1 Aralık 2021 Çarşamba

Elçin Quliyev: “Qəzada hansısa kənar təsirdən söhbət gedə bilməz”

"Həlak olan hərbi qulluqçulara şəhid statusu veriləcək”


 "Hazırda qara qutunun müvafiq hissələri Baş Prokurorluqdadır. Baş Prokurorluq tərəfindən dərin təhlil işləri aparıldıqdan sonra hadisənin başvermə səbəbi daha da dəqiqləşdiriləcək”.


Bu açıqlamanı Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev noyabrın 30-da təşkil olunan brifinqdə səsləndirib.


Noyabrın 30-da Xızı rayonununda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri qəzaya uğrayıb. Nəticədə 14 hərbçi həlak olub.


Elçin Quliyevin sözlərinə görə, hazırda hadisənin başvermə səbəbi haqqında dəqiq söz demək mümkün deyil: "Ancaq onu deyə bilərik ki, hansısa kənar təsirdən söhbət gedə bilməz”


DSX sədri bildirib ki, helikopterin pilotu – polkovnik Füzuli Cavadov ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlardan biridir: "O, hələ Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Helikopter demək olar ki, yenidir və qısa müddət əvvəl onda təmir işləri aparılıb”.


Elçin Quliyev həlak olan hərbi qulluqçulara şəhid statusunun veriləcəyini söyləyib: "Azərbaycanın qanunvericiliyi bunu nəzərdə tutur”.


"Dəfn mərasimləri sabah (1 dekabr – red.) gün ərzində valideynlərlə məsləhətləşmələr aparıldıqdan sonra həyata keçiriləcək. Bu haqda müvafiq tapşırıqlar verilib. Ancaq ilkin olaraq valideynlərlə məsləhətləşməliyik”,- deyə Elçin Quliyev fikrini tamamlayıb.


Helikopter qəzasında 14 nəfərin həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.




Foto: Azərtac


Bunu isə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə keçirdiyi brifinqdə deyib.


Onun sözlərinə görə, hadisənin pilotun ehtiyatsızlığı, texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar istintaq tərəfindən ətraflı yoxlanılır: "Cinayət işi üzrə Baş Prokurorluğun və DSX rəhbərliyinin, eləcə də Məhkəmə Tibb, Məhkəmə Texniki Yanğını və Məhkəmə ballistik ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. O cümlədən, "qara qutu”nun götürülməsi təmin edilməklə hadisənin tədqiqi aparılır. Eyni zamanda, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX əməkdaşlarından ibarət istintaq qrupu yaradılmaqla zərərçəkmiş Emin Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, müvafiq ekspertizalar aparılıb, zəruri sorğular verilib”.(Meydan TV)

“Meşə torpağı daşınaraq kərpic zavodlarına satılır”

Masallı sakini: "Ağacların kəsilməsinə etiraz etdiyimə görə işdən çıxarıldım”


"Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin  13 saylı dolayında aralarında "Qırmızı kitab”a düşən azat ağacı da olmaqla 400-dən çox iri və xırda diametrli ağacları kəsiblər. İzi itirmək üçün diblərinə işlənmiş mühərrik yağı çəkiblər”.


Bunu Meydan TV-yə Masallı rayon sakini, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq əməkdaşı, 2-ci qrup əlil Kərəm Ağayev bildirib.


Marketinq cookie-lərini qəbul etmək və bu məzmunu aktivləşdirmək üçün klikləyin.


Kərəm Ağayevin sözlərinə görə, iridiametrli ağaclar material kimi kəsilərək sexlərə daşınıb. O, meşələrin məhv edilməsi ilə bağlı şikayətlərindən sonra işdən çıxarıldığını deyib: "Keçmiş iş yoldaşlarımın çoxundan fərqli olaraq, çalışdığım sahə üzrə yeganə ali təhsilli işçiyəm. Meşədə ağacların qırılmasına etiraz etdiyim üçün işdən uzaqlaşdırıldım”.


Şikayətçi deyib ki, 2019-cu ilin martından bu ilin sentyabrınadək həmin müəssisədə çalışıb. 


"Müdiriyyət müxtəlif qanunsuzluqlara yol verirdi. Məsələn, meşə torpaqları satılıb, yerində istirahət mərkəzləri tikilib. Məni məcbur edirdilər ki, həmin yerləri qeyri-meşə fondu kimi, yaxud köhnə tikili  kimi göstərim. Buna görə də dəfələrlə təzyiqlə üzləşmişəm. Narazılıq edəndə deyirdilər ki, işdən çıxarılacaqsan və "qara siyahıya” salınacaqsan”, - şikayətçi deyib.


Onun sözlərinə görə, iyulun sonunda mərkəzin müdiri payıza hazırlıq məqsədilə 1,9 ha əkinin sxem və koordinatlarını 2-3 saat ərzində hazırlayıb, nazirliyə göndərməli olduğunu söyləyib. 


Bu zaman Kərəm Ağayev 1,9 ha ərazini işləmək üçün 2-3 saatın bəs etmədiyini, üstəlik o ərazilərə gedib, yerindəcə bu işin görülməli olduğunu bildirib: "Dedim ki, torpaq qanunla baxış keçirildikdən sonra kadastr olunmalıdır. Müdriyyət isə benzinin bitməsini, vaxtın azlığını bəhanə gətirdi, etiraz etdim və araya narazılıq düşdü", - Ağayev söyləyib.


Narazılıqdan sonra Ağayevin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt” xidmətinə zəng vuraraq şikayət etməsi problemi daha da artırıb. 


Kərəm Ağayev deyib ki, bundan sonra bir həftədə iki töhmət alıb.


"Müdriyyət şikayət etdiyimi öyrəndikdən sonra xəbərim olmadan iclas keçirib. Avqustun 31-də  nizam-intizam qaydalarını pozduğuma görə mənə töhmət yazıldığını öyrəndim. Artıq işdən qovulacağımı hiss edirdim. Buna görə də işdən çıxarılmamışdan qabaq – sentyabrın 4-də onları ifşa etmək üçün Baş Prokuroluğa, bu işlərlə mübarizə aparan "Ecofront” təşkilatına xəbər edib, məsələnin ictimailəşdirilməsini xahiş etdim. Nazirlik etdiyim şikayəti araşdırmadı", - şikayətçi qeyd edib.


Kərəm Ağayev sosial şəbəkələrdə Masallı meşələrində baş verənlərlə bağlı məlumat paylaşandan sonra ikinci töhməti aldığını, daha sonra işdən çıxarıldığını da bildirib. Ona deyiblər ki, idarənin sirrini yaydığı üçün işdən çıxarılır: "Əmək Məcəlləsinin tələblərinə görə, işdən çıxarılanda ailə vəziyyəti, əllilik dərəcəsi nəzərə alınmalıdır. Amma nəzərə almayıblar, öhdəmdə azyaşlı övladım da var”.


"Ecofont” İctimai Birliyi Ağayevin şikayətindən sonra Masallı meşələrinə baxış keçirib. 



Şikayətçi deyir ki, sənəd üzərində 1000 ha dövriyyədə əkin olduğu göstərilib. Bu əkinlərin 800  ha yoxdur, halbuki hər ay bu əkinlərə görə pul silinir: "138 ha əkin sahəsi məhv olub, amma sənəd üzərində ərazini örtülü meşə sahəsinə keçiriblər. 2016-cı ildən bu yana hər ay olmayan əkin sahəsinə pul ayrılıb. Belə faktlar çoxdur. Hər bir iddiamı sənədlərlə təsdiqləyə bilərəm. Meşə torpağı daşınaraq kərpic zavodlarına satılır. "Ecofont” da araşdırmadan sonra deyilən faktları təsdiqlədi. Ağacların kəsilməsi, saxta yolla sənədləşdirməsi faktları da çoxdur və doğru araşdırma aparılsa, illərlə meşə təsərrüfatına vurulan zərər bəlli olar. Nazirlikdən isə deyirlər ki, burdan çörək yeyirsən, amma "Ecofont”a şikayət edirsən”.


Şikayətçi Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinə ünvanladığı müraciətin düzgün araşdırılmadığını deyib. 


Dövlət Əmək Müfəttişliyinin Mətbuat Xidmətindən isə Meydan TV-yə bildiriblər ki, Kərəm Ağayevin şikayəti araşdırılıb və özünə cavab göndərilib: "Şikayətdən narazı olmaq onun haqqıdır və istəyərsə məhkəməyə müraciət edə bilər”.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildiriblər ki, mətbuat katibi İradə İbrahimova hazırda məzuniyyətdədir. Nazirliyin digər şöbələrindən isə suallara cavab vermək istəməyiblər.

Helikopterdə yaralanan polkovnikdən açıqlama: "Sağ qalmağımın səbəbi..." - VİDEO

"30 noyabr 2021-ci ildə bizdə praktiki atışlı təlim-məşq uçuşları olmalı idi. Səngəçal aeroodromundan qalxıb "Qaraheybət” aviasiya poliqonuna getməli idik. İstiqamət üzrə getdik". 


Bunu Real TV-yə açıqlamasında helikopterdə yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib. 


O, sərnişin kabinəsində olduğuna görə tam təfərrüatı ilə deyə bilməyəcəyini söyləyib: "Enişi yerinə yetirmə mərhələsində helikopter qəzası baş verdi. Heç bir nasazlıq hiss olunmadı. Amma helikopterin yerə çırpılma anından sonra ikimizi də helikopterdən bayıra atdı. Qalanını xatırlamıram”. 


Polkovnik 16 nəfərin helikopterdə olması ilə bağlı deyilənlərə də münasibət bildirib: "Heç bir məhdudiyyət aşılmamışdı. Helikopterdə desant daşıma sayı 24 nəfərdir”.  


Hərbçi ayağında əzik olduğunu, sol qolunun bazu sümüyünün üst yuxarı hissəsində sınıq olduğunu deyib: "Səhhətimdə başqa problem yoxdur”.

Helikopter qəzasında həlak olan zabitlər dəfn olundular

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanlar dəfn olunub.


Onların cənazələri II Şəhidlər xiyabanında torpağa tapşırılıb.


Mərasimdə həlak olanların ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.


DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. 


Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.


Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.


Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.


Qəza nəticəsində həlak olanların adları:


1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;


2. polkovnik Nəzirov Emil Nəzir oğlu;


3. mayor Həsənov Elmir Mircəlil oğlu;


4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;


5. mayor Mayılov Emil Şahid oğlu;


6. mayor Məmmədov Murad Yaşar oğlu;


7. mayor Əliyev Emil Elman oğlu;


8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;


9. kapitan Bayramlı Cavid Əhliman oğlu;


10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;


11, kapitan Qaraisayev Teymur Ənvər oğlu;


12. leytenant Süleymanov Abdulla Telman oğlu;


13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;


14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

DİN Fəvvarələr meydanındakı aksiya ilə bağlı məlumat yaydı

"Bu gün – dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib".


Bu məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.


Bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.


Qeyd olunub ki, qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar: "Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".

“AzerGold” QSC-nin sədrinin oğlu Zaur İbrahim barədə şok iddialar

“AzerGold” QSC-nin sədrinin oğlu Zaur İbrahim barədə şok iddialar
"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimovun oğlu Zaur İbrahim haqqında mətbuatda ilginc informasiyalar yayımlanıb. "”Azergold” rəhbərinin oğlunun etdikləri artıq heç bir çərçivəyə sığmır” deyən mənbənnin "DİA"-ya aşağıdakıları yazdığı iddia olubub:

Zaur hazırda atasının rəhbərlik etdiyi "Azergold" QSC-nin tenderlərini qeyri-qanuni yollarla əldə edən “AZCD Group” QSC-yə rəhbərlik edir. Zaur İbrahim Britaniyada ali təhsil aldıqdan (hansı vəsaitlə orada təhsil alması maraqlıdır) sonra 2019-cu ildə Bakıya qayıdır və bibisinin həyat yoldaşının sədri olduğu Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) işə başlayır.

Zakir İbrahimov



Zakir Zaur oğlu İbrahimov — "AzerGold" Qapalı Səhmdar Səhmdar Cəmiyyətinin sədri



 


Zaur İbrahim işçilərini döyür?



Orada qeyri-adekvat hərəkətlər edir, daha sonra isə orada yaşlı bir işçini döyür, məsələnin böyüməməsi üçün təcili şəkildə oradan uzaqlaşdırılır. Bundan sonra atası Zakir İbrahimov bir şirkət (“Buta Construction” QSC) təsis edərək, oğlunu ora faktiki rəhbər (formal direktor Azər adlı şəxs idi) təyin edir, “Azergold” QSC-nin tenderlərini müxtəlif üsullarla həmin şirkətə ötürür və bu mexanizmlə dövlət əmlakını ailəlikcə mənimsəyə başlayırlar.

“AzerGold” QSC-nin sədrinin oğlu



Zaur İbrahim

 

Bu yolla davam bir müddət külli miqdarda pul qazansalar da, Zaurun səriştəsizliyindən götürdükləri işləri sona çatdıra bilmirlər. Buna səbəb isə onun özəl həyatı, özünə hörmətsizlik kimi qəbul etdiyi xırda məsələlərə görə işçiləri müxtəlif təhqirlərlə işdən çıxarmasıdır. Zaur İbrahim işdə hər kəsi təhqir edir, işdən qovmaqla hədələyir: “Bilirsiz mən kiməm? Mən SƏDR-in oğluyam, sizi elə edərəm, heç yerdə parkovşik də işləyə bilmərsiz”. Sizə inandırıcı gəlməyə bilər, mən də öz gözümlə görməsəydim, qulaqlarımla eşitməsəydim mənə də şübhəli gələrdi. Amma siz 1997-ci ildə anadan olmuş bir oğlanın 3 avtomobilinin olmasını (Audi RS7, BMW X6, Land Rover Discovery 90PPX77), avtomobildə silah gəzdirməsini göz önünə alsaz, sizə məntiqli görünər.

“AzerGold” QSC-nin sədrinin oğlu

Nəsə, qayıdaq şirkət məsələsinə. Deməli işi sifariş verən ATA, işi görən OĞUL. Nəticədə iş keyfiyyətsiz və yarımçıq görülür, amma nə təsadüfdürsə sifarişçi “Azərgold” QSC maneəsiz işi təhvil alır.

Bu uğursuz layihə ilə yanaşı yenə Zaurun bibisinin yoldaşı ona birbaşa iş verməsə də, rəhbəri olduğu MİDA-nın tenderinin qalibi olmuş “Çinar İnşaat” MMC-yə təzyiq edərək 2 binanın 2 milyon manatlıq tikintisini “Buta Construction” QSC-yə verir. Təbii ki, bu iş də yarımçıq qalır, binaların tikintisi yarımçıq saxlanılır. Yenə də Zaurun atası və digər yaxın qohumları işə qarışır və “gözün üstündə qaşın var” deyən olmur.

Amma artıq tikinti bazarında qeyri-ciddi şirkət kimi tanındıqları üçün və atasının məsləhəti ilə “Buta Construction” QSC-nin adını dəyişərək “AZCD Group” QSC  edirlər, ofisin ünvanını dəyişirlər, amma əməllərini yox.

“AzerGold” QSC-nin sədrinin oğlu



Zaur İbrahim



Şirkətin adını dəyişdikdən sonra 30.09.2021-ci il tarixdə “AzerGold” QSC tərəfindən satınalma dəyəri 22 307 945,85 manat olan Tülallar-Çovdar avtomobil yolunun inşasını tenderdə bir çox köklü, beynəlxalq və “AZCD Group” QSC-dən dəfələrlə böyük və təcrübəli şirkətlərlər iştirak etsə də, nə hikmətdirsə, yenə hörmətli Zakir İbrahimovun oğlu Zaur İbrahim “AZCD Group” şirkəti ilə qalib gəlir.

Bir il ərzində ümumi dəyəri 30 milyon manatdan çox olan 3 layihəni 1 şirkətə verən “Azergold” QSC və oranın sədri Zakir İbrahimovun oğlu Zaur İbrahimin qalib gələn şirkəti.

“AzerGold” QSC-nin sədrinin oğlu



Zaur İbrahim



Çox maraqlı ailədir, ata “Azergold” QSC-də sədr, özü isə “Azərgold” QSC-nin bütün tenderlərinin qalibi olur”.

"24 saat"
https://www.az24saat.org/azergold-qsc-nin-s%c9%99drinin-oglu-zaur-ibrahim-bar%c9%99d%c9%99-sok-iddialar/

'Əli Həsənovun oğluna 600 min, baldızına 580 min pul verdim'

Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaların tikilməsinə ayrılmış vəsaitdən prezidentin keçmiş köməkçisi Əli Həsənovun qohumlarına təxminən 1.2 milyon manat pul verildiyi iddia olunur. Bu barədə həmin binaları inşa etmiş "Portos" MMC-nin baş mühasibi Kəmaləddin Abdullayev noyabrın 30-da məhkəmədə danışıb. O bildirib ki, Əli Həsənovun oğlu Şamxal Həsənliyə 600 min, baldızı Gülər Vəliyevaya isə 580 min manat pul verib.

Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli və daha 10 nəfərin məhkəməsində şahid kimi dindirilib. 20 milyondan artıq mənimsəmə və israfçılıqda suçlanan Səfərli və digərlərinə verilən ittihamlardan biri də jurnalistlər üçün bina tikintisi zamanı pul yeyintisiylə bağlıdır. İddia olunur ki, ilk iki binanın inşasında 16.9 milyon manat mənimsəmə olub.

"Dörd şirkət vardı"


Abdullayev deyir ki, bina tikintisi üçün vəsait "Portos" MMC-nin hesabına köçürülürdü. Bu şirkət də əksər hallarda alınan inşaat materiallarının ödənişini və digər xərcləri şirkətin hesabından köçürmə yoluyla həll edirdi. Lakin bəzi hallarda nağd pula ehtiyac yaranırdı. Onun sözlərinə görə, məsələn, transformatorları alanda pulu nağd şəkildə ödəməli oldular. Bu cür hallarda ləngimə olmasın deyə, bəzən "Portos"un hesabına köçürülmüş vəsaitlərin bir hissəsi öncədən nağdlaşdırılırdı. Baş mühasib bildirib ki, nağdlaşdırmanı dörd şirkətin əliylə həyata keçirirdilər: "Dörd şirkət vardı. O şirkətlərlə iş görülməmişdi, yalnız onların hesabına pulu köçürüb, sonra nağd şəkildə götürmüşük. Həmin vəsaitdən bir dəfə təsisçinin nümayəndəsi Şamxal Həsənliyə 600 min manat, bir dəfə də Gülər Vəliyevaya 580 min manat vermişəm".

Bu məhkəmə prosesindəki dindirmələrdə üzə çıxmışdı ki, "Portos" MMC-nin təsisçisi Əli Həsənovun baldızı Gülər Vəliyevadır. KİVDF-nin aparıcı məsləhətçisi və Tender Komissiyasının üzvü olmuş Samir Mustafayev bildirib ki, "Portos" MMC Əli Həsənova yaxın şirkət olduğuna görə jurnalist binalarının tikintisi ona həvalə olunmuşdu. Onun sözlərinə görə, ümumiyyətlə, Fondun bütün tenderlərində hansı şirkətin qalib olmasına Əli Həsənov qərar verirdi.

Həsənovların dindirilməsinə ehtiyac görmürlər


Məhkəmədə vəkil Cavanşir Süleymanov vəsatət qaldırıb ki, bu cinayət işində Əli Həsənov, onun oğlu və baldızının adı hallandığına, araşdırılan məsələlərin bir çoxu onlarla bağlı olduğuna görə üçü də məhkəməyə çağırılıb dindirilsin. Təqsirləndirilən 11 nəfərdən bir neçəsi bu məsələ ilə bağlı qəti fikir söyləməyib, qərarı məhkəmənin öhdəsinə buraxıb. Bəziləri isə adları çəkilən şəxslərin məhkəməyə cəlb olunmasında israr ediblər. Prokuror Həsənov və qohumlarının dindirilməsinə ehtiyac görməyib. Elə hakimlər də onları çağırmaqdan imtina edib.

Məhkəmə iclasında jurnalist binalarındakı çatışmazlıqlarla bağlı ekspert rəyi açıqlanıb. Ardınca hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Dekabrın 2-də prokuror Səfərli və digərlərinə cəza istəyəcək.

Xatırlatma


63-yaşlı Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub. Səfərli də daxil olmaqla, məhkəmə önünə çıxarılanların heç biri özünü təqsirli bilmir.

Vüqar Səfərli və ailə üzvlərinin bir sıra daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. "Rabitəbank"da Səfərli ailəsinə məxsus 850 min manatın da üzərində həbs var. Bu vəsaitin 300 mini sabiq Fond rəhbərinin, 550 mini isə oğlu Seymurun hesabındadır.

2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb. Agentlik Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

Səfərli həm də YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini idi. 2021-ci ilin yanvarında həbs olunandan bir ay sonra onu bu vəzifədən də azad ediblər.