1 Şubat 2022 Salı

Rəsulzadənin 138 illiyi ilə əlaqədar dörd dildə məqalələr məcmusu dərc edilib

Bakı/31.01.22 Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümü ilə əlaqədar Bakıda "I Beynəlxalq Rəsulzadə Qiraətləri" məqalələr məcmusu dərc edilib. Kitabda 11 ölkədən 40 müəllifin Azərbaycan, rus, türk və ingilis dillərində məqalələri toplanıb. Nəşrin redaktoru və tərtibatçısı tarixçi alim Solmaz Rüstəmova-Tohididir.

Kitab 2020-ci ildə Bakıda keçirilmiş "Rəsulzadə irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində" elmi konfransının iştirakçısı olan müəlliflər tərəfindən yazılmış əsərlərdən hazırlanıb. Bu konfrans günlərində onu hər il keçirmək planlaşdırılırdı, amma pandemiya və bu səbəbdən yaranmış məhdudiyyətlərlə əlaqədar konfransı iki ildə bir keçirmək və onun materiallarını dərc etmək qərarına gəlinib, deyə S.Rüstəmova-Tohidi Turan-a bildirib.

O, Bakıda Rəsulzadənin Ev Muzeyinin açılması üzrə təşkilatçılıq işlərinin nəticələrindən bəhs edib. Muzeyin qurucularının 2019-cu ildə yaradılmış ictimai təşəbbüs qrupunun sədri S.Rüstəmova-Tohidinin sözlərinə görə, Mədəniyyət Nazirliyi ilə iki ildir davam edən danışıqlar nəticə vermir. Beş aydır bu ictimai təşkilatın Milli Məclis və hökumətdən başlayaraq, bir çox dövlət müəssisələrinə göndərdiyi məktublara cavab verilmir. Səbəblərdən biri koronavirusla əlaqədar yaranmış obyektiv çətinliklər, Bakının mərkəzində yerləşən binanın bugünki sahiblərinin hüquqlarıdır.

Ev Muzeyinin Bakı şəhəri, İslam Səfərli küçəsi, 15 ünvanında yaradılması planlaşdırılır. Rəsulzadənin ailəsi Türkiyəyə mühacirət edənə qədər orada yaşayıb.

"Biz M.Ə.Rəsulzadənin ev muzeyinin açılması niyyəti qarşısında dayanan problemlərin müzakirəsi üçün Mədəniyyət Nazirliyinə dəvət edilmişik. Ümidimizi itirmirik", deyə o qeyd edib.

Məmməd Əmin Rəsulzadə Azərbaycanın dövlət xadimi, siyasi və ictimai xadim, jurnalist və dramaturqdur, 1918-ci ildə Azərbaycan Milli Şurasının sədri olub. 

O, 1884-cü il yanvarın 31-də Azərbaycanda, Novxanı kəndində anadan olub. 1955-ci ildə Türkiyədə, Ankara şəhərində vəfat edib. -0-

 



Turan
"24 saat"

Əli Əliyevin hüquqlarını Müdafiə Komitəsi beynəlxalq təşkilatlara müraciət edib

Bakı/29.01.22 Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin hüquqlarını Müdafiə Komitəsi beynəlxalq təşkilatlara müraciət edərək onun həbsdən azad edilməsinə nail olmaq məqsədilə müdaxilə etməyə çağırıb.

Əli Əliyev yanvarın 13-də Yasamal Rayon Məhkəməsi tərəfindən böhtan ittihamı ilə beş ay müddətinə azadlıqdan məhrum edilib. İddianı Sərhəd Xidmətinin zabiti Emil Cəfərov qaldırıb və buna Əliyevin müsahibəsi səbəb olub. Belə ki, o, qəzaya uğramış Sərhəd Xidmətinin Mi-17 vertolyotunda sağ qalanların ola bilməsinə şübhə ilə yanaşıb. Cəfərov və qəza zamanı sağ qalan daha bir zabit Əliyevin fikirlərini böhtan kimi qiymətləndiriblər.

Müraciət müəllifləri Azərbaycanda hakimiyyət tənqidçilərinin öz baxışlarına, fikirlərinə, fərqli düşüncələrinə görə bağlı uydurma inzibati və cinayət ittihamları ilə təqib olunmaları və cəmiyyətdən təcrid edilmələri ilə bağlı narahatlıqlarını bildirirlər.

"Biz İlham Əliyev hökumətinin yürütdüyü repressiya siyasətinin şaxələndirilməsindən, avtoritar tendensiyaların güclənməsindən, siyasi təqiblərin adiləşməsindən, demokratik idarəçilik formalarından imtina edilməsindən dərindən narahatıq", - Komitənin müraciətində deyilir.

Sənəd müəllifləri qeyd edirlər ki, mürəkkəb şəraitdə demokratiya uğrunda mübarizə aparan Azərbaycan vətəndaş cəmiyyətinin fəalları beynəlxalq hüquq-müdafiə institutlarının, siyasi güc mərkəzlərinin rejimin zorakı hərəkətlərinə adekvat reaksiyasının gecikməsindən, onların özgəfikirliliyə qarşı repressiyaları pisləməməsindən məyus olublar.

Əli Əliyevlə bağlı cinayət təqibinə toxunan müraciət müəllifləri təəssüflə qeyd edirlər ki, məhkəmə çəkişməsi zamanı ədalətli mühakimə, tərəflərin bərabərliyi, müdafiə hüququ, məhkəmənin  obyektivliyi və qərəzsizliyi prinsiplərinə əməl olunmayıb. İş materialları ilə tanış olmaq üçün müdafiə tərəfinə otuz dəqiqə verilib. Təqsirləndirilən Əli Əliyev son sözdən məhrum edilib.

Məhkəmə zalında Əliyevin səhhətinin pisləşməsinə, arterial təzyiqin kəskin yüksəlməsinə baxmayaraq, ona lazımi tibbi yardım göstərilməyib.

Əliyevin hüquqlarını Müdafiə Komitəsinin üzvləri qeyd edirlər ki, son zamanlar o, hökumətin iqtisadi, hüquqi, hərbi, sosial və digər sahələrdə tədbirlərini kəskin, lakin etika çərçivəsində tənqid edib.

Həbsdən bir qədər öncə Əli Əliyev Baş Prokurorluğa çağırılıb və sosial şəbəkələrdə çıxışlarına görə ona xəbərdarlıq edilib.

Bundan əlavə, Əli Əliyev jurnalist Elçin Rəhimzadə ilə birlikdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Komitə hesab edir ki, Əliyev hakimin qanuni öz iradəsi əsasında yox, prezident İlham Əliyevin şəxsi göstərişilə qanunsuz həbs edilib.

Onlar qeyd edirlər ki, Azərbaycanda hakimiyyətin qolları arasında real balans yoxdur, məhkəmələr icra hakimiyyətindən asılıdır, qanunun aliliyinə məhəl qoyulmur.

Müraciət müəllifləri əmindirlər ki, Əli Əliyevin həbsinə səbəb olan fikirləri Azərbaycan Konstitusiyası (maddə 47), İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (maddə 19), Mülki və Siyasi Hüquqlar haqqında  Beynəlxalq Pakt (Avropa İnsan Hüquqları Konvensiyası maddə 10) tərəfindən zəmanət verilmiş ifadə azadlığına tam uyğundur.

Komitə üzvləri diqqəti ona yönəldirlər ki, vertolyotun qəzaya uğraması zamanı sağ qalmış digər zabit Ramin Əbilovun Əli Əliyevə qarşı iddiası ilə bağlı fevralın 4-nə məhkəmə baxışı təyin edilib.

Əli Əliyevin əsassız təqib olunmasına qarşı kifayət qədər ictimai etirazın və nüfuzlu beynəlxalq qurumların, Qərb və Avropanın demokratik institutlarının adekvat reaksiyasının olmaması Azərbaycan hökumətinin Vətəndaş və İnkişaf Partiyasının liderinə, digər müxalifət və ictimai fəallara qarşı yeni repressiv tədbirləri üçün “əlverişli zəmin” yaradır.

Müraciətin sonunda Komitə üzvləri beynəlxalq strukturları, Qərbin demokratik institutlarını Azərbaycanda insan hüquqları və demokratiya müdafiəçilərinə, hakim rejimin tənqidçilərinə qarşı təqiblərə laqeyd qalmamağa, Əli Əliyevin barəsində cinayət təqibinə son qoyulması üçün onun ətrafında baş verən proseslərə fəal müdaxilə etməyə, həmçinin vətəndaşların ölkənin ictimai və dövlət həyatında sərbəst iştirak hüququnun təmin edilməsinə çağırırlar.

Əli Əliyevin hüquqlarını Müdafiə Komitəsinə ölkənin 150-ə yaxın siyasi və ictimai xadimi, vətəndaş fəalları, jurnalistlər və hüquq müdafiəçiləri daxildir.- 06B-

 



Turan
"24 saat"

İlham Əliyev Gəncədə memorial kompleksin təməlini qoyub

Bakı/31.01.22 Gəncə şəhərində (Bakıdan 385 km qərbdə) olan dövlət başçısı memorial kompleksin bünövrəsini qoyub. Kompleks İkinci Qarabağ müharibəsi zamanı həlak olan və yaralanan şəhər sakinlərinin xatirəsinə həsr olunacaq.

2020-ci il oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də ölkənin ikinci böyük şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. -02D-

 



Turan
"24 saat"

Britaniyada Azərbaycanlı deputatın ailəsinə məxsus 5,6 mln. funt müsadirə edilib

Bakı/31.01.22 Böyük Britaniyanın Milli Kriminal Agentliyi (NCA) yanvarın 31-də Azərbaycanlı deputat Cavanşir Feyziyevin ailəsinə məxsus olduğu bildirilən ümumilikdə 5,6 mln. funtluq hesaba həbs qoyulduğu barədə məlumat dərc edib.

"Cinayətkarlığa qarşı mübarizə üzrə Milli Agentliyin bank hesablarında olan pulun mənşəyini araşdırmasından sonra milyonlarla funt müsadirə edilib. Müstəntiqlər Böyük Britaniyada Azərbaycan parlamentinin fəaliyyətdə olan deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus hesablarda 5,6 mln. funt sterlinqin müsadirəsi üçün order verilməsinə müvəffəq olublar", deyə press-relizdə bildirilir.

Araşdırma zamanı Feyziyevin ailə üzvlərinin adına olan hesabların dondurulması haqqında altı sərəncam verilib. Müstəntiqlər vəsaitin Estoniya və Latviyadan saxta şirkətlər vasitəsilə yuyulduğunu hesab edirlər. Bu köçürmələrin bir hissəsi əməliyyatın qanuniliyini təsdiq edən müqavilələrlə müşaiyət olunub. Amma Londonun Vestminster məhkəməsində üç həftə davam edən prosesdən sonra hakim Con Zani bildirib ki, "bu sənədlərin tamamilə saxta olduğunun və əsas pulların yuyulmasını ört-basdır etmək üçün hazırlandığının təkzibolunmaz dəlilləri var".

Dondurulmuş vəsaitin ümumi məbləği 15,3 mln. funt sterlinq təşkil edib, onun üçdə birini - 5,6 mln. funt sterlinqini məhkəmə müsadirə edib.

Hakimiyyət araşdırmaya başladıqda və hesablar dondurulduqda Feyziyevin nümayəndəsi NCA-nın pulların qanunsuz mənşəyi haqqında bütün iddialarını təkzib edib, ittiham tərəfin bütün dəlillərini isə əsassız adlandırıb. -16/02Â-

 



Turan
"24 saat"

Müəllif Rəsulzadə ilə bağlı filmi efirə getmədiyinə görə AzTV-dən istefa verib

Bakı/31.01.22 "Yüz İlin Sirləri" proqramının layihə rəhbəri Fəxrəddin Həsənzadə Məmməd Əmin Rəsulzadə ilə bağlı hazırladığı film efirə getmədiyi üçün AzTV ilə yolunun ayrıldığını bildirib. Onun hazırladığı filmin yanvarın 30-da saat 22-də efirə gedəcəyi ilə bağlı AzTV reklam da yayıb. Lakin film efirə buraxılmayıb.

Fəxrəddin Həsənzadə facebook səhifəsində bunları yazıb:

"Əziz dostlarım, AzTV -də yayımlanan "Yüz İlin Sirləri" proqramının layihə rəhbəri və Rəsulzadə ilə bağlı sənədli filmi hazırlayan biri kimi ümumi bir açıqlama vermək istədim. Kanal rəhbərliyinə və hər kəsə əsaslı veriləcək cavabım və dəlillərim var. Amma dostlarım bilir, mən belə məqamdan şou düzəltməyi yox, susmağı üstün bilirəm. Bu gündən etibarən AzTV ilə yollarımı ayırmaq qərarı verirəm. Məni tanıyan hər kəs siyasi mövqeyimi də bilir. Mənim sadəcə bir məqsədim var idi. O da dünya tarixində iz qoyan Azərbaycanlıları ətraflı tanıtmaq.

Müsahibələrdə vaxtını aldığım dəyərli elm adamları və varislər haqlarını halal etsinlər. Yaranan duruma görə tamaşaçılarımızdan üzr istəyirəm".

Öz növbəsində  AzTV bu mövzuda filmin efirdə yayımlanacağı ilə bağlı anaons verilmədiyinibildirirb. Bir halda ki, sosial şəbəkələrdə verilişin anaonsu barədə video yayılıb. 

-03D06-

 



Turan
"24 saat"

Hafiz Məmmədov ev dustaqlığına buraxılıb

Bakı/31.01.22 Sahibkar Hafiz Məmmədov ev dustaqlığına keçirilib. Bu qərarı bazar ertəsi müdafiə tərəfin vəsatətini təmin edən Yasamal rayon məhkəməsinin hakimi Hüseyn Səfərov qəbul edib.

Məmmədov ötən cümə axşamı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin təqdimatı əsasında həbs edilib. O, rəhbərlik etdiyi vergi və icbari dövlət sığortası üzrə sosial ödənişləri ödəməkdən yayınmaqda ittiham olunur.

Vəkil Orxan Cəfərbəylinin Turan-a verdiyi məlumata görə, yığılmış məbləğin yarısı - 600 min manat artıq ödənilib. Məmmədov qalan məbləği də ödəmək öhdəliyi götürüb.

Bir müddət əvvəl KİV-lər Məmmədovun ümumi borcunun 1,4 mln. manat olduğu barədə məlumat yaymışdı.

* Əslən Naxçıvandan olan Hafiz Məmmədov 1990-cı illərdən bizneslə məşğul olub. O, hazırkı hakimiyyətə yaxınlığı ilə tanınır.

2003-cü ildən "Baghlan Group FZCO" holdinqin prezidentidir.

2004-cü ildə "Bakı" Futbol Klubunun prezidenti, 2005-ci ildə Milli Futbol Assosiasiyası İcraiyyə Komitəsinin üzvü olub.

2013-2015-ci illərdə İspaniyanın “Atletiko” Futbol Klubunun sponsorlarından biri olub. Klubun oyunçuları matçlara üzərində “Land of fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) yazısı olan köynəklərlə çıxıblar.

2013-cü ildə Fransanın ikinci liqasında çıxış edən "Lans" klubunu alıb. Lakin sonradan komandanı saxlamaq iqtidarında olmayıb. -016Â03/06-

 



Turan
"24 saat"

İctimai fəal Fuad İsmayılov 1 ay müddətinə həbs edilib

Bakı/31.01.22 Yanvarın 31-də Bakının Nizami rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə ictimai fəal Fuad İsmayılovu bir ay inzibati həsbə məhkum edib. Məhkəmə Fuad İsmayılovu İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə günahlı bilib.

İctimai fəal Fuad İsmayılov yanvarın 29-da saxlanılıb.

Onun saxlanılması yanvarın 28-də küçədə asılmış Türkiyə bayrağını endirəndən sonraya təsadüf edir. Sosial şəbəkələrdə yayılmış videoda görünür ki, İsmayılov küçədə asılmış Türkiyə bayrağını saxlayan ipi kəsir və  bayraq yerə düşür.

Hüquq müdafiəçisi Fikrət Cəfərli bu gün polis bölməsində İsamyılovla görüşüdən sonra deyib ki, Fuad İsmayılov məlum hərəkətini şüurlu şəkildə etdiyini bildirib.

"O bu hərəkəti şüurlu şəkildə edib və səbəbini də belə izah etdi. Fuad bəy Azərbaycan və Türkiyə bayraqları arasında fərq görmədiyini, hər ikisini doğma saydığını bildirdi. Səbəbini də belə göstərdi ki, özü qəsdən cəmiyyətin bir sıra ciddi problemlərə diqqətini çəkmək üçün bu hərəkəti edib. Fuadın sözlərinə görə, Suraxanıda elə bir fahişəxana, gecə barı və qumarxana yoxdur ki, hər iki dövlətin bayrağı asılmasın. Bütün bunlar da uşaqların, qadınların, yaşlı insanların gözü qarşısında baş verir. O bunlara etiraz etmək üçün uyğun yer seçərək bu addımı atıb ki, cəmiyyət də münasibət bildirsin. Amma təəssüf ki, cəmiyyət əks reaksiya verib,” Cəfərli qeyd edib.

Fuad İsmayılov bundan öncə də bir neçə dəfə inizbati həbsə məhkum edilib.

O, 2020-ci il fevralın 21-də Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara seçki qanunvericiliyinin pozulmasına etiraz olaraq "Fu Məzi” şüarı (MSK sədri Məzahir Pənahova etiraz kimi ictimaiyyət belə ifadələr səsləndirir-red.) yazdığına görə saxlanıldıqdan sonra ictimai diqqətə gəib.

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq ölkədə insanların ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir.-03-

 



Turan
"24 saat"