28 Aralık 2021 Salı

Bank Respublika və Portmanat open banking sahəsində növbəti bir ilkə imza atdılar!

Bakı, 28 dekabr 2021. Ölkəmizin aparıcı rəqəmsal banklarından biri olan Bank Respublika, öz müştərilərinə Open banking layihəsi çərçivəsində Portmanat elektron pulqabı sistemi üzərindən ödəniş əməliyyatları apara bilmək imkanı yaradıb.

Ölkənin 2 məhşur ödəmə portalı ilə start verilən Open banking layihəsi Portmanat ilə yeni bir mərhələyə qədəm qoyub. Belə ki, daha öncə Bank Respublika müştəriləri Hesab.az və Epul onlayn ödəniş platforması üzərindən Open Banking xidməti sayəsində öz şəxsi hesablarını izləmək və hesab tarixçələrini nəzərdən keçirmək imkanı əldə etmişdilər.

Layihənin yeni mərhələsində isə, artıq Bank Respublika müştəriləri Portmanat elektron pulqabı sistemi üzərindən nəinki öz şəxsi hesablarını izləmək, eləcə də ödəniş əməliyyatları apara bilmək imkanı qazanıblar. Bu yenilik ilə Bank Respublika müştəriləri sadəcə banka aid rəqəmsal platformalar vasitəsilə deyil, eləcə də Banka aid olmayan platforma vasitəsilə tam təhlükəsiz olaraq ödəniş əməliyyatları həyata keçirə biləcəklər. Xidmətdən yararlanmaq üçün Portmanat saytı, yaxud mobil tətbiqində Bank Respublika hesabının məlumatlarını əlavə etmək kifayətdir.

“İlk öncə, Open Banking platforması üzərindən müştərilərimizə yeni imkanlar yaradan Portmanat şirkətinin rəhbərliyinə və bütün komandasına təşəkkür etmək istərdim. Qeyd etmək istərdik ki, Portmant bu sahədə əməkdaşlıq etdiyimiz ilk şirkətdir və bir ildən artıq davam edən birgə layihəmizin nəticəsində müştərilərimiz artıq Banka aid olmayan platforma vasitəsilə tam təhlükəsiz ödəniş əməliyyatları həyata keçirə biləcəklər. Əminəm ki, bu layihə fintex şirkətləri ilə əməkdaşlıq imkanlarımızı genişləndirərək ölkədə maliyyə sektorunun rəqəmsal transformasiyası prosesində keyfiyyətcə yeni mərhələ olacaqdır. Bank Respublika olaraq gələcəyin rəqəmsal bankçılığın mühüm bir hissəsi olacaq Open Banking-in ölkəmizdə inkişaf etdirilməsi sahəsində bundan sonra da yeni töhfələr verməyə davam edəcəyik.”. - deyə “Bank Respublika”nın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov qeyd edib.

"Ölkəmizin ən təcrübəli və innovativ banklarından olan Bank Respublika rəhbərliyinə Open Banking sahəsində ilk tərəfdaş kimi Portmanatı seçdiyi üçün təşəkkürümü bildirirəm. Ümid edirik hazırda dünyada banklar arasında ən yeni texnologiyalardan sayılan Open Banking hər iki tərəfə və xüsusilə də müştərilərimizə faydalı olacaq, xidmətlərimizə əlavə dəyər qatmış olacaqdır. Eyni zamanda digər bankları da bu sahədə aktiv olmağa çağırırıq" - deyə Portmanat şirkətinin qurucusu Telman Axundov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsindən və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür. ®

 



Turan
"24 saat"

"Abrau-Dyurso" şirkətlər qrupu Azərbaycan şərabçılıq zavodu alır

Moskva/28.12.21 "Abrau-Dyurso" şirkətlər qrupu Azərbaycanda şərab istehsalı zavodunu alır.

TASS agentliyinin məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.

“Onun törəmə müəssisəsi olan “AzAbrau” MMC-nin təmsil etdiyi “Abrau-Dyurso” şirkətlər qrupu Azərbaycanın Şəki rayonunda illik 2,6 milyon şüşə istehsal gücünə malik “Şəki Şərab” şərab zavodunun satın alınması üzrə özəlləşdirmə tenderinin qalibi olub”, - deyə şirkətin məlumatında bildirilir.

Müsabiqə komitəsi müəssisənin inkişafına 2,3 milyon avrodan çox sərmayə qoyacaq “Abrau-Dyurso”nun investisiya proqramını bəyənib.

"Şəki Şərab" 2008-ci ildə açılıb və müasir Avropa avadanlıqlarına malikdir.

"Abrau-Dyurso" Azərbaycanda elit və desert şərabları istehsal etməyi planlaşdırır.

“İndi Azərbaycanda istehsalı genişləndirmək üçün kifayət qədər xammal var. Ölkə rəhbərliyi yerli şərabın beynəlxalq bazara çıxmasında maraqlıdır və şərabçılara hərtərəfli dəstək göstərir. Azərbaycanda şərabçılığın inkişafı üzrə Dövlət Proqramının icrası 2025-ci ilə qədər yerli şərabın ixracının beş dəfə artırılmasını nəzərdə tutur", - deyə məlumatda bildirilir. 

“Abrau-Dyurso” Şəkidə istehsal olunan şərablarını ilk növbədə Rusiyaya ixrac etməyi planlaşdırır.

* "Abrau Dyurso" şirkəti rusiyalı siyasətçi və sahibkar Bris Titova məxsusdur. 2012-ci ildən Rusiya Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkilidir.

** “Şəki Şərab” MMC-nin nizamnamə kapitalı 4,5 milyon manat təşkil edib.

2021-ci il oktyabrın 29-da dövlət başçısı “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansında olan 7 müəssisənin özəlləşdirilməsi haqqında fərman imzalayıb.

Onların arasında Şəkidəki şərab zavodu da var.

Şəki Şərab Zavodu 2006-cı ildə Çələbixan qəsəbəsində yaradılıb.

Onun istehsal gücü 200 min dekalitr şərabdır. -02D-

 



Turan
"24 saat"

Bir qrup jurnalist növbəti dəfə aksiya keçirərək, "Media haqqında" qanun layihəsinə etiraz edib

Bakı/28.12.21 Dekabrın 28-də otuza yaxın jurnalist yenidən Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirib. Jurnalistlər mətbuatın hüquqlarını və söz azadlığını məhdudlaşdıran "Media haqqında" qanun layihəsindən narazılıqlarını bildiriblər.

Aksiya iştirakçıları parlamentin jurnalistlərin qanun layihəsinə dəyişiklik etmək çağırışlarına və tələblərinə məhəl qoymamasından qəzəblərini ifadə ediblər. 

Jurnalistlər "Mürtəce qanuna yox!", "Azad mətbuat", "Reyetsri də götür, bas bayıra" şüarları səsləndiriblər.

Polis dəstələri jurnalistləri əhatə edib, onları uzaqlaşdırmağa çalışıb, plakatları iştirakçıların əlindən alıb, polis və aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Bundan sonra polis aksiya iştirakçılarını itələməyi dayandırıb.

Jurnalistlər qətnamələrini oxuyublar. Onlar deputatlardan jurnalistlərin fikrini nəzərə almağı və qanun layihəsinə lazımi dəyişiklikləri etməyi tələb ediblər. "Bu qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Fikrimiz nəzərə alınmasa, jurnalistlər bu mürtəce qanuna məhəl qoymayacaqlar", deyə qətnamədə bildirilir.

İki aksiya iştirakçısının qətnaməni parlamentin katibliyinə təqdim etməsinə icazə verilib. Heç bir deputat jurnalistlərin qarşısına çıxmayıb. -16D-

 

[embed]https://www.youtube.com/watch?v=5aUhsMrKq5Q[/embed]


Turan
"24 saat"

Əli Həsənovun böyük aktivi - Beynəlxalq Mətbuat Mərkəzi əlindən getdi

Bakı/28.12.21 Yeni il ərəfəsində dövlət başçısının ideologiya məsələləri üzrə keçmiş köməkçisi Əli Həsənov layiq olduğu növbəti zərbəni alıb.

Ağır Cİnayətlər Məhkəməsi onun böyük aktivini - Mətbuat prospektində yerləşən, dəyəri 36 milyon manat olaraq qiymətləndirilən Beynəlxalq Mətbuat Mərkəzini müsadirə edib.

Bu altımərtəbəli binada BMM-dən başqa, "Kaspi" qəzetinin, Novosti-Azerbaydjan saytının redaksiyaları, "Araz" FM radiosu, "RİA Novosti" Agentliyinin Azərbaycan şöbəsi, Jurnalistlərin Həmkarlar İttifaqı, habelə bir sıra QHT-lər yerləşirdi.

Bütün bu qurumlar Əli Həsənovun nəzarəti altında idi və 2019-cu il noyabrın 29-da o, vəzifədən azad edilənə qədər onun tərəfindən, bilinməyən mənbələrdən maliyyələşdirilirdi.

Xatırladaq ki, dövlət başçısının vəzifədən azad edilən keçmiş köməkçisi bir müddət əvvəl "Xəzər" telekanalını itirmişdi. -02B-

 



Turan
"24 saat"

Bir həftə ərzində RF-dən Azərbaycana quru sərhədi ilə 728 vətəndaş qayıdıb

Bakı/28.12.21 Mövcud COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və soydaşlarımız üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargah müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 2021-ci ilin 20-27 dekabr tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib.

Sərhəd buraxışlarının həyata keçirilməsi üçün dekabrın 20-də Xarici İşlər, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət işçi heyət Rusiya Federasiyasının Dağıstan Respublikasında xidməti ezamiyyətdə olublar. İşçi heyətin üzvləri sərhədi keçmək üçün gözləyən 766 nəfər həmvətənlimizi qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstərib.

Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 766 nəfərdən 728 şəxsin 2021-cil ilin 22-27 dekabr tarixlərində (6 sərhəd buraxılışı) Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının "Yaraq Qazmalar - Samur" dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qrup halında keçidi təmin edilib.

Ümumilikdə, 2021-ci ilin 29 yanvar - 27 dekabr tarixləri arasında qrup halında 35 sərhəd keçidi olmaqla 4217 həmvətənlimizin təxliyəsi təmin edilib. -06B-

 



Turan
"24 saat"

Ata Abdullayev 7 il həbs cəzası alıb

Bakı/28.12.21 Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib. Bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Xatırladaq ki, prokuror Abdullayevin 9 il azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama əsasən, Abdullayev məmurları və sahibkarları sosial şəbəkələrdə onları nüfuzdan salacaq materialların dərcilə hədələyərək pul tələb edib.

Abdullayev müxalifətçi siyasətçilərə və hakimiyyətin digər tənqidçilərinə qarşı təxribatların icraçısı kimi tanınır. O, müntəzəm olaraq müxalifətçiləri təhqir edib, qalmaqallar yaradıb. Belə təxribatlardan birinin nəticəsi olaraq iki il bundan öncə müxalifətyönlü jurnalist Təzəxan Mirələmli islah işlərinə məhkum edilmişdi. –16B-

 



Turan
"24 saat"

Sankt-Peterburqda MDB-nin sammiti keçirilir

Bakı/28.12.21 Dekabrın 28-də Sankt-Peterburqda MDB liderlərinin qeyri-formal görüşü keçirilir.

Görüşdə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak edirlər.

İştirakçılar təhlükəsizlik və hərbi əməkdaşlıq, miqrasiya və iqtisadi tərəfdaşlıq məsələlərini müzakirə edəcəklər. Bundan başqa, analitiklər hesab edirlər ki, NATO-nun genişlənməsi və buna qarşı mübarizə mövzusu da müzakirə olunacaq.

Sammit çərçivəsində Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü də keçiriləcək. -02D-

 



Turan
"24 saat"