29 Ocak 2022 Cumartesi

"Tərtər işi"ndə cinayətləri ilk ifşa edən fəallardan biri həbs edilib

Bakı/29.01.22 "Tərtər işi"nin fiqurantlarına qarşı işgəncə faktlarını fəal şəkildə ictimailəşdirən hüquqşünas İlham Aslanoğlu (Təhməzov) böhtan ittihamı ilə 5 ay müddətinə həbs edilib. Bu barədə Turan-a politoloq Ərəstun Oruclu bildirib.

Onun sözlərinə görə, yanvarın 28-də Yevlax rayon məhkəməsi Aslanoğlunu 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) maddə ilə təqsirli bilib və beş ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Fəal məhkəmə zalında həbs edilib.

İş üzrə iddiaçı 44 günlük müharibədə həlak olmuş Vasif Quliyevin atası Tahir Quliyevdir.

Onun iddiasına Aslanoğlunun sosial şəbəkələrdə 2017-ci ildə Tərtər işi üzrə istintaq zamanı işgəncə ilə öldürülən baş leytenant Adil Sabirlinin ölümündə V.Quliyevin əli olması barədə bəyanatı səbəb olub. Aslanoğlu A.Sabirlinin atasına istinadla belə bir bəyanat verib.

Politoloq Orucoğlu qeyd edib ki, Aslanoğlunun həbsi "Tərtər işi" üzrə yeni cinayət icraatı təyin edilməsinin tamamilə əks nəticələr verdiyini göstərib.

"Cinayət icraatının bərpa olunmasından ay yarım keçib. Amma indiyədək heç kim həbs edilməyib, baxmayaraq ki, təqsirkarlar məlumdur. Əksinə, bu cinayətləri ilk olaraq ifşa edən insanı həbs ediblər", deyə Oruclu Turan-a bildirib.

O hesab edir ki, maraqlı qüvvələr bu işi ört-basdır etməyə çalışırlar və ölkə rəhbərliyi müdaxilə etməsə və ədalətin bərpa edilməsini təmin etməsə, cəmiyyətin dövlətə qarşı etimadı tamamilə sarsılacaq.

"Çünki "Tərtər işi" sadəcə olaraq cinayət deyil, xalqın mövcudluğuna qəsddir", deyə Oruclu bildirib.

* 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluğa görə bir qrup hərbi qulluqçunun və mülki şəxsin saxlanıldığını bildirib.

Prokurorluq CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. Amma tezliklə məlum olub ki, təhqiqat zamanı ən az 11 nəfər işgəncələr nəticəsində öldürülüb. Sonradan öldürülənlərdən dördünə bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər isə müxtəlif müddətli həbs cəzalarına məhkum edilib.

Dekabrın 18-də Baş Prokurorluq "Tərtər işi" üzrə cinayət icraatının bərpa edildiyini bəyan edib. -06Â-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder