25 Şubat 2022 Cuma

Ukrayna səfiri: 'Real zəmanət üçün danışıqlara hazırıq'


"Ukrayna əvvəlcə münaqişənin siyasi-diplomatik yolla həllinə tərəfdar idi. Lakin onun üçün əsas məsələ təhlükəsizliklə bağlı hansı zəmanətlərin veriləcəyidir".
Bu barədə fevralın 25-də Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ölkənin neytral statusuna dair danışıqlara hazır olması barədə Prezident Vladimir Zelenskinin bəyanatını şərh edərkən bildirib.
"Biz, Ukrayna lap əvvəldən bu mövqedən çıxış etmişik ki, istənilən münaqişəni siyasi və diplomatik yolla həll edək. İndi də siyasət belədir. Bizim üçün əsas məsələ təhlükəsizliyimizi təmin etməkdir", - o vurğulayıb.
Səfir sonra da əlavə edib: "Biz 1994-cü ili xatırlayırıq, ölkələrin zəmanətlərini xatırlayırıq, bu zəmanətlər Ukraynanın Rusiya təcavüzündən təhlükəsizliyini təmin edə bilmədi. Buna görə də real zəmanət üçün danışıqlar masası arxasında oturmağa hazırıq. Bunu bizim prezidentimiz də deyib", -Kanevski "Turan"ın sualını cavablandırarkən bildirib.
Ukrayna 1994-cü ildə Budapeştdə nüvə silahından Rusiyanın xeyrinə imtina etmişdi. Bunun qarşılığında da Rusiya Ukraynanın ərazi bütövlüyünə təminat vermişdi.
Mətbuat konfransında səfir V.Kanevski Ukrayna ilə həmrəyliyinə görə Azərbaycan xalqına təşəkkür edib: "Azərbaycan vətəndaşlarından çoxsaylı zənglər və müraciətlər daxil olur, onlar həmrəyliklərini ifadə edirlər".
Diplomat Azərbaycan hakimiyyətinin rəsmi reaksiyasını gözlədiyini deyib. Eyni zamanda qeyd edib ki, ATƏT-in iclasında ( fevralın 24-də) Azərbaycanın rəsmi şəxsləri öz mövqelərini bildiriblər. "Ukraynanın strateji tərəfdaşı kimi Azərbaycan hər zaman bizi dəstəkləyib", - səfir vurğulayıb.
Dünən, fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi.

"24 saat" "
Ukrayna səfiri: 'Real zəmanət üçün danışıqlara hazırıq'
" başlıqlı yazını "AzadliqRadiosu"na istinadən dərc edib



Xeberler

Hiç yorum yok:

Yorum Gönder