29 Ekim 2021 Cuma

Erməni ekspert: Azərbaycana Ermənistandan daha çox Rusiya əngəldir


Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, dövlət sərhədlərinin müəyyənləşdirilməsində sovet xəritələrindən istifadə oluna bilər. O bu haqda dünən oktyabrın 27-də Ermənistan parlamentində deyib.


Onun bu fikrini Ermənistan ictimaiyyəti, özəlliklə də, müxalifət etirazla qarşılayıb. Bir çoxları düşünür ki, Ermənistan sovet xəritələri ilə razılaşması, Dağlıq Qarabağdan əl çəkmək deməkdir.


Məsələ ilə bağlı Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan oktyabrın 28-də deyib ki, sərhədlərin demarkasiyası zamanı hansı xəritələrin əsas götürləcəyi hələ məlum deyil.


Amma o bildirib ki, əsas baza sənədi kimi 1920-ci ildə hazırlanmış xəritə götürülə bilər. Çünki sonrakı illərdə xəritələr 1920-ci ildəki xəritə əsasında hazırlanıb.


Armen Qriqoryan deyib ki, Ermənistan sərhədlərin delimatisiya və demarkasiya prosesinə başlanmasına hazırdır, qarşı tərəfdən müsbət siqnal gözləyir.


Azərbaycan hökuməti də sərhədlərin müəyyənləşdirilməsində sovet xəritələrinin əsas götürülməsini istəyir. Amma rəsmi olaraq, neçənci ildə hazırlanmış xəritənin əsas götürülməsi haqda hər hansı məlumat verilməyib.


Azərbaycan prezidentinin yaratdığı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyir ki, Azərbaycanın Ermənistandan tələbi onun ərazi bütövlüyünü tanımaq və sovet xəritələri əsasında dövlət sərhədlərinin ayrılması olub:


“1991-ci il ilin sonlarında, Müstəqil Dövlətlər Birliyi yarananda, bütün ölkələr bir-birinin ərazi bötövlüyünü, o cümlədən də sovet sosialist respublikalarının sərhədlərini tanımışdı. O ki, qaldı xəritələrə. Bəli, söhbət sovet xəritələrindən gedir. Təbii ki, biz həmişə demişik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və bunun da əsasında delmitasiya və demarkasiya prosesinə başlamalıyıq”.











“Ən böyük maneə Rusiyanın özüdür”


Ermənistan prezidenti Armen Sarkisyan da Rusiyanın RBK kanalına müsahibəsində sovet xəritələri əsasında sərhədlərin delmitasiya olunmalı olduğunu deyib.


O bildirib ki, 2020-ci ildə hərbi əməliyyatlar dayandırılandan sonra da Rusiya prezidenti Vladimir Putinə məktubunda problemin həllinin məhz sovet xəritələri ilə mümkün olduğunu yazıb.


Rusiya Prezidenti Vladimir Putin də bu günlərdə Valday klubunda keçirilən müzakirədə bildirmişdi ki, ölkəsi Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsində vacib rol oynaya bilər.


Beləki, lazımi xəritələr Rusiya ordusunun baş qərargahındadır, sovet dövründə sovet respublikalarının sərhədlərinin necə olduğunu həmin xəritələr göstərilir. Amma hələlik bu xəritələr ictimaiyyətə təqdim edilməyib.


Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giraqosiyan isə sərhədlərlərin müəyyənləşməsində ən böyük maneə kimi elə Rusiyanın özünü görür:


“Ermənistan və eləcə də Rusiya, Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanımasından yayınmaq üçün əllərindən gələni edəcəklər. Başqa sözlə, sərhədlərin qismən demarkasiyası, böyük ehtimalla Dağlıq Qarabağın statusunun təyin edilməsi ilə əlaqələndiriləcək. Bu, özəlliklə, Minsk qrupunun prosesə yenidən qayıtması üçün önəmlidir. İkinci məsələ də var. Burada əsas əngəl Ermənistan deyil, Rusiyadır. Sərhəddə gərginliyin davam etməsində Rusiyanın rolu var. İndi də bu problemlərin həlli ilə bağlı təkliflər və ya hər iki tərəfin qəbul edəcəyi xəritələr təqdim edilməyib. Mən düşünürəm ki, bu məsələdə Azərbaycan üçün Ermənistandan daha çox Rusiya əsas əngəldir”.





Pol Qobl: ABŞ öz texniki dəstəyini göstərə bilər


ABŞ Dövlət Departamentində baş məsləhətçi işləmiş, siyasi şərhçi Pol Qobl düşünür ki, sərhədlərin müəyyənləşdirilməsi prosesinə təkcə Rusiya vasitəçilik eləsə, bu problem bitib-tükənməyən sərhəd mübahisəsinə çevrilə bilər.


O, hesab edir ki, Azərbaycan və Ermənistan sərhədlərin müəyyənləşdirilməsini qısa müddətdə həll etmək istəyirlərsə, mütləq beynəlxalq ekspertlərin dəstəyindən yararlanmalıdırlar.


Pol Qobl deyir ki, tərəflər müraciət eləsə bu məsələdə ABŞ da öz texniki dəstəyini və danışıqların aparılması üçün köməyini göstərə bilər. Bu həm də tərəfləri gələcək təxribatlardan qoruya bilər.


2020-ci ilin noyabrında Qarabağda atəşkəsə qədər Azərbayan və Ermənistanın sərhədlərinin böyük bir hissəsi erməni qüvvələrinin nəzarətində olub. Keçən il Azərbaycan ordusu erməni qüvvələrini bu ərazidən çıxarandan sonra dövlət sərhədlərinin hardan keçməsi daimi mübahisə mövzusuna çevrilib. Tərəflər sərhədlərin müəyyənləşdirilməsi zamanı hansı xəritələrin əsas götürülməsi ilə bağlı ortaq fikrə gələ bilmirlər.


İndi Ermənistan rəsmiləri sovetlər dönəmində, 1920-ci ildə hazırlanmış xəritələrin əsas götürülməsi ilə bağlı fikir səsləndiriblər. Azərbaycan da sovet xəritələrinin əsas götürülməsini bildirsə də, konkret olaraq, hansı ildə hazırlanmış xəritələrin əsas götürülməsi haqda hər hansı rəsmi açıqlaması olmayıb.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Məktəblilər arasında dava iğtişaşa çevrilib


Qazaxıstan polisi Çinlə həmsərhəd və etnik baxımdan qarışıq kəndin məktəb həyətində baş vermiş toqquşma ilə bağlı iki cinayət işi açıb.


Məktəblilər arasında başlamış dava-dalaş böyüyərək millətlərarası iğtişaşa çevrilib.


Polis bildirir ki, dava oktyabrın 27-də Çinlə sərhədin 25 kilometrliyindəki Penjim orta məktəbinin şagirdləri arasında düşüb.


16 yaşlı məktəblinin xəstəxanaya aparıldığı xəbər verilir.


Penjim kəndinin yerləşdiyi Panfilov rayonunun 130 minlik əhalisinin əksəriyyətini etnik qazaxlar, 30 faizini isə uyğurlar təşkil edir.


Penjimdə baş vermiş dava-dalaşa aid olduğu iddia edilən və WhatsApp-da yayılmış videoda uşaqlardan birinin yerə yııxıldığı və daha qalxmadığı görünür.


Həkimlər və rəsmilər yeniyetmənin sağlıq durumu haqqında ziddiyyətli məlumatlar verirlər.


Həkimlər qazax millətindən olan yeniyetmənin kəllə zədəsi aldığını və ağır vəziyyyətdə olduğunu deyirlər.


Lakin Panfilov rayonunun icra başçısı Talqat Umiraliyev AzadlıqRadiosuna deyib ki, uşağın vəziyyəti sabitdir:


"Mən ona bugün baş çəkmmişəm. Biz baş həkimlə görüşmüşük. Uşağın əl-ayağı salamatdır, nitqi səlisdir, gecə əməliyyat ediblər. Başından zədə alıb. Əməliyyat edib hematomanı çıxarıblar. Uşağın özü ilə danışanda dedi ki, yaxşıdır”.





Polis nə deyir?


Rəsmilər kənddə vəziyyətin nəzarət altında olduğunu, məktəb həyətində baş vermiş dava və kənddəki sonrakı iğtişaş barəsində iki cinayət işinin açıldığını bildiriblər.


Məktəb həyətində başlanmış davanın səbəbi bilinmir. Lakin polis bildirir ki, sonradan yetkin yaşlı 30-a yaxın şəxs dava edən uşaqlardan birinin evinin yaxınlığında toplaşıb.


Polis böyüklər də daxil, hadisədə iştirakda şübhəli bilinənlərin dindirilməsi ilə məşğuldur.


Polis bunu da bildirib ki, bir neçə evlərin və avtomobillərin pəncərələri sındırılıb.











Hakimiyyət orqanları iğtişaş zamanı evlərə od vurulmasına dair sosial mediada yayılmış xəbərləri təkzib edib.


Regional polisin bu barədə yaydığı məlumatda deyilir ki, bir evdə yanğın sobanın nasazlığına görə baş verib.


Polis yalan məlumat yayanların məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edib.


Hadisənin ardınca, oktyabrın 28-də hakimiyyət orqanları sakinləri yerli Mədəniyyət Evinə toplayaraq izahat işi aparıb.


AzadlıqRadiosunun canlı yayım apardığı həmin görüşdə bəziləri Penjimdə bu kimi hadisənin ilk dəfə deyil baş verdiyini bildiriblər.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Türkiyə və Çin BMT iclasında qarşılıqlı ittihamlarla çıxış ediblər


Türkiyə beynəlxalq insan haqları qanunlarını pozanların mühazirələrini dinləmək fikrində deyil.


Türkiyənin ingilisdilli Daily Sabah saytının xəbərinə görə bu bəyanatı öktyabrın 28-də ölkənin BMT-dəki səfiri, Ankaranın Suriyada insan haqlarını pozmasına dair Çinin iddialarını rədd edərkən verib.


Xəbərdə deyilir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Geng Şuanq Təhlükəsizlik Şurasının Suriyaya həsr edilmiş iclasında Türkiyəni Suriyanın şimalını işğal etməkldə günahlandırıb.


Çin nümayəndəsi habelə Ankaranı Fərat çayında və Aluk su anbarındakı suyun səviyyəsinin düşməsinə görə ittiham edib.




Səfir YPG qüvvələrini ittiham edib


Gengin iddialarına cavab verən səfir Feridun Sinirlioğlu deyib:


"Biz beynəlxalq insan haqlarını və humanitar qanunları pozanların mühazirəsini dinləmək fikrində deyilik”.


Aluk su anbarı ilə bağlı məsələ BMT baş katibinin hesabatına daxil edilmişdi.


Su anbarında yaranmış vəziyyəti izah edən Sinirlioğlu deyib ki, Suriya kürdlərinin silahlı YPG birləşmələri və Suriya rejimi bu mövzunu qabardaraq ondan öz məqsədləri üçün sui-istifadə edirlər.


Sinirlioğlu qeyd edib ki, “hazırda həmin bölgədə ən əsas pozucu faktor mülkilərə və Türkiyəyə hücumlar edən PKK/YPG birləşmələridir”.


Səfir əlavə edib ki, iki həftə bundan əvvəl Afrində törədilmiş bomba hücumunda 6 mülki şəxs həlak olub.


Türkiyə səfiri iddia edib ki, YPG həm də Suriya yezidilərinin və kürdlərinin öz evlərinə qayıtmalarına mane olur.










Türkiyə Çini pisləyən bəyanata qoşulmuşdu


Türkiyə Suriyanın şimalındakı İdlib qəzasına nəzarət edən anti-Əsəd qüvvələrinə dəstək verir. Bu bölgə Suriya lideri Bəşər əl-Əsədə qarşı mübarizə aparan silahlı müxalifətin son istehkamıdır.


Türkiyə habelə Suriyada əsasən kürdlərdən ibarət YPG xalq müdafiə birləşmələrini Avropa İttifaqı və ABŞ-ın terrorçu siyahısına daxil etdiyi PKK-nın qolu sayır.


ABŞ Suriyadakı kürd qüvvələrini özünün müttəfiqi hesab edir.


2011-ci ildən bəri davam edən Suriya münaqişəsində Rusiya və İran Əsəd hökumətinə dəstək verirlər.


Daily Sabah yazır ki, BMT-nin ötən həftə verilmiş birgə bəyanatında Türkiyə də daxil 43 ölkə Çinin Sintzyan vilayətində uyğurlara qarşı törədilən insan haqları pozuntularını pisləyib.


Sözü gedən bəyanatda Çinə “qanunun aliliyinə tam riayət etməsi” üçün çağırış edilirdi.


Qərb ölkələrinin də qoşulduğu bu bəyanatda Sintzyan vilayəti boyunca yaradılmış saxlama düşərgələri şəbəkəsindən narahatlıq ifadə olunurdu.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Facebook: Şirkətin adı dəyişir, platformanın adı qalır


Facebook şirkəti oktyabrın 28-də adını dəyişdiyini və bundan sonra Meta adlanacağını bəyan edib.


Şirkət bildirir ki, bu dəyişikliklə “daha geniş paylaşılan virtual mühitə” çevrilə biləcək.


Reuters agentliyi yazır ki, şirkətin adını dəyişməsi onun millət vəkilləri və tənzimləyicilər tərəfindən, bazar inhisarçılığına, alqoritmik hökmlərinə və xidmətlərindən sui-istifadəsinə görə kəskin tənqidlə üzləşdiyi dövrə təsadüf edir.


Şirkətin rəhbəri Mark Zukerberq virtual və gücləndirilmiş reallıq rejimində canlı yayınlanan konfransda etdiyi çıxışda deyib ki, ad dəyişikliyi şirkətin “metavers” yaratmaq ambisiyalarını əks etdirir.


Bu da qeyd olunur ki, şirkətin sosial media platforması Facebook adlanmaqda davam edəcək.


Reuters yazır ki, “metavers” termini 30 il bundan əvvəl yazılmış antitopik Snow Crash (Qar uçqunu) romanından götürülüb və hazırda Silikon vadisində dəbdə olan sözdür.




“Virtual səltənət”


Texniki mənada metavers insanların müxtəlif cihazlarla qoşula biləcəkləri “virtual səltənəti” ehtiva edir.


Zukerberqin sözlərinə görə, hazırda Facebook brendi bir xidmətə o qədər pərçimlənib ki, şirkətin bugün gördüyü işləri tam əks etdirə bilmir.


Reuters-in xəbərinə görə, gücləndirilmiş və virtual reallığa böyük yatırımlar etmiş şirkət bildirib ki, bu dəyişiklik onun müxtəlif tətbiq və texnologiyalarını bir brendin çətiri altına gətirəcək.


Zukerberq bunu da qeyd edib ki, şirkətin korporativ strukturu olduğu kimi qalacaq.


Aylıq 2.9 milyard istifadəçisinin olduğunu bildirən şirkət son illərdə dünya boyunca siyasətçilərin və tənzimləyicilərin tənqidlərinə və narazılığına hədəf olub.




“Baş barmaq” əvəzinə “sonsuzluq”


Facebook şirkətinin üzləşdiyi son qalmaqal onun keçmiş əməkdaşı Franses Haugenin ifşaedici çıxışları ilə yaranıb.


Xanım Haugen bildirib ki, Facebook gəlirlərinə istifadəçilərin təhklükəsizliyindən daha çox dəyər verir.


Zukerberq şirkətə qarşı iddiaları təkzib edib.


Bu da bəyan edilib ki, şirkətin “like” mənası verən yuxarı qaldırılmış baş barmaq emblemini bundan sonra mavi rəngli “sonsuzluq” işarəsi əvəz edəcək.


Şirkət bu həftə bildirmişdi ki, onun Facebook Reality Lab adlı avadanlıq bölümü ayrıca mühasibata malik olacaq və buna qoyulan investisiya şirkətin builki gəlirini 10 milyard dollar civarında azaldacaq.


Şirkət bu il metavers üzərində işləyən ayrıca komanda yaradıb və qarşıdan gələn 5 ildə Avropada 10 min yeni əməkdaşı işə götürəcəyini bildirib.


Reuters yazır ki, bəzi şərhçilərin fikrincə ad dəyişikliyi həm də bu adın müxtəlif qalmaqallarla “zədələnməsi” və gözdən düşməsi ilə bağlıdır.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Ankara Yerevanla münasibətlərini Bakı ilə məsləhətləşərək quracaq


Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmaq məramını bir daha təsdiq edir, Yerevandan gələn çox pozitiv siqnallara cavab verməyə hazırdır, lakin bu istiqamətdə addımlarını Bakı ilə uzlaşdıracaq.


Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 28-də CNN Türkə müsahibəsində deyib.


Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Füzuli və Zəngilana səfərinin ardınca danışan Çavuşoğlu Ermənistan-Türkiyə münasibətlərinin gələcəyindən söz açıb.


Çavuşoğlu deyib ki, o regionda stabillik və əməkdaşlığın təmin olunması istiqamətində birgə addımları azərbaycanlı həmkarı Ceyhun Bayramov və başqa partnyorlarla müzakirə edib:


"Bu məsələlərdə Azərbaycanla məsləhətləşirik. Ermənistandan da çox müsbət mesajlar gəlir. Biz Ermənistanın atacağı pozitiv addımlara qarşılıq vercəyimizi bildirmişik. Biz də Azərbaycanla hansı addımları ata biləcəyimizi müzakirə edirik”.





Ankara-Bakı-Yerevan platforması


Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycandan gələn müsbət siqnallara cavab vermədiyini dilə gətirib:


“Müharibə bitib və indi Azərbaycanın təklif etdiyi kimi tərəflər arasında sülh müqaviləsi imzalanmalıdır. Amma bu məsələ barəsində Ermənistandan hələki pozitiv bir cavab səslənməyib”.


Çavuşoğlu deyib ki, Türkiyə bu məsələni Ankara-Bakı-Yerevan üçtərəfli formatında müzakirə etməyə hazırdır.


Bu məzmunda bəyanatı bu həftə Türkiyə prezidenti Recep Tayyip Erdoğan da vermişdi:


“Əgər Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi iradə ifadə etsə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün heç bir maneə qalmayacaq”.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

İranda qadınlara stadionlara gəlmək icazəsi verilə bilər


İran parlamenti tezliklə qadınlara futbol stadionlarına gəlmək icazəsinin verilib-verilməməsi məsələsinə baxmalıdır.


Son illərdə belə bir icazənin verilməsi üçün dünya futbol təşkilatı - FIFA Tehrana təzyiq göstərir.


İranda qadınların futbol matçlarına stadionlarda tamaşa etməsinə qadağan 40 il bundan əvvəl, 1979-cu ilin İslam İnqilabından sonra qoyulub.


Bu barədə məlumatı yerli mediaya oktyabrın 28-də İran Futbol Federasiyasının baş direktoru Həsən Kamranifər verib:


“Əgər qərar qəbul olunsa, qadınlara çox tezliklə stadionlara gəlmək icazəsi veriləcək”.


İranın qatı mühafizəkar dini rəhbərliyi qadınların futbol matçlarına stadionlarda kişilərlə birgə tamaşa etməsinin əleyhinədir.




Burda da sanksiya məsələsi var


İran 2019-cu ildə yenə də FIFA-nın təzyiqi altında 4 min qadının Tehranın Azadi stadionunda İran və Kamboca milliləri arasında Dünya Kubokunun seçmə matçına tamaşa etməsinə icazə verilmişdi.


Lakin sonradan koronavirus pandemiyası bu sahədə atılan addımları yarımçıq qoyub.


Koronavirus məhdudiyyətlərinə görə İranda futbol matçları tamaşaçısız stadionlarda keçirilir.


Əgər belə olmasaydı oktyabrın əvvəllərində İran və Cənubi Koreya yığmaları arasında Dünya Kubokunun seçmə matçına qadınların da gəlməsinə icazə verilə bilərdi.


Lakin bu matç da tamaşaçılar olmadan keçirildi.


Xəbər verilir ki, İranda azarkeşlərin yenidən stadionlara buraxılacağı təqdirdə, İran Futbol Federasiyası qadınların da ən azı Dünya Kuboku seçmə oyunlarına tamaşa etmək üçün stadionlara gəlməsinə icazə verməlidir.


Əks təqdirdə təşkilat FIFA-nın sanksiyaları ilə üzləşə bilər.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

18 ölkə Rusiyanın mediaya təzyiqini pisləyir



Birləşmiş Ştatlar və Böyük Britaniya daxil olmaqla 18 ölkə Rusiya hökumətinin “müstəqil jurnalistlərə və media orqanlarına artan təzyiqindən” “dərin narahatlıq” bildiriblər.


Oktyabrın 28-də Media Azadlığı Koalisiyası adından yayılan bəyanatı Ukrayna, Şimali Makedoniya, Kanada, Çex Respublikası, Danimarka, Fransa, Almaniya, Yunanıstan, İslandiya, Latviya, Litva, Niderland, Yeni Zelandiya, Slovakiya və Sloveniya imzalayıblar.





Qanunlardan istifadə


Bəyanatda deyilir ki, “media azadlığı azad və açıq cəmiyyətlərin effektiv işi, insan haqları və fundamental azadlıqların qorunması üçün vacibdir”.


Rusiya hakimiyyəti müstəqil media orqanlarına, vətəndaş cəmiyyəti qruplarına təzyiqi artırmaqda, bu məqsədlə “arzuolunmaz” fərdlər və qruplar, “xarici agentlər” qanunlarından istifadədə suçlanır.


18 ölkə qeyd edir ki, Rusiya hakimiyyəti 2021-ci ildə “həbs olunmuş müxalifətçi Aleksey Navalnıya dəstək etirazlarını işıqlandıran jurnalistləri sistematik olaraq saxlayıb, onları pis rəftara məruz qoyub”.


Apreldə “Doxa” tələbə jurnalının ofisində “şübhəli ittihamlarla” axtarış aparılması, “dörd redaktorunun sonradan azadlığın kəskin məhdudlaşdırılmasına məruz qalması” qeyd olunur.




AzadAvropa/AzadlıqRadiosu


Bəyanatda Ukraynanın Krım vilayətində Rusiya işğal qurumlarının AzadAvropa/AzadlıqRadiosu-nun frilanseri Vladislav Yesipenkonu martdan bəri saxlaması, “ona həbsdə işgəncə verilməsi haqda məlumatların olması” da qeyd olunur. Yesipenkoya irəli sürülən ittihamlar üzrə 18 ilədək həbs nəzərdə tutulur.


Crimea.Realities vebsaytı ilə əməkdaşlıq edən, ikili Rusiya-Ukrayna vətəndaşlığı olan Yesipenko Ukrayna kəşfiyyatı üçün informasiya yığmaqda şübhəli bilinərək saxlanıb. Simferopolda məhkəmə onu partlayıcılar saxlamaqda və daşımaqda ittiham edir. Özünü təqsirli bilməyən Yesipenko təqsirli bilinsə 18 ilədək həbsə məhkum edilə bilər.


Radionun Prezidenti Ceymi Flay bu işi “ədalətin məsxərəyə qoyulması” hesab edir.




Bəyanatda “xarici agent” qanunundan mediaya qarşı istifadəyə də toxunulur. AzadAvropa/AzadlıqRadiosu qanunla bağlı 600 pozuntuda ittiham olunur, cərimələrin ümumi məbləği 4.4 milyon dolları keçib.


“Görünən odur ki, Rusiya hökuməti son illər bir sıra digər müstəqil media qurumlarını bağlanmağa məcbur etdiyi kimi, AzadlıqRadiosu-nun da Rusiyada onillərlə davam edən mövcudluğuna son verməsini istəyir”, – bəyanatda vurğulanır.


Bəyanat müəllifləri Rusiyanı beynəlxalq insan haqları öhdəliklərinə əməl etməyə, “media azadlığına və jurnalistlərin təhlükəsizliyinə hörmətlə yanaşmağa, onları təmin etməyə” çağırır.



Mənbə: AzadlıqRadiosu
"24 saat"