Facebook şirkəti oktyabrın 28-də adını dəyişdiyini və bundan sonra Meta adlanacağını bəyan edib.
Şirkət bildirir ki, bu dəyişikliklə “daha geniş paylaşılan virtual mühitə” çevrilə biləcək.
Reuters agentliyi yazır ki, şirkətin adını dəyişməsi onun millət vəkilləri və tənzimləyicilər tərəfindən, bazar inhisarçılığına, alqoritmik hökmlərinə və xidmətlərindən sui-istifadəsinə görə kəskin tənqidlə üzləşdiyi dövrə təsadüf edir.
Şirkətin rəhbəri Mark Zukerberq virtual və gücləndirilmiş reallıq rejimində canlı yayınlanan konfransda etdiyi çıxışda deyib ki, ad dəyişikliyi şirkətin “metavers” yaratmaq ambisiyalarını əks etdirir.
Bu da qeyd olunur ki, şirkətin sosial media platforması Facebook adlanmaqda davam edəcək.
Reuters yazır ki, “metavers” termini 30 il bundan əvvəl yazılmış antitopik Snow Crash (Qar uçqunu) romanından götürülüb və hazırda Silikon vadisində dəbdə olan sözdür.
“Virtual səltənət”
Texniki mənada metavers insanların müxtəlif cihazlarla qoşula biləcəkləri “virtual səltənəti” ehtiva edir.
Zukerberqin sözlərinə görə, hazırda Facebook brendi bir xidmətə o qədər pərçimlənib ki, şirkətin bugün gördüyü işləri tam əks etdirə bilmir.
Reuters-in xəbərinə görə, gücləndirilmiş və virtual reallığa böyük yatırımlar etmiş şirkət bildirib ki, bu dəyişiklik onun müxtəlif tətbiq və texnologiyalarını bir brendin çətiri altına gətirəcək.
Zukerberq bunu da qeyd edib ki, şirkətin korporativ strukturu olduğu kimi qalacaq.
Aylıq 2.9 milyard istifadəçisinin olduğunu bildirən şirkət son illərdə dünya boyunca siyasətçilərin və tənzimləyicilərin tənqidlərinə və narazılığına hədəf olub.
“Baş barmaq” əvəzinə “sonsuzluq”
Facebook şirkətinin üzləşdiyi son qalmaqal onun keçmiş əməkdaşı Franses Haugenin ifşaedici çıxışları ilə yaranıb.
Xanım Haugen bildirib ki, Facebook gəlirlərinə istifadəçilərin təhklükəsizliyindən daha çox dəyər verir.
Zukerberq şirkətə qarşı iddiaları təkzib edib.
Bu da bəyan edilib ki, şirkətin “like” mənası verən yuxarı qaldırılmış baş barmaq emblemini bundan sonra mavi rəngli “sonsuzluq” işarəsi əvəz edəcək.
Şirkət bu həftə bildirmişdi ki, onun Facebook Reality Lab adlı avadanlıq bölümü ayrıca mühasibata malik olacaq və buna qoyulan investisiya şirkətin builki gəlirini 10 milyard dollar civarında azaldacaq.
Şirkət bu il metavers üzərində işləyən ayrıca komanda yaradıb və qarşıdan gələn 5 ildə Avropada 10 min yeni əməkdaşı işə götürəcəyini bildirib.
Reuters yazır ki, bəzi şərhçilərin fikrincə ad dəyişikliyi həm də bu adın müxtəlif qalmaqallarla “zədələnməsi” və gözdən düşməsi ilə bağlıdır.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder