5 Ağustos 2022 Cuma

Rafiq Tağı doğum günüdə ziyarət olunacaq
Bu gün qətlə yetirilmiş yazar Rafiq Tağı yad ediləcək. Hər doğum günündə olduğu kimi bu gün də yazıçının ailə üzvləri, dostları və yaxınları onun «Qurd Qapısı»ndakı məzarını ziyarət edəcək.

Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981-1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983-1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.

Rafiq Tağı 19 noyabr 2011-ci il tarixində axşam saatlarında işdən evə dönərkən evinin yaxınlığında hücüma məruz qalaraq sui-qəsdə uğrayıb. Qatil ona kürəyindən çoxsaylı bıçaq zərbələri endirib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan R.Tağı vəziyyəti yaxşılaşdıqdan bir neçə gün sonra – 23 noyabr 2011-ci il tarixdə dünyada jurnalistlərin cəzalandırılmamasına qarşı beynəlxalq mübarizə günündə qəfildən və müəmmalı şəkildə dünyasını dəyişib.

Qətl hadisəsinin üstündən 11 il keçməsinə baxmayaraq, bu günə qədər nəinki bu qətli törətmiş qatil və ya qatillər tapılmayıb, ümumiyyətlə, bu qanlı cinayət işinə xitam verilib.

Qeyd edək ki, 2006-cı ildə “Sənət qəzeti”ndə dərc edilmiş “Avropa və biz” məqaləsinə görə yazar Rafiq Tağı və qəzetin Baş redaktoru Samir Sədaqətoğlu (Hüseynov) həbs edilib.

Yazıçı-publisist R. Tağının sözügedən məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi fikirlər yer alıb. Həmin məqalənin dərcindən sonra R. Tağı və S. Sədaqətoğlunun Məhəmməd peyğəmbəri təhqir etmələri iddia olunub. “Avropa və biz” yazısında isə islam və xristianlıq mənəviyyat və humanizm nöqteyi-nəzərdən və bəşəriyyətin inkişafı konteksindən müqayisə olunur. Məqalə dərc edildikdən sonra R. Tağıya və qəzetin Baş redaktoru S. Sədaqətoğluna qarşı dindarlar tərəfindən böyük və ardı-arası kəsilməyən təzyiqlər başlayıb, yerli dindarlar (Nardaran icması) və İranın bir neçə ali dini ruhanisi – Ayətullahlar Məhəmməd Fazil Lənkərani, Mürtəza Bəni Fəzl və Möhsün Müctəhid Şəbistəri tərəfindən Rafiq Tağı və Samir Sədaqətoğlunun qətlə yetirilməsi ilə bağlı ölüm hökmü fətvası verilib.

Hər iki yazar 2006-cı ilin noyabrında həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 283-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsinin tələblərini pozmaqda təqsirli biliniblər. Məhkəmə R. Tağını 3 il, S. Sədaqətoğlunu isə 4 il müddətinə azadlıqdan məhrum edib.

5 dekabr 2019-cu il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mərhum yazıçı-publisist Rafiq Tağı və onun həmkarı – “Sənət qəzeti”nin təsisçisi və Baş redaktoru Samir Sədaqətoğlunun (Hüseynov) şikayəti – “Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələdə İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu bildirib. AİHM-ə şikayətdə deyilirdi ki, dövlət hər iki məhkumun etiqad və ifadə azadlığına müdaxilə edib.
https://bit.ly/3daAN55

Hiç yorum yok:

Yorum Gönder