30 Haziran 2022 Perşembe

Hüquqları pozulan Jurnalist İlqar Atabəyli ilə bağlı aksiya keçiriləcək
Ötən ilin avqustunda həbs edilən jurnalist İlqar Atabəyli barəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb. İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Reportyor.info-ya vəkil Mehman Muradlı bildirib.

İlqar Atabəyli Cinayət Məcəlləsinin 182.2.1 (Hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

İttiham aktında qeyd olunur ki, İlqar Atabəyli Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışan Ağamalıyeva Mirvari Ağamalı qızının və rayon icra hakimiyyətinin digər vəzifəli şəxsləri haqqında hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında «Xəbər kanalı» səhifəsində yayaraq video çarxların silinməsi müqabilində Mirvari Ağamalıyevadan 4000 manat pul tələb edib.

Vəkil Mehman Muradlı isə İlqar Atabəylinin təqsirsiz olduğunu deyir. Onun sözlərinə görə, istintaq dövründə işə xitam verilməsi ilə bağlı vəsatət qaldırsa da, təmin olunmayıb. “İstintaq zamanı İlqar Atabəylinin kimisə şantaj etməsi, hədə-qorxu gələrək pul tələb etməsi barədə sübut yoxdur. Mirvari Ağamalıyevadan tələb olunan məbləği Elçin Tağıyev adlı şəxs gətirib. Lakin pulu İlqar Atabəyliyə verməyib. Bu fakt istintaq zamanı Elçin Tağıyevlə İlqar Atabəylinin üzləöşməsi zamanı da təsdiqini tapıb. Buna baxmayaraq, İlqar Atabəyli həbsdə saxlanılır”, – deyə Mehman Muradlı bildirib.

Vəkil məhkəmənin hazırlıq iclasında da işə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb: “Lakin vəsatətə baxılmadı. Səbəb kimi isə onu göstərdilər ki, guya mən prosessual pozuntuya yol vermişəm, vəsatəti hazırlıq iclasında təqdim etmişəm. Halbuki burada hər hansı pozuntu yoxdur, həmin vəsatətə baxıla bilərdi və baxılmalı idi”.

Mehman Muradlı qeyd edib ki, işin Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi də qanunsuzdur: “İlkin olaraq iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Lakin orada prosesə rəhbərlik edən hakim özü özündən imtina etdi. Səbəb kimi isə onun digər təqsirləndirilən şəxs Sənan Abdullayevlə şəxsi münasibətlərinin olmasını göstərdi. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev qərardad qəbul edərək işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərdi. Bu isə qanunsuzdur. Çünki Gəncə Ağır Cinayətlər Məhkəməsi Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasında deyil”.

İlqar Atabəylinin bir qrup həmkarı da hesab edir ki, o, təqsirsizdir. Onlar həmkarlarının günahsız yerə həbs edilməsinə etiraz olaraq Goranboy Rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar.

"24 saat"
https://bit.ly/3a08JR2

28 Haziran 2022 Salı

Zaqatala Mərkəzi Xəstəxanası və Vüqar Qurbanov barədə xoşagəlməz iddialar
Mətbuatda Zaqatala Mərkəzi Xəstəxanası  və TƏBİB idarə heyətinin sədri Vüqar Qurbanov barədə korrupsiya iddiaları yayılıb.

Məlum olduğu kimi, 2020-ci il yanvar ayının 1-dən ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bununla bağlı Prezident İlham Əliyevin Fərmanına əsasən Səhiyyə Nazirliyinin strukturunda dəyişikliklər edilmiş, quruma tabe olan bir çox səhiyyə müəssisəsi yeni yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) balansına keçirilmişdir. Xəstəxanaların Səhiyyə Nazirliyindən alınaraq TƏBİBƏ verilməsindən sonra da çox təəssüflər olsun ki, tibb müəssisələrindəki neqativ halları aradan qaldırmaq mümkün olmayıb. Elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə xəstəxanalarda rüşvətxorluğun baş alıb getməsi barədə çoxsaylı şikayətlərə rast gəlmək olar ki, bu da Baş həkimlərin gündəlik qazanclarının heç də az olmamasını deməyə əsas verir.

Xəstəxanalaraın Baş həkimləri pasientlərdən yığdıqları ilə kifayətlənməyib büdcə vəsaitlərini talaması da heç də yeni məlumat deyil. Uzun illərdir səhiyyə sistemində aparılan islahatlar adı altında ayrılan milyonlarla dövlət vəsaitləri bu sahədə heç bir dəyişikliyə səbəb olmayıb, əksinə korrupsiya hallarının artmasına gətirib çıxarıb. Son illərdə səhiyyə işçilərinin korrupsiya üstündə həbs olunmaları da buna bir sübutdur.

Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı verilən məlumatlar da yuxarıda sadaladıqlarımızla eynilik təşkil edir. Belə ki, sözügedən rayonun mərkəzi xəstəxanasında həm rüşvətxorluq, həm də korrupsiya halları baş alıb gedir. Burada gün ərzində toplanan rüşvətin məbləğini müəyyən etmək çətin olduğundan, diqqətimizi birbaşa korrupsiya hallarına cəmlədik. Xəstəxanalarda korrupsiyaya daha çox mal-materialların, dərman vəsaitlərinin satınalmasında yol verilir. Odur ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasının son illər keçirdiyi satınalmaları diqqətinizə çatdırdıqdan sonra keçəcik əsas mətləbə.

Zaqatala rayon Mərkəzi Xəstəxanası tərəfindən 2020-2021-ci illərdə "zəruri malların alınması"na ayırdığı vəsaitlər ətrafında araşdırmalar apardıq. Xəstəxananın Tender Komissiyası tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə 2020-ci ildə

- dəftərxana və təsərrüfat xərclərinə 48 723.73,

- mətbəə xərclərinə 22 881.99,

- Yumşaq inventara 22 591.69,

- ehtiyat hissələrinin alınması xərclərinə 30 109.66 manat vəsait ayrılıb.

Bu ümumi olaraq 124 307 manat təşkil edir. Qeyd edək ki, bu müqavilələrin hamısı 2020-ci ilin dekabr ayında bağlanılıb.

Zaqatala rayon Mərkəzi Xəstəxanası eyni məqsədlərlə 2021-ci ildə nə qədər vəsait xərclyib?

- Sair torpaq, tikili və avadanlıqlara 15 847.4,

- mətbəə mallarının alınmasına 19 910.73,

- tikili və avadanlıqların cari təmir xərclərinə 46123.46,

- maşın və avadanlıqların alınmasına 169 823.24,

- yumşaq inventarın alınmasına 24 365,

- dəftərxana və təsərrüfat xərclərinə 58 764,

- nəqliyyat vasitələrinin carı təmir xərclərinə 28 991.13,

- hüquqi yardıma 3600,

- Digər malların (yeməkxana və məxbəx ləvazimatlarının) alınmasına 18 528 manat vəsait ayrılıb.

Ümumi olaraq 385 952 manat.

Göründüyü kimi, Zaqatala rayon Mərkəzi Xəstəxanası 2020-ci ilin dekabr ayından 2021-ci ilin dekabr ayına qədər yuxarıda qeyd etdiyimiz malların və xidmətlərin satınalmasına ümumi olaraq 510 259 manat vəsait xərcləyib. Qeyd edək ki, bu 250-çarpayıdan ibarət bir dövlət xəstəxanası üçün böyük vəsaitdir.

Zaqatala rayon Mərkəzi Xəstəxanasından verilən qeyri-rəsmi məlumata görə, hazırda xəstəxanada elektrik generatoru işləmir. Xəstəxananın direktoru Məcid Əliyev generatorun təmir olunması üçün cərrahlardan pul yığmağı tələb edib. Sanitar qovşaqda olan nasazlığı aradan qaldırmaq və tualet kağızı almaq üçün hazırda orta tibb işçiləri pul yığmaqdadır. Xəstəxanada bu gün həkimlər tibbi əlcəkləri bellə yaxınlıqdakı aptekdən pulla alırlar.

Yüz minlərlə vəsait necə olur?

Xəstəxananın direktoru Məcid Əliyevin narazı tibb işçilərinə dediyinə görə, ayrılan vəsaiti yuxarıdan silirlər. Yuxarıdan silirlər, yoxsa direktor müavini, Tender Komissiyasının sədri Rövşən Əhmədovla, inzibati məsələlər üzrə direktor müavini Emil Rüstəmov silir, bilinmir.

İndi deyə bilmərik bundan sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevlə, TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov arasında münasibəti necə olacaq. Amma onu deyə bilərik ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov cənablarına arxalanıb çox işlər çevirənlər var.

Bütün bir çox işlərin başında Xəstəxananın kadrlar şöbəsinin müdiri Gülnarə Ömərova dayanır. Məlumatlara görə xanım şöbə müdiri ilə TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaxın, ya da uzaq qohumluq telləri bağlayır. Vüqar Qurbanovun hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şimal bölgəsi üzrə kuratoru olduğu zamanlardan Gülnarə Ömərovaya geniş səlahiyyətlər verdiyini bildirirlər. Hazırda Zaqatala rayon Mərkəzi Xəstəxanasında kadrlar şöbəsinin müdiri olan Gülnarə xanım ətraf rayonlarda da xəstəxanalara rüşvət müqabilində tibbi işçiləri təyin etdirir. Öz qızı Zülfiranı isə tibbi əmək təcrübəsi yol vermədiyi halda Zaqataladakı Diaqnostika Mərkəzinin xəstə xidmətləri şöbəsinə müdir təyin etdirib. Qardaşının həyat yolldaşını isə Katexdən gətirib baş tibb bacısı təyin etdirib. Məlumata görə Gülnarə Ömərova bütün bunları açıq şəkildə, heç kimdən çəkinmədiyini söyləyərək edir.

Məcid Əliyev əvvəllər qanunsuzluqlara görə tutduğu vəzifədən kənarlaşdırılıb

Xəstəxananın direktoru Məcid Əliyev 2012-2018-ci iilərdə Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Çalışdığı müddətdə yol verdiyi qanunsuzluqlara görə tutduğu vəzifədən kənarlaşdırılıb.  Belə ki, verilən məlumata görə, Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin karyerasına davam edib-etməməsi sual altında qalıb. Lakin bunlara baxmayaraq Məcid Əliyev sabiq nazir Oqtay Şirəliyevə yaxın şəxslərin vasitəsi ilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatala kimi nisbətən kiçik bir xəstəxananın direktoru vəzifəsinə də təyinat alıb. Redaksiyamıza verilən məlumatlardan da göründüyü kimi, Məcid Əliyev Şəkidəki əməllərinə son qoymayıb. Bunlar Məcid Əliyevin direktoru olduğu Zaqatala rayon Mərkəzi Xəstəxanası barədə son məlumatlar deyil. Burada daha biabırçı hallara da yol verilir ki, araşdırılmasına ciddi ehtiyac var. Amma əsas odur ki, gənc kadr, TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanovun gizli əməlləri və onun adından rayon Mərkəzi Xəstəxanasında çevrilən işlər ortaya çıxdı. /Aktualinfo.org

"24 saat"
https://bit.ly/3A8a9Dy

25 Haziran 2022 Cumartesi

Sedat Peker Eynullanın müsahibəsinə görə od püskürdü
Mafiya başçısı olduğu iddia olunan Sedat Peker sözçüsü Emre Olurun Twitter hesabı vasitəsiylə yeni paylaşımlar edib.

Azerbaycanlı jurnalist, "Xocalı qətliamını Azərbaycan əsgərləri törədib" yazan Eynulla Fətullayevə müsahibə verən Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar millətçi mafiya olduğu irəli sürülən Sedat Pekerin "Yalıkavak Marinası (marina - kiçik qayıqların və yaxtaların yerləşdirilməsi üçün ayrılmış liman) əlindən alıınıb" iddiası ilə Türkiyə gündəminə oturan azərbaycanlı iş adamı Mübariz Mənsimovun iddialarına cavab verib.

Pekerin mətbuat müşaviri Emre Olur sosial media hesabından axşam saatlarına qədər vaxt verərək "Mehmet Ağar, dərin dövlətin başı, sən Mübariz Mənsimovun dediklərindən yalnız birini təkzib etdin. Amma bəzi qəzetlər bunu Sedat Pekeri təkzib etdiyin kimi yazır. Rəis (Sedat Peker- red.) təkzib edilməsini sevmir. Məncə, bunu düzəlt, əks halda SADAT-çılardan daha pis vəziyyətə düşərsən" deyə paylaşm etmişdi.

Vədə tamam olduqdan sonra sosial media paylaşmalarına qadağa qoyulan Sedat Pekerin Ağarla bağlı paylaşımları Emra Olurun hesabından yayımlanıb. Peker cəmi 16 tvitdən ibarət paylaşımda bu açıqlamaları verib:

"Dərin Memet, insanlar yaşlandıqca daha ağıllı olurlar. Yaşlandıqca qabiliyyətini necə itirdin? Mübarizi inkar etmək üçün müsahibə vermisənz. Halbuki sülü (Süleyman Soylu nəzərdə tutulur - "24 saat") kimi bir şey demədən yalnız vertolyot meydançasından danışmısan. Bu mahallenin kaşarının (mahallenin kaşarı - Sedat Pekerin Süleyman Soylu üçün işlətdiyi və məhlədə hər kəslə görüşən, söz daşıyan anlamında istifadə olunur - "24 saat") taktikasıdır.

Videolarda dedim ki, məhəllə kaşarı necə ola bilər. Madam ki qaşınırsan, günah məndən getdi. Mübarizin marinasına necə sahibləndiyindən niyə danışmamısan? Niyə marinadan narkotik, dizel və insan qaçaqmalçılığı etdiyin barədə danışmamısan? 90-cı illərdəki Kutlu Adalı cinayəti və üstü açılmayan digər cinayətlərdən niyə danışmamısan?

“90-cı illərdə baş verən üstü açılmamış qətllərdən də danışacağıq”

Gələcəkdə 90-cı illərdəki üstü açılmayan qətllərdən də danışacağıq. Mən bildiklərimi və rəhmətlik Tarık Ümitin Göztəpədə mahalının valisi Həsənin evində mənə dediklərini də danışacağıq. Rəhmətlik Tarık Ümit öldürəcəyini bilirdi. Hətta bunu mənə dedi və sən onu öldürdün.

Narkotik alverçilərindən aldığınız pulları üzünə deməsək, ayıb olar. Keçmişdə olanlar hər şey haqqında səmimi danışacağıq. Oğlunun öldürdüyü jurnalist qızın adını niyə çəkmədin?

“Oğurluq sizin geninizdədir”

Guya ki, həbsxananın vertolyot meydançasını keçmiş bələdiyyə sədri tikdirib, oğlun da sənin kimi oğrudur, ona görə sənə deməyib - Mübarizdən 50 min dollar alıb ki, vertolyot meydançasını tikəcəyik. Oğurluq sizin geninizdədir.

Həmin helikopter meydançasına bir dəfə rəhmətlik Mustafa Koçun helikopteri ilə gəlmişdi. Yenə Ferid Şahenkin helikopteri ilə gəldik. Mübarizin helikopteri ilə ən azı 100 dəfə gedilib. Siz nə iyrənc adamsınız, Aydının keçmiş baş prokuroru Ekrem Yiğit fetödən qovulanda bu adamı PETKİM-ə (Petrokimya Holdinq - hazırda SOCAR-ın Türkiyə qolunun nəzdindədir - "24 saat") sən yerləşdirmədinmi?

"Gülənin məktubunu çərçivələdib həbsxana divarından asmadınmı?"

Fətullah Gülən həbsxanada sənə 7 kitab göndərməmişdi? Balaca uşaqlar kimi "mənə bu kitabları Fəttullah Gülən göndərib" deyə hər yanına gələnə göstərmirdinmi? Bir də ki, onun göndərdiyi məktubu qəhvəyi çərçivəyə salıb həbsxana divarından asmamışdınmı? Hamıya göstərmirdin? Sən nə iyrənc adamsan, səni məhv edəcəm...

Mübariz oğlun Tolqa Ağarı kokain istifadə etdiyinə görə işdən çıxarmadı? Onun sizinlə dostluğu belə bitmədimi?

“Ərdoğanın arxasından təhqir edirdiniz”

Üstəlik, Tayyib Ərdoğanı arxasınca daim təhqir edirdiniz. Hasan Yeşildağın Boğaza baxan yerində 4,5 saat Həsən Yeşildağla görüşdükdən sonra birdən dəyişmədinmi? Sən o görüşdə nə danışdınızsa, hamısından danışacağıq.

Bundan əlavə, yeri gələndə inan ki, Müdafiə Nazirliyində "Milli Dizayn və Milli İstehsal" yalanı ilə hələ də dövləti necə soyduğundan da danışacağıq.

"Ölümündən əvvəl Orxan Adıbelli ilə nə danışdınız?"

Derin Mehmet, səni 2020-ci ildə Kayseridə öldürülən iş adamı kimi tanınan narkotik qaçaqmalçısı orhan adıbellinin (ad və soyadın baş hərflərini qəsdən balaca yazıb - "24 saat") ölümündən danışanda görəcəyəm. Deyirlər ki, adamı öldürənlər tutulub, pula görə öldürüblər. Beləliklə, kim öldürüldü, cavab yoxdur (əsas qətldən)!.

Ölməzdən əvvəl Orxan Adıbelli ilə nə danışdınız?

Bu dövran dəyişəndə bu cinayətə yenidən baxılacaq, yenidən araşdırılacaq. Prokuror HTS qeydlərini tələb edəcək.

(HTS qeydləri ilə insanların kimə zəng etdiyi, səsli və ya video rabitəsindən istifadə etdiyi barədə məlumatlar əldə edilir.)

Bu adam ölümündən əvvəl sən bu bu adamla nə danışırdın? Yığıncaqdakı digərlərinin HTS qeydləri də açıqlanacaq.

"Orxan Adıbellini öldürən ortağınız deyilmi?"

Prokuror səndən bunları soruşmayacaq, həyasız? Sən həm Daxili İşlər, həm də Ədliyyə Nazirli olmusan. Narkotik puluna görə ödəniləcək 50 milyon avro məsələsində ara düzəldən kimi çıxış etməkdən utanmırsan, ay rüsvayçı adam? Buyur, çıx de ki, mən Orxanla danışmamışam.

Mərhumun oğlu hazırda danışa bilmir. Ola bilsin ki, vaxtı gələndə o da danışsın. Danışmasa belə, bütün sübutlar məndə var. Görüşəcəyik, darıxma. Orxan Adıbellini öldürən ortağın, "siçan" ləqəbli murat boyracı (Ad və soyadın baş hərflərini qəsdən balaca yazıb - "24 saat") deyilmi? murat boyracı ilə HTS arxiviniz ortaya çıxmayacaqmı? Bəs öldürülən orhan addibelli ilə HTS qeydlərin necə, onlar da çıxmayacaqmı?

"Bayram deyil, seyran deyil - Dubayda nə gəzirsən?"

Bir tərəfdən iddialara "doğru deyil" deyirsən, eyni zamanda Murat Boyracı və "siçan Muratı Dubaya göndərirsən. Sən zavallısan. Məni rəhmətlik Tarık Ümit və rəhmətlik Orxan Adıbelli ilə qarışdırma. Ya da məni əvvəllər öldürtdürdüyün insanlarla qarışdırma. Bir dostum xahiş etdiyi üçün Murat Boyracı haqqında heç kimə heç nə deməyəcəkdim. Mənə qarşı sui-qəsddən söhbəti başlamışkən sənin eyni ərəfədə Dubayda nə işin var? Əgər yaxşı niyyətlə gəlmisənsə, bizi niyə xəbərdar etməmisən?

"Pokemon Mehmet Barlas" diliniz çox uzandıb. Boğazdakı "Les Ottomans" otelində iş təqibi nəticəsində aldığınız cukkalardan da xəbər verəcəyəm”.

İran vətəndaşı Əhməd Nəzərinin paylaşımı

Ağarın Avropada həbs qərarı ilə axtarışda olan İran vətəndaşı Əhməd Nəzəriyə Türkiyə vətəndaşlığı verdiyini bildirən Peker, Nəzərinin şəxsiyyət vəsiqəsinin görüntülərini də paylaşıb. daha sonra Sedat Peker "Avropanın hər yerində axtarışda olan İran vətəndaşı Əhməd Nəzərini Türkiyədə necə gizlətdin? Axtarışda ola-ola bu adama necə Türkiyə vətəndaşlığı verdirdin? Keçən il mən paylaşmağa başlayanda ortalığın qarışdığını görüb onu Dubaya onu göndərdin. "Kavacık"ın mərkəzində plazası, "Acar Blu"da da evi var idi. İldə orta hesabla 250 milyon dollar toplayan beynəlxalq fırıldaqçılıq şəbəkəsini idarə edir. Bütün Avropada axtarışda olan adama Türkiyə vətəndaşlığını necə verdirdin?" yazıb.

Daha sonra isə Sedat Peker bu iddianı paylaşb:

"O, hazırda Dubayda sənin Elazığdan olan ortağın Murat Boyracı qəbul edir. Bingöllü Sehmus da onlar birlikdədir. Təbii ki, bir prokuror gəlib Tolga Ağar və Əhməd Nəzərinin HTS qeydlərini tələb edəcək. Cihan ekşi, Ahmed Nazari hələ də ona hədiyyə verdiyin 10 min dollarlıq təsbehı fırladır, bunları da danışacağıq, çox danışacağıq”.

"24 saat" xeberler

P.S. Xatırladaq ki, Eynulla Fətullayev Mübariz Mənsimovun "lotu Quli" kimi tanınan şəxs barədə açıqlamalarından sonra Mənsimovdan qisas alacağı məzmunlu paylaşım etmişdi.
https://bit.ly/3u2MIHM

18 Haziran 2022 Cumartesi

AĞA-ƏLİ YƏHYAYEV ETİRAF ETDİ: "ALLAH TƏHQİR OLUNMAYIB!"
16 gündür ki, aclıq aksiyası keçirən “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun rəhbərlik etdiyi təşkilatın üzvü, "Allah təqhir olunub" dediyi iddia olunan AĞA-ƏLİ YƏHYAYEV 30 sutka həbsdən çıxdıqdan sonra "Xural TV"-yə müsahibə verib.

“Müsəlman Birliyi” hərəkatının üzvü AĞA-ƏLİ YƏHYAYEV etiraf edib ki, ona "Bandotdel"də işgəncə verilən zaman Allah təhqir olunmayıb. AĞA-ƏLİ YƏHYAYEV bildirib ki, onun məhkəmədə dediyi sözlər konteksdən çıxarılıb və nəticədə yanlış anlaşılma yaranıb.

"24 saat" həmin müsahibəni təqdim edir:

https://www.youtube.com/watch?v=T8mEeeuO-2c
https://bit.ly/3HDXDxd

16 Haziran 2022 Perşembe

Arazdəyən Azərbaycana verilir? - Ermənistan təşvişdə
Ermənistanın baş naziri Nikol Paşinyanın Arazdəyənə səfərindən sonra qəsəbədə ölkənin dövlət bayrağı endirilib. Qaynarinfo xəbər verir ki, bu addım Ermənistanda böyük ajiotaja səbəb olub.

Xatırladaq ki, Paşinyanın Ararat rayonuna sonuncu səfərindən sonra Arazdəyənda Ermənistan bayrağı endirilib və "Yerasx" (Arazdəyən) qəsəbəsinin adının hərflərinin bir qismi qoparılıb.

Məlum olub ki, Paşinyanın səfərindən sonra Arazdəyən qəsəbəsinin Azərbaycan tərəfinə qaytarılması ilə bağlı ajiotaj yaranıb, nəticədə qəsəbədə şərab zavodu və yoldakı dequstasiya zalının avadanlıqlarının sökülüb Ararat rayonu mərkəzinə daşınmasına başlanılıb.

Hazırda rayonda, xüsusən də Arazdəyən qəsəbəsində sakinlər çaşqın vəziyyətdədir. Sakinlərin Ermənistan bayrağının endirilməsi ilə bağlı narahat olduqları bildirilir. Dövlət qurumlarının bununla bağlı heç bir açıqlama verməməsi səbəbindən onlar azyaşlı övladlarını və bəzi əşyalarını qəsəbədən çıxaracağa hazırlaşır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndi ətrafındakı yüksəklikdə Ermənistan və Azərbaycan Ordusunun mövqeləri üzbəüzdür. Yerasx vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi kənddir.

Kənd Araz çayının yaxınlığında yerləşdiyinə görə tarixən Arazdəyən adlandırılıb. Ermənistan hakimiyyəti Arazdəyənin adını 1968-ci ildə dəyişdirərək Yerasx qoyub.

Tarixi mənbələrə görə, kənddə əvvəllər ancaq azərbaycanlılar yaşayıb, sonra ora az sayda ermənilər də köçüb gəliblər. Daha dəqiqi, ermənilər bura 1897-ci ildə köçürülüb. Sonuncu deportasiya zamanı - 1988-ci ildə azərbaycanlılar kənddən didərgin salınıb. Son məlumatlara görə, hazırda Arazdəyəndə 900 nəfərə yaxın erməni yaşayır.

"24 saat"
https://bit.ly/3zDTKGL
44 günlük müharibə dövründə ölən 86 erməni əsgərinin meyiti hələ də morqdadır
44 günlük müharibə bitsə də, Ermənistan morqlarında həlak olan hərbçilərin qalıqları hələ də "baş ağrısı" olaraq qalmaqdadır. 

Hələ 2021-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibə nəticəsində həlak olan və itkin düşmüş şəxslərlə bağlı danışarkən "Hazırda əlimizdə 100 yaxın şəxsiyyəti müəyyənləşdirilmiş meyit var, onların bir hissəsi qohumları tərəfindən də müəyyənləşdirilib. Lakin qohumlar nədənsə həmin faktı qəbul etməkdən imtina edirlər, bu başa düşüləndir. Bir çox həlak olanların yaxınları hələ də onların sağ olduğuna inanır” demişdi.

Paşinyan həmçinin qeyd edib ki, daxili DNT analizinə etibar etməyən və öz vəsaiti hesabına xaricdə DNT testini təşkil edən ailələr də var.

Məlumatlara görə, bu günə qədər Metsamor və Heratsu morqlarında hələ də 86-ya yaxın əsgərin qalıqları saxlanılır. Qohumlar onların övladları olduqlarını qəbul etmirlər. Yəni müharibədən təxminən iki il keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib, hətta bir çox əsgərin basdırıldığı kütləvi məzarlığın yaradılması işlərid də dayandırılıb.

Həlak olan və hələ də dəfn olunmayan əsgərlərin yaxınların isə hökümətdən övladları ilə bağlı tam sübut olunmuş faktları tələb edir. Demək olar ki, valideynlər ölkədə hər gün hökümət evi və Müdafiə Nazirliyi qarşısında övladlarının taleyi ilə bağlı aksiya keçirir.

"24 saat"
https://bit.ly/39t6XY9
Narkotik qaçaqmalçıları Zəngilanda sərhədçilərə atəş açıb, saxlanılan var
Narkotik qaçaqmalçıları Zəngilanda sərhədçilərə atəş açıb, saxlanılan var.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, iyun ayının 7-də saat 22:15-də DSX-nin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsdə cəhd edib.

Dövlət sərhədinin pozulması ilə bağlı keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılaraq üzərində olan 1 ədəd bağlamada təxmini çəkisi 5 880 qram narkotik vasitə marixuanaya bənzər maddə aşkar olunaraq götürülüb, digər sərhəd pozucusu hava şəraitinin qaranlıq və ərazinin sıx meşəlik, kolluq olmasından istifadə edərək geri İran ərazisinə qaçıb.

İyun ayının 12-də saat 01:50-də Neftçala istiqamətində naməlum hədəf tərəfindən dəniz sərhədlərinin pozulması barədə daxil olan məlumatla əlaqədar DSX-nin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqamətə sərhəd gözətçi gəmiləri göndərilib, texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə iti surətli üzmə vasitəsinin hərəkəti nəzarətə götürülüb və təqib olunaraq saxlanılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Hadisə ilə əlaqədar dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi təşkil olunaraq üzmə vasitəsinin hərəkət etdiyi istiqamətdə sahil ərazilərinə baxış keçirilib.

Nəticədə Cənub regional şöbəsinin “Mayak” sahil nəzarəti bölməsinin xidməti ərazisində Neftçala rayonunun Mayak kəndinin yaxınlığında dəniz sahilində iki ədəd şübhəli kisə aşkarlanıb. Kisələrə baxış zamanı 13 ədəd bağlamada təxmini çəkisi 22 kiloqram 855 qram narkotik vasitəyə (15 180 qram – marixuana, 7 175 qram – tiryək, 500 qram – heroin) bənzər maddələrvə 15 43 ədəd psixotrop tərkibli həbləraşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://bit.ly/3Ok2Ex2