29 Ekim 2021 Cuma

18 ölkə Rusiyanın mediaya təzyiqini pisləyir



Birləşmiş Ştatlar və Böyük Britaniya daxil olmaqla 18 ölkə Rusiya hökumətinin “müstəqil jurnalistlərə və media orqanlarına artan təzyiqindən” “dərin narahatlıq” bildiriblər.


Oktyabrın 28-də Media Azadlığı Koalisiyası adından yayılan bəyanatı Ukrayna, Şimali Makedoniya, Kanada, Çex Respublikası, Danimarka, Fransa, Almaniya, Yunanıstan, İslandiya, Latviya, Litva, Niderland, Yeni Zelandiya, Slovakiya və Sloveniya imzalayıblar.





Qanunlardan istifadə


Bəyanatda deyilir ki, “media azadlığı azad və açıq cəmiyyətlərin effektiv işi, insan haqları və fundamental azadlıqların qorunması üçün vacibdir”.


Rusiya hakimiyyəti müstəqil media orqanlarına, vətəndaş cəmiyyəti qruplarına təzyiqi artırmaqda, bu məqsədlə “arzuolunmaz” fərdlər və qruplar, “xarici agentlər” qanunlarından istifadədə suçlanır.


18 ölkə qeyd edir ki, Rusiya hakimiyyəti 2021-ci ildə “həbs olunmuş müxalifətçi Aleksey Navalnıya dəstək etirazlarını işıqlandıran jurnalistləri sistematik olaraq saxlayıb, onları pis rəftara məruz qoyub”.


Apreldə “Doxa” tələbə jurnalının ofisində “şübhəli ittihamlarla” axtarış aparılması, “dörd redaktorunun sonradan azadlığın kəskin məhdudlaşdırılmasına məruz qalması” qeyd olunur.




AzadAvropa/AzadlıqRadiosu


Bəyanatda Ukraynanın Krım vilayətində Rusiya işğal qurumlarının AzadAvropa/AzadlıqRadiosu-nun frilanseri Vladislav Yesipenkonu martdan bəri saxlaması, “ona həbsdə işgəncə verilməsi haqda məlumatların olması” da qeyd olunur. Yesipenkoya irəli sürülən ittihamlar üzrə 18 ilədək həbs nəzərdə tutulur.


Crimea.Realities vebsaytı ilə əməkdaşlıq edən, ikili Rusiya-Ukrayna vətəndaşlığı olan Yesipenko Ukrayna kəşfiyyatı üçün informasiya yığmaqda şübhəli bilinərək saxlanıb. Simferopolda məhkəmə onu partlayıcılar saxlamaqda və daşımaqda ittiham edir. Özünü təqsirli bilməyən Yesipenko təqsirli bilinsə 18 ilədək həbsə məhkum edilə bilər.


Radionun Prezidenti Ceymi Flay bu işi “ədalətin məsxərəyə qoyulması” hesab edir.




Bəyanatda “xarici agent” qanunundan mediaya qarşı istifadəyə də toxunulur. AzadAvropa/AzadlıqRadiosu qanunla bağlı 600 pozuntuda ittiham olunur, cərimələrin ümumi məbləği 4.4 milyon dolları keçib.


“Görünən odur ki, Rusiya hökuməti son illər bir sıra digər müstəqil media qurumlarını bağlanmağa məcbur etdiyi kimi, AzadlıqRadiosu-nun da Rusiyada onillərlə davam edən mövcudluğuna son verməsini istəyir”, – bəyanatda vurğulanır.


Bəyanat müəllifləri Rusiyanı beynəlxalq insan haqları öhdəliklərinə əməl etməyə, “media azadlığına və jurnalistlərin təhlükəsizliyinə hörmətlə yanaşmağa, onları təmin etməyə” çağırır.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder