23 Şubat 2022 Çarşamba

Bir bəyannaməyə iki yanaşma


İlham Əliyevin Vladimir Putinlə fevralın 23-də imzaladığı yeni bəyannamə Azərbaycan üçün nə deməkdir və nə qədər önəmlidir?
İlham Əliyevin Vladimir Putinlə fevralın 23-də imzaladığı yeni bəyannamə Azərbaycan üçün nə deməkdir və nə qədər önəmlidir?
Bəzi şərhçilər 43 maddədən ibarət olan sənədin Azərbaycanın müstəqilliyinin məhdudlaşdırılması, Qərblə balans siyasətinin sonu və Moskvanın yanında yol almaq kimi şərh etsələr də, bununla razılaşmayanlar da var.
Məsələn, sənəddə diqqəti çəkən maddələrdən biri də 4-cü maddədir. Burda deyilir ki, Rusiya və Azərbaycan aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla fəaliyyət göstərirlər.
Bakıda siyasi şərhçi Şahin Cəfərli deyir ki, bu, Azərbaycanın suverenliyinə açıq şəkildə zidd olan məsələdir:
“Belə çıxır ki, biz Ukrayna məsələsində, Suriya məsələsində və Rusiyanın cəlb olunduğu digər məsələlərdə, məsələn, Liviya, Suriya məsələsində Rusiya ilə eyni və ya yaxın mövqelər tutmalıyıq”.
Amma Avropa Siyasət Mərkəzinin analitik Amanda Pol deyir ki, bu sənəddə nə yazılmasından asılı olmayaraq, rəsmi Bakının Ukrayna əleyhinə hansısa bəyanat verəcəyini düşünmür. Yəni, real siyasət bu sənəddən fərqli ola bilər.
Rusiyanın qaz böhranı
Moskva bəyannaməsinin başqa bir bəndində - 25-ci maddədə deyilir ki, Rusiya və Azərbaycan digər tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər.
Məsələ burasındadır ki, Rusiya və Qərb qaz böhranı ilə üz-üzə qoyulduğu bir vaxtda Azərbaycan Avropaya qaz satışı ilə bağlı danışıqlar aparır. Şahin Cəfərli deyir ki, bu maddə Rusiyaya əsas verir ki, Avropaya qaz satmaması üçün Azərbaycana təzyiq etsin.
Amma prezidentin sərəncamı ilə yaradılmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev AzadlıqRadiosuna deyir ki, heç bir halda Azərbaycanın milli maraqlarına zidd deyil.
“Bu sənəd dünən çıxmayıb ortaya. Bu sənəd üzərində biz keçən ildən işləyirik. Təbii ki, Azərbaycan fevral ayında Avropa komissarlarını qəbul edib bu məsələləri razılaşdırırsa, deməli, biz bilirdik ki, bu bəyanat da olacaq Rusiya ilə. Yəni, bizə bu aydın idi. Bu ikisi paralel məsələlərdir. Ona görə də mən bunu dramatik bir hal kimi görməzdim”.

Reallığa uyğun
Brüsseldə təhlilçi Amanda Pol hesab edir ki, Azərbaycanın Qərblə qaz anlaşması uzunmüddətli perspektiv üçün nəzərdə tutulub və böyük investisiya tələb edir və Azərbaycanın bundan geri çəkiləcəyini düşünmür. O deyir ki, Moskva bəyannaməsi heç də Azərbaycanın Rusiyaya yaxınlaşması, tərəf seçməsi kimi yozulmamalıdır:
“Bu, real siyasətdir. Azərbaycan regiondakı dəyişiklərə uyğun davranmalıdır. Həmişə bunu uğurla edib. Bu sənədin nəticəsində Azərbaycan üçün hansısa neqativ nəticənin olacağını gözləmirəm. Məncə, Azərbaycan Ukrayna ilə bağlı mövqeyində çox ehtiyatlıdır”.
Amma ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Turan agentliyinə müsahibəsində deyib ki, Moskva bəyannaməsi Azərbaycanın müstəqilliyinin güzəştə gedilməsi sənədidir. O bildirib ki, bununla da Rusiya sülhməramlılarının Azərbaycanda birdəfəlik qalması təmin olunur, Rusiya Azərbaycanın 3-cü ölkələrlərlə münasibətlərinə veto qoymuş olur.
İndiyə qədər Azərbaycan həm Qərblə, həm də Rusiya ilə münasibətlərinin yaxşı olduğunu bəyan edib.

"24 saat" "
Bir bəyannaməyə iki yanaşma
" başlıqlı yazını "AzadliqRadiosu"na istinadən dərc edib



Xeberler

Hiç yorum yok:

Yorum Gönder