29 Kasım 2021 Pazartesi

VHP Saleh Rüstəmli ilə bağlı bəyanat yayıb

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) həbsdə olan Saleh Rüstəmli ilə bağlı bəyanat yayıb. 


Bəyanatda deyilir ki, Qarabağ qazisi, Gədəbəy rayonunun sabiq icra başşısı Saleh Rüstəmli  7 il həbsə məhkum edilib: "20 gündən artıqdır ki, qanunsuz həbs olunmasına etiraz edərək aclıq aksiyası keçirir. Onu hər an itirə bilərik. Bu, şəhidlərimizin ruhuna, qazilərimizə qarşı hörmətsizlik və hamımız üçün, utanc yeri olar".


"Saleh Rüstəmli barədə çıxarılan hökm Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam ilə, bəyan etdiyi yeni hüquq islahatları siyasətinə uyğun olaraq  yüngülləşdirilə və azadlığa buraxıla bilər. Biz inanırıq ki, hakimiyyət həyatı təhlükədə olan tanınmış  Qarabağ qazisinin taleyinə biganə qalmayacaq, onun aclıq aksiyasını dayandırması və həbsdən azad edilməsi üçun təxirə salınmaz tədbirlər görəcək”, - deyə təşkilat bildirib. 

İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev "Təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.


Qaynarinfo xəbər verir ki, sənədə əsasən, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. 


Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.


Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.


Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.


Orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil edilir. 


Ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.

Rasim Quliyev Ramiz Mehdiyevlə Hacıbala Abutalıbovun məhkəməyə çağırılmasını istəyib

Keçmiş aparat rəhbərinin məhkəmə istintaqı yekunlaşdı


Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, hazırda həbsdə olan Rasim Quliyevin işi üzrə məhkəmə araşdırmaları başa çatıb. 


Növbəti məhkəmə iclasında prokuror çıxış edib, ona cəza istəyəcək.


Rasim Quliyevin vəkilləri isə onun məhkəməsində Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev və 18 il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun dindirilməsini istəyib. 


Vəkillər noyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə vəsatət qaldırıblar. 


Vəkillər bildirib ki, Rasim Quliyev "FF-2011” tikinti şirkətinə Bakının Dilarə Əliyeva küçəsində tarixi-memarlıq abidəsi sayılan binanın sökülməsi və yeni binanın tikintisi üçün icazə verməkdə ittiham olunur. 


Şirkətin rəhbəri Tamilla İbrahimova məhkəmədə dindirilərkən deyib ki, o, bütün məsələləri Hacıbala Abutalıbovla həll edib, Rasim Quliyevi tanımayıb. 


Müdafiəçilər hesab edir ki, sabiq icra başçısı hələ istintaq dövründə dindirilməliydi, lakin prokurorluq onun istintaqa cəlb olunmasına ehtiyac görməyib.


Ramiz Mehdiyevin dindirilməsinə gəlincə, Hacıbala Abutalıbov 2018-ci ilin aprelində Baş nazirin müavini təyin ediləndən az əvvəl onun birinci müavini Rauf Pənahov vəfat etmişdi. 
O, Nazirlər Kabinetinə gedəndə müavin səlahiyyətlərinin icrasını Aparat rəhbəri Rasim Quliyevə həvalə edib.


Cinayət işinin materiallarında olan yazışmalardan görünür ki, Hacıbala Abutalıbov ona müavin səlahiyyətlərinin icrasını özbaşına həvalə edib. Bunun üçün Prezident Administrasiyasının razılığı olmalıymış, lakin Hacıbala Abutalıbov belə bir razılıq almayıb. 


Sonradan Ramiz Mehdiyev Hacıbala Abutalıbova məktubunda da bu məsələni xatırladaraq, Rasim Quliyevə əlavə səlahiyyətlər verilməsi üçün Prezident Administrasiyasının razılığı olmadığını vurğulayıb.




Ramiz Mehdiyev və Hacıbala Abutalıbov, Foto: Report.az


Rasim Quliyev özü də vəkillərinin vəsatətlərini müdafiə edərək, həm Ramiz Mehdiyev, həm də Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsini xahiş edib. O, hətta ekspertiza keçirilməsini və müavin statusunda sərəncam imzalamaq səlahiyyətlərinin olub-olmamasının aydınlaşdırılmasını da istəyib.


Lakin hakimlər bu vəsatətlərin heç birini təmin etməyib.


Rasim Quliyevin vəkili onun səhhətində ciddi problemlər olduğunu, bu səbəbdən Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürüldüyünü bildirib. Bu səbəbdən onun ev dustaqlığına buraxılması haqda da vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti də təmin etməyib.


Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bu səbəbdən məhkəmə dekabrın 9-na qədər təxirə salınıb.


Rasim Quliyev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. 


O, 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. 


2010-cu ildə Aparat rəhbəri təyin edilməmişdən əvvəl meriyanın ərazi idarəetmə şöbəsinin müdiri olub.


Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra həyata keçirdiyi əsas kadr dəyişikliklərindən biri Rasim Quliyevlə bağlı olub. 


2018-ci ilin sentyabrında o, Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad edib. Onu yerinə Elgün Həbibullayev təyin edilib. 


Rasim Quliyev isə meriyanın Xarici Əlaqələr Departamentinin sədri olub.


2018-ci ilin noyabrında Eldar Əzizov Bakının icra başçısı təyin ediləndən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ləğv edib. Rasim Quliyev isə sərəncama göndərilib.


Rasim Quliyev "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.


Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. 


O, özünü təqsirli bilmir.

David Tonoyan həbsdə qaldı




O, 4.7 milyon dollara yaxın vəsaitin mənimsənilməsində, dələduzluqda, ictimai təhlükəli hərəkətlərdə ittiham olunur




Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan iki ay da həbsdə qalacaq. Bu haqda “Azatutyun” radiosuna Tonoyanın vəkili Sergey Ovannisyan məlumat verib.


Vəkilin sözlərinə görə, məhkəmə keçmiş nazirin həbs müddətinin uzadılması haqda qərarı ötən şənbə günü – noyabrın 27-də verib.


2018-2020-ci illərdə nazir olmuş Tonoyan sentyabrın 30-da Milli Təhlükəsizlik Xidmətinin (MTX) vəsatəti əsasında həbs olunub. O, 4.7 milyon dollara yaxın vəsaitin mənimsənilməsində, dələduzluqda, ictimai təhlükəli hərəkətlərdə ittiham olunur.


Bu iş üzrə ordunu sursatla təmin etmiş şirkətin direktoru, “Patron Davo” ləqəbiylə tanınmış David Qalstyan da ittiham olunur. Bu günlərdə məhkəmə onun barəsində həbs qətimkan tədbirini iki ay uzadıb.


Tonoyan və Qalstyan özlərini təqsirli bilmirlər.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

857 gündəlik yoluxma aşkarlanıb



Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 1091 nəfərin sağaldığı bildirilir.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan noyabrın 29-da habelə bildirildiyinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 26 nəfər də vəfat edib.


Qurumdan qeyd edildiyinə görə, indiyədək ölkədə ümumilikdə 586 min 640 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 552 min 815-i sağalıb, 7 min 833-ü vəfat edib, aktiv xəstə sayı 25 min 992 -yə düşüb.


Xatırlatma


2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

İranda su etirazlarına görə 200-dən çox saxlanan var




İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRANA) polis atəşindən 30 nəfərin gözündən yaralandığını bildirir




İranın mərkəzindəki İsfahan şəhərində su qıtlığına etiraz edənlərə polisin divantutması nəticəsində azı 214 nəfər həbs olunub, 13-ü azyaşlılardır. Məlumatı ABŞ-da yerləşən xəbər təşkilatı yayıb.


İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRANA) polis atəşindən 30 nəfərin gözündən yaralandığını bildirir.


Tehrandan 400 km cənubda yerləşən İsfahandan keçən Zayandehrud çayının qurumasına səbəb kimi quraqlıq və su mənbələrinin başqa səmtə yönləndirilməsi göstərilir.




Bu ay çayın qurumuş yatağında fermerlər daxil olmaqla minlərlə insan nümayişə çıxıb.


Noyabrın 26-da isə yürüş qarşıdurmaya keçib, təhlükəsizlik əməkdaşları onları daşa tutan nümayişçilərin üstünə qaz buraxıb. Hakimiyyət 67 “qiyamçı”nın həbs olunduğunu bildirib.


ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun “dinc etirazçılara zorakılıqla divan tutulmasından dərin narahatlıq” bildirib.


“İran xalqının öz məyusluğunu ifadə etmək və hökumətdən hesabat tələb etmək haqqı var”, – Prays noyabrın 27-də tvitində yazıb.










İranın Ali dini lideri Ayətulla Əli Xameneyi isə su böhranının hökumət üçün prioritet olduğunu deyib.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

28 Kasım 2021 Pazar

Cəbhəçi narkotik ittihamı ilə saxlanıb



Noyabrın 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Şahin Həsənovu Gəncədə polis saxlayıb.


Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib. Məlumata görə, günorta saatlarında onun evində axtarış aparılıb: "Özünü isə qollarına qandal vurub aparıblar. Bizdə olan məlumata görə, ona narkotik ittihamı ilə cinayət işi açmaq istəyirlər".


AXCP-dən qeyd olunub ki, Ş.Hacıyev siyasi fəaliyyətinə görə həbs olunub: "O, öz siyasi fəaliyyətinə, sosial şəbəkələrdə fəallığına görə artıq iki dəfə inzibati qaydada həbs olunmuşdu".


Daxili İşlər Nazirliyindən də "Turan"a Ş.Hacıyevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli şəxs qismində saxlanmasına dair bəzi media orqanlarında gedən məlumatı təsdiqləyiblər: "Hazırda araşdırma aparılır".


Müxalifətdə olan AXCP-nin hazırda beşə qədər fəalı müxtəlif ittihamlarla uzun müddətli həbsdədir. Habelə, bir sıra cəbhəçilərdən sutkalıq həbs edilənlər də var. AXCP onların şərlənərək, siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Rəsmilər vurğulayırlar ki, elə dəyərləndirilənlər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.



Mənbə: AzadlıqRadiosu
"24 saat"