Ankara/23.02.22 Ankarada Türkiyə prezidentinin icra aparatına bağlı `Millət` kitabxanasında tanınmış hüquqşünas və tədqiqatçı Aslan İsmayılovun `Sumqayıt` kitabının təqdimatı olub.
Kitabı İstanbulda fəaliyyət göstərən `Nestor` nəşriyyatı 2021-ci ilin noyabrında Türkcə, ingiliscə və fransızca çap edib. `Sumqayıt` kitabına ön sözü Türkiyəyə qarşı yönəldilmiş əsassız `erməni soyqırımı` iddialarını puça çıxaran fundamental əsərlərin müəllifi, prezident Ərdoğanın baş müşaviri Seyid Sərtçəlik yazıb.
Azərbaycanın Ankaradakı səfirliyinin, `Millət` kitabxanasının və `Nestor` nəşriyyatının birgə təşkil etdiyi təqdimat mərasiminə Türkiyənin elmi-siyasi ictimaiyyəti, tələbələr və media böyük maraq göstərib.
Təqdimat mərasimində çıxış edən yüksək vəzifəli dövlət məmurları, millət vəkilləri, tələbələr zəngin arxiv materialları əsasında qələmə alınmış `Sumqyıt` kitabının üç dildə çapdan çıxmasını araşdırmalar sahəsində Türkiyənin önəmli hadisələrindən biri kimi xarakterizə ediblər.
Natiqlər kitabın mühüm kitabxanalar tərəfindən satın alınmasının,dərsliyə daxil edilməsinin, kitabın əsasında film çəkilməsinin və ali məktəblərdə əlavə kitab kimi oxudulmasının vacibliyini vurğulayıblar.
`Sumqayıt` kitabının təqdimatından sonra Turan İnformasiya Agentliyinə açıqlama verən kitabın müəllifi Aslan İsmayılov deyib: ”Sənədlər əsasında yazdığım bu kitab bizə qarşı qurulan oyunun ilk səhnəsini təsvir edir. Mən bu oyunların iç üzünü açmışam.Sumqayıtdakı hadisələri SSRİ Dövlət Təhlükəsizlik Komitəsi təşkil etmişdi, məqsəd Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarına zəmin hazırlamaq idi. Ermənilər məhz Sumqayıt hadisəsini əldə bəhanə edərək dünyaya bizi `vəhşi` kimi göstərməyə çalışdılar,bir neçə gündən d sonra Xankəndində hadisələr başladı, daha sonra Xocalı soyqırımı törədildi, daha sonra isə topraqlarımızı işğal etdilər. Hamısının başlanğıc nöqtəsi SSRİ DTK-sının Sumqayıtda törətdiyi hadisə idi.Kitabımı Türkiyədə üç dildə çap edən `Nestor` nəşriyyatına təşəkkür edirəm. İllərdən bəri `Sumqayıt`ın Türkiyədə çıxmasını və təqdimatını gözləyirdim. Türkiyə prezident aparatına bağlı `Millət` kitabxanasında keçirilən təqdimat mərasimi məni xeyli məmnun etdi. Kitabıma ön söz yazmış prezidentin baş müşaviri Seyid Sərtçəlikə, təqdimat mərasimində çıxış edən siyasətçilərə,alimlərə, başda hörmətli səfir olmaqla Azərbaycanın Ankaradakı səfirliyinə və Ankaradakı bəzi digər ölkələrin səfirlik nümayəndələrinə minnətdarlığımı bildirirəm. `Millət` kitabxanası və Türkiyə mədəniyyət və turizm naziriliyinə bağlı kitabxanalar üç dildə çıxmış `Sumqayıt` kitabımdan alacaqlar. Məncə, bu da Azərbaycanlı bir müəllif üçün müsbət hadisədir. Türkiyə mediasının təqdimat mərasiminə göstərdiyi maraqdan da çox razıyam, əksər mətbu orqanı təqdimat mərasimi barədə xəbər verdi. Mərasimdə çıxış edənlər kitabımın əsasında film çəkilməsini, bəzi parçaların dərsliklərə daxil edilməsini, ali məktəblərin tarix bölmələrində əlavə kitab kimi oxudulmasını təklif etdilər, bunlar hamısı məni sevindirən cəhətlərdir. Ümid edirəm ki,`Sumqayıt` kitabımın başqa ölkələrdə çapının və təqdimatının təşkil edilməsi üçün Azərbaycan XİN müvafiq təlimatı səfirliklərimizə göndərəcək.`Nestor` nəşriyyatı bu ilin noyabr ayında İstanbulda keçiriləcək dünyanın ikinci böyük kitab yarmarkasında çıxışımı və imza mərasimimi təşkil etməyi də planlaşdırıb. Azərbaycanda çoxları elə bilir ki, hər hansı kitabı çap edən kimi Türkiyənin xəbəri olur. Ancaq belə deyil,kitabları tanıtmaq,satışını düzgün təşkil etmək,təqdimat mərasimləri keçirmək uzun proseslərin tərkib hissəsidir. `Sumqayıt` kitabımla bağlı bu işləri uğurlar təşkil edən `Nestor` nəşriyyatına bir daha minnətdarlığımı bildirirəm ”.
2020-ci ilin payızında İstanbulda yaradılan `Nestor` nəşriyyatının əsas məqsədi Azərbaycan, rus və dünya ədəbiyyatının və elminin dəyərli əsərlərini Türkiyədə çap edərək oxuculara yaxından tanıtmaq,satışını təşkil etməkdir. Nəşriyyatının qısa müddətdə nəşr etdiyi kitabların arasında Əhməd Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin, Vaqif Sultanlının və b. önəmli müəlliflərin əsərləri vardır.
`Nestor` yaxın gələcəkdə Məhəmməd Əmin Rəsulzadənin `Azərbaycan şairi Nizami`, Aybəniz Rəhimovanın `Qulam Məmmədli və təzkirəsi` və `Türk dünyasının elm adamları. Filologiya-Azərbaycan` kitablarını, Rüstəm İbrahimbəyovun nəsr əsərlərindən ibarət yeddi kitabını, F.M.Dostoyevskinin `Cinayət və cəza` romanını (1866-cı il variantından tərcümə), Vaqif Sultanlının hekayələrini çap etməyi planlaşdırır. –0---
"24 saat" "Türkiyədə üç dildə çıxmış `Sumqaylt` kitabının təqdimatı olub" başlıqlı yazını "Turan"a istinadən dərc edib
Xeberler
Hiç yorum yok:
Yorum Gönder