29 Ocak 2022 Cumartesi

Rusiya ilə fikir ayrılıqları səbəbindən Avropa İttifaqı Azərbaycandan qaz tədarükünü artırmağı xahiş edəcək

Bakı/29.01.22 Transadriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz tədarükünün artırılması mümkünlüyünün müzakirəsi məqsədilə Avropa İttifaqı gələn həftə Azərbaycanla danışıqlar aparacaq. Bu barədə Financial Times məlumat verir. 

Nəşrin məlumatına görə, energetika məsələləri üzrə Avropa komissarı Kadri Simson Bakıya səfər etmək niyyətindədir. Burada o, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcək.

"Danışıqların Avropaya qaz tədarükünün şaxələndirilməsi məsələsində Azərbaycanın roluna həsr ediləcəyini gözləyirik", deyə nəşrin mənbəyi bildirib.

Hazırda Azərbaycan təxminən 16 milyard kubmetr qaz ixrac edir, bunun 10 milyard kubmetri Türkiyəyə, qalan hissəsi isə İtaliya, Bolqarıstan və Yunanıstana gedir.

Azərbaycan qazının Avropaya tədarükünün artırılması mümkünlüyü ilə bağlı müzakirələr Ukrayna ətrafında böhranla əlaqədar Aİ-Rusiya münasibətlərində gərginlik səbəbindən fəallaşıb.

Bir müddət əvvəl AFR XİN başçısı Annalena Berbok bildirib ki, Rusiya Ukraynanı "işğal etsə" Almaniya hakimiyyəti "Şimal axını - 2" qaz kəmərinə sanksiyalar tətbiq etməyə hazırdır. -02Â-

 



Turan
"24 saat"

BMT Qaçqınlar üzrə Ali Komissarlığı qaçqınların qayıtması məsələsində Azərbaycanı dəstəkləməyə hazırdır - V.Andreyeva

Bakı/29.01.22 28 yanvar 2022-ci il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edib.

XİN-in mətbuat xidmətinin məlumatına görə, görüşdə Andreyeva 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması məsələsində BMTQAK-ın Azərbaycan hökumətinə dəstək göstərməyə hazır olduğunu vurğulayıb. 

Bayramov öz növbəsində ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumuna sədrliyi dövründə Azərbaycanın bir sıra qlobal çağırışlara diqqət ayıracağını bildirib. Nazir həmçinin BMT-nin digər agentlikləri ilə faydalı əməkdaşlığın mövcud olduğunu ifadə edib.

Azərbaycanın ətraf mühit məsələlərinə böyük önəm verdiyini deyən nazir, azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini xatırladıb və burada bütün layihələrin ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə icra olunduğunu diqqətə çatdırıb. 

Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsininn 30 illiyi ilə əlaqədar Azərbaycan hökuməti tərəfindən də bir sıra tədbirlərin keçirilməsinin planlaşdırıldığı qeyd edilib.

Görüşdə həmçinin miqrasiya, Dayanıqlı İnkişaf Məqsədləri və digər sahələrdə praktiki əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb. -06B-

 



Turan
"24 saat"

Bazar günü üçün hava proqnozu

Bakı/29.01.22 Bazar günü Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir, cənub-qərb küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 8-11 dərəcə isti olacaq, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.

Azərbaycanın rayonlarında da havanın yağmursuz olacağı gözlənilir, ayrı-ayrı yerlərdə duman ola bilər, bəzi yerlərdə qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15 dərəcəyədək şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. -06D-

 



Turan
"24 saat"

"Tərtər işi"ndə cinayətləri ilk ifşa edən fəallardan biri həbs edilib

Bakı/29.01.22 "Tərtər işi"nin fiqurantlarına qarşı işgəncə faktlarını fəal şəkildə ictimailəşdirən hüquqşünas İlham Aslanoğlu (Təhməzov) böhtan ittihamı ilə 5 ay müddətinə həbs edilib. Bu barədə Turan-a politoloq Ərəstun Oruclu bildirib.

Onun sözlərinə görə, yanvarın 28-də Yevlax rayon məhkəməsi Aslanoğlunu 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) maddə ilə təqsirli bilib və beş ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Fəal məhkəmə zalında həbs edilib.

İş üzrə iddiaçı 44 günlük müharibədə həlak olmuş Vasif Quliyevin atası Tahir Quliyevdir.

Onun iddiasına Aslanoğlunun sosial şəbəkələrdə 2017-ci ildə Tərtər işi üzrə istintaq zamanı işgəncə ilə öldürülən baş leytenant Adil Sabirlinin ölümündə V.Quliyevin əli olması barədə bəyanatı səbəb olub. Aslanoğlu A.Sabirlinin atasına istinadla belə bir bəyanat verib.

Politoloq Orucoğlu qeyd edib ki, Aslanoğlunun həbsi "Tərtər işi" üzrə yeni cinayət icraatı təyin edilməsinin tamamilə əks nəticələr verdiyini göstərib.

"Cinayət icraatının bərpa olunmasından ay yarım keçib. Amma indiyədək heç kim həbs edilməyib, baxmayaraq ki, təqsirkarlar məlumdur. Əksinə, bu cinayətləri ilk olaraq ifşa edən insanı həbs ediblər", deyə Oruclu Turan-a bildirib.

O hesab edir ki, maraqlı qüvvələr bu işi ört-basdır etməyə çalışırlar və ölkə rəhbərliyi müdaxilə etməsə və ədalətin bərpa edilməsini təmin etməsə, cəmiyyətin dövlətə qarşı etimadı tamamilə sarsılacaq.

"Çünki "Tərtər işi" sadəcə olaraq cinayət deyil, xalqın mövcudluğuna qəsddir", deyə Oruclu bildirib.

* 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluğa görə bir qrup hərbi qulluqçunun və mülki şəxsin saxlanıldığını bildirib.

Prokurorluq CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. Amma tezliklə məlum olub ki, təhqiqat zamanı ən az 11 nəfər işgəncələr nəticəsində öldürülüb. Sonradan öldürülənlərdən dördünə bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər isə müxtəlif müddətli həbs cəzalarına məhkum edilib.

Dekabrın 18-də Baş Prokurorluq "Tərtər işi" üzrə cinayət icraatının bərpa edildiyini bəyan edib. -06Â-

 



Turan
"24 saat"

NRGI hesabatı növbəti “Doing business” böhranı yarada bilər

Bu günlərdə mən Azərbaycan üçün 2021-ci il Təbii Ehtiyatların İdarə Edilməsi İnstitutu (NRGI) tərəfindən hazırlanmış resursların idarə olunması indeksi ilə tanış oldum.

 Orada göstərilir ki, Azərbaycanın neft və qaz sektoru 2021-ci il Təbii Resursların İdarəedilməsi İndeksində (RGİ) 100 baldan 56 bal toplayaraq, 2017-ci ilin Təbii Resursların İdarəedilməsi İndeksi ilə müqayisədə doqquz pillə yüksəlib. Ölkənin bu sektordan yaranan dəyərin reallaşması qabiliyyəti və ümumi “əlverişli mühit” göstəricisi son qiymətləndirmədən sonra pisləşsə də, gəlir idarəçiliyi üzrə göstərici 35 pillə irəliləyib və hazırda “yaxşı” icra qrupuna daxil olub. Bu artım və bu göstərici nə dərəcədə realdır?

Əvvala onu deyim ki, burada dəyərləndirmənin nəticələrinə görə yerlər 5 cür qruplaşdırılıb: “uğursuz”, “qeyri-qənaətbəxş”, “zəif”, “qənaətbəxş”, “yaxşı”. Təbii Resursların İdarəedilməsi İndeksinə  qiymət vermək üçün  3 ümumi göstərici üzrə dəyərləndirmə aparılıb:

1)    Dəyərin reallaşması (49 bal - 39 bal);

2)    Gəlirlərin idarəolunması (43 bal - 78 bal);

3)    Əlverişli mühit (49 bal - 50 bal).  

Sənədə görə, 1-ci göstərici (dəyərin reallaşması) üzrə vəziyyət 2021-ci ildə pisləşib və indeks göstəricisi 2017-ci illə müqayisədə 10 bal azalaraq 49-dan 39-a düşüb. 10 ballıq azalma Azərbaycanın yerini “zəif” qrupundan  “qeyri-qənaətbəxş” qrupa endirib. “Dəyərin reallaşması” göstəricisinin  pisləşməsi üzrə burada gətirilən arqumentlər güclüdür.

 Lakin sənədə görə, 2-ci göstərici (gəlirlərin idarəedilməsi) üzrə vəziyyət yaxşılaşıb. İndeks 43-dən 78-ə yüksəlib və ya yüksəldilib. Bal artımı 35-dir. Bu göstəriciyə görə Azərbaycanın yeri “qeyri-qənaətbəxş”dən “yaxşı”ya dəyişib.

Qeyd edilən 3-cü göstərici (əlverişli mühit) üzrə Azərbaycana verilən bal 49-dan 50-yə qaldırılıb. 1 bal artımı olsa da, bu göstəriciyə görə Azərbaycanın yeri yenə də “zəif “ qrupunda  qərarlaşıb. Bu üç göstərici üzrə nəticələrin bu cür dəyişməsinə görə Təbii Resursların Qiymətləndirilməsi İndeksi 9 bal artaraq 47-dən 56-ya qalxıb:

Buradan göründüyü kimi, RGI üzrə vəziyyətin nisbətən yaxşılaşmasına əsas görüntü verən 2-ci göstəricinin dəyişməsidir. Doğrusu, bu göstəricinin 78 balla qiymətləndirilməsi və 35 bal irəliləyişə nail olunması xeyli şübhəlidir. Qiymətləndiricilər ona istinad ediblər ki,  bu göstərici  üzrə yaxşılaşma  bir sıra fiskal qaydaların qəbul edilməsi və ARDNF-nun hüquqi çərçivələrinin təkmilləşdirilməsi ilə əlaqədardır. Təkmilləşməni də onunla  izah ediblər ki, Azərbaycan hökuməti 2019-2020-ci illər üçün büdcə və hökumət xərclərini açıqlayıb, Maliyyə Nazirliyi həm neft-qaz sektorundan əldə edilən gəlirləri açıqlamağa başlayıb, həm də neft gəlirlər üzrə proqnozları dərc eləyir, ARDNF-nun  illik hesabatları işıq üzü görür, maliyyə hesabatlarının xarici maliyyə auditi aparılır və sairə.

Məsələ bundadır ki, hesabatda müsbət addım kimi qeyd edilən bu istinadlar  2019-cu ildən, hətta 2017-ci ildən əvvəlki dövrlərdə də mövcud olub.  Neft-qaz gəlirləri, dövlət büdcəsində bu gəlirlərin payı haqqında məlumatlar 2017-ci ildən əvvəlki dövrlərdə də  ictimailəşdirilirdi. Dövlət Neft Fondu, demək olar ki, fəaliyyətə başladığı gündən illik hesabatlar hazırlayır, öz internet səhifəsində maliyyə auditinin nəticələri haqqında hesabatlar yerləşdirir. Məsələn aşağıdakı məlumat mənbələrinə baxmaq olar:

https://oilfund.az/report-and-statistics/get-download-file/8_2014.pdf;

https://oilfund.az/report-and-statistics/report-archive).

Aydın olur ki, sənədi hazırlayanlar, belə demək mümkünsə, 2017-ci ilə qədər mövcud olanları  2017-2021-ci illərin “yeniliyi” kimi təqdim ediblər. Necə deyərlə,  Təbii Resursların İdarəedilməsi İnstitutunun “mütəxəssisləri” yeni dövrdə köhnə məlumatları yeni aranjemanda təqdim etməklə “Gəlirlərin idarə olunması” indeksini  “yaxşılaşdıra biliblər”.  Bu səbəbdən  “35 bal” artımına  dair qiymətləndirmənin nəticəsini əsaslı hesab etmək olmaz. Əgər bu göstərici üzrə qiymətləndirmənin nəticəsi şübhə altına alına bilirsə, RGİ üzrə açıqlanan yekun göstərici ciddiyə alına bilməz.

3-cü göstəricinin – “əlverişli mühit” göstəricisinin 50 balla qiymətləndirilməsi də, fikrimcə gerçək vəziyyətə adekvat deyil. Bu göstəricinin yaxşılaşması hansısa bir şəkildə, məsələn,  investisiyaların dinamikasına azacıq olsa da,  müsbət təsir etməliydi. Lakin rəsmi statistika göstərir ki, 2017-2021-ci illərdə Azərbaycana investisiyaların dinamikasında yaxşıya doğru irəliləyiş olmayıb. Nəinki olmayıb, hətta  bu dövrdə xarici investisiyalar 49%, daxili investisiyalar isə 72% azalıb. “Əlverişli mühit” indeksi necə yaxşılaşıb ki, yüngülvari şəkildə olsa da, investisiyalara artırıcı təsir göstərə bilməyib? Fikrimcə, çox ciddi əks göstərişdir. Bundan əlavə 3-cü bölmədə   ciddi məsələ ölkədəki idarəetmənin ümumi keyfiyyəti ilə bağlıdır, yəni korrupsiya azalıbmı, ona qarşı effektli mübarizə aparılırmı,  müstəqil məhkəmə varmı,  mətbuat azaddırmı, QHT sektoru, vətəndaş cəmiyyəti hansı vəziyyətdədir, açıq hökumət, hesabatlılıq mövcuddurmu? Ölkədə bütün bu istiqamətlərin hamısı üzrə vəziyyət bərbaddır və bunu beynəlxalq hesabatlar da təsdiq edir. Hesabatda bunların üzərindən sükutla keçilir.

 Çıxardığımız ümumi nəticə budur ki, qiymətləndirmə 1-ci göstərici üzrə əsaslı, 2-ci və 3-cü göstəricilər üzrə  əsassızdır. Odur ki, Təbii Resursların İdarəedilməsi İndeksinin 9 bal artması üzrə hesabat obyektiv görünmür və belə yanaşma növbəti “Doing business” böhranı yarada bilər. 

Camil Həsənli, tarix elmləri doktoru



Turan
"24 saat"

Üç hərbçi tapılıb.Birinin axtarışı isə davam edir

Bakı/29.01.22Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbilə Azərbaycanın dörd hərbi qulluqçusu - baş leytenant Fuad Bağırov, kiçik çavuş Cavad Hüseynov, əsgər Maşalla Hüseynov və əsgər Yasin Kərimov ərazidə istiqaməti itirərək azıblar. Müdafiə Nazirliyinin bu hadisə ilə bağlı yaydığı məlumatda belə deyilir.

Məlumata görə hərbi qulluqçuların tapılması məqsədilə tədbirlərə başlanılıb.

“Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir”, deyə məlumatda vurğulanır.-05D-

 



Turan
"24 saat"

Polad Aslanov tibbi yardımın olmamasından şikayətlənib

Jurnalist Polad Aslanovun həbsxanada 20 gün davam etdirdiyi aclıq onun orqanizmində mənfi nəticələrə səbəb olub. 


Xüsusən, onun ayaqlarında, əllərində və üzündə şiş var.


Bu barədə Turan-a jurnalistin həyat yoldaşı bildirib.


Onun sözlərinə görə, aclığı dayandırdıqdan sonra onu həkim müayinə etməyib. 


O, bu barədə aclığı dayandırdıqdan sonra ona baş çəkən Ombudsman aparatının nümayəndələrinə də məlumat verib.


"Polad tibbi yardım istəyib, amma ona heç bir yardım göstərilmir. Ona deyirlər ki, "bu gün həkim yoxdur, sabah baxarlar" və hər gün belə davam edir", - deyə Aslanova bildirib.


Onun sözlərinə görə, hazırda jurnalist Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılır.


Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.


***


Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu ildə İranın xeyrinə dövlətə xəyanətdə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib. 


"Sərhədsiz reportyorlar" və digər hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Polad Aslanovu azad etməyə çağırıblar. 


Yanvarın 6-da o, işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələbilə aclıq elan edib.


Aclığın 9-cu günündə Ali Məhkəmə Polad Aslanovun kassasiya şikayətinə baxılmasını fevralın 3-nə təyin edib. 


Aclığın 20-cü günündə, yanvarın 25-də jurnalist həkimlərin təkidilə aclığı dayandırıb.