olimpiadasında Azərbaycan cüdoçuları iki gümüş medal qazanıblar.

Tokioda cüdo üzrə iki atletdən biri, İrina Kindzerskaya bürünc medal qazanıb. – 06B-

 



Turan
"24 saat"

Prezidentin İsmayıllı və Şamaxıya səfəri

Bakı/01.11.21 Bu gün prezident İlham Əliyev İsmayıllıya səfər edib, rayonda tikinti və abadlıq işlərinin gedişilə tanış olub.

Əsasən dövlət başçısı Lahıc qəsəbəsinə gedib, yerli əhali ilə söhbət edib, Bədöyün məscidində təmir-bərpa işlərilə tanış olub.

Qədim zamanlardan sənətkarlıq mərkəzi kimi tanınan Lahıcın artan turizm potensialı barədə Əliyevə məlumat verilib. İlk 9 ay ərzində qəsəbəyə 82 min turist gəlib.

Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub.

Prezident İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin, 6 saylı məktəbin, Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib.06D-

 



Turan
"24 saat"

Azərbaycanda koronavirus infeksiyasına 1200 yeni yoluxma faktı qeydə alınıb

Bakı/01.11.21 Azərbaycanda koronavirus infeksiyasına 1200 yeni yoluxma faktı qeydə alınıb, 1174 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək Azərbaycanda ümumilikdə 532 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 495 353 nəfər müalicə olunaraq sağalıb, 7 101 nəfər vəfat edib, aktiv xəstə sayı 30 116 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 161, ötən müddət ərzində isə ümumilikdə 5 202 697 test aparılıb.-0-

 



Turan
"24 saat"