Rusiya ilə müttəfiqlik Bəyannaməsinin imzalanması Azərbaycanda birmənalı qarşılanmadı. Şimal qonşumuzla münasibətlərimizə dair suallar indiyə qədər də tez-tez səslənirdi. Amma bu dərəcədə ciddi narahatlıq ifadə etmirdi.
Təbii, səbəbsiz deyil. Əvvəla, ən müxtəlif rəy sorğularında Rusiya heç zaman Azərbaycana dost ölkələrin ön sırasında yer almayıb: əsarətdə keçirilmiş 176 il xalqın tarixi yaddaşında dərin iz buraxıb. Otuz illik son müstəqilliyimiz dövründə də keçmiş imperiya sabiq metropoliyasına bu yaddaşı təzələmək üçün kifayət qədər əsas verib.
İkincisi, sənədin imzalanma mərasimi olduqca namünasib vaxta təyin edilib. Azərbaycanla müttəfiqliyini elan etməzdən cəmi bir gün öncə – fevralın 21-də Rusiya bütün mənalarda onun nəinki ən yaxın müttəfiqi, hətta doğmaca qardaşı adına layiq Ukraynanın iki vilayətini bir qərarla əlindən alıb, ora qoşun yeridib.
Üçüncüsü, haqqında danışdığımız Bəyannamə nədənsə əhalidən gizli hazırlanıb. Doğrudur, belə bir sənəd üzərində iş getdiyinə hərdən qəribə eyhamlar vurulurdu. Elə Belarus prezidenti Lukaşenkonun sözləri nəyə desən dəyərdi. Rusiyanın Youtube-kanalına müsahibəsində keçmiş sovet respublikalarının yeni tipli ittifaqa birləşdirilməsi ehtimalı barədə suala cavab verərkən o, Azərbaycan haqqında da danışmışdı. Demişdi ki, bu ölkənin xeyli fərqli prioritetləri və yeni dostları yaranıb, ona fərdi yanaşma tərzi tapmaq lazımdır. Anlaşılırdı ki, söhbət fərdi sazişdən gedir. SSRİ tarixini bilənlər üçün tanış prinsipdir: Lenin prinsipi. Sovet Rusiyasının lideri də məsləkdaşlarına belə işdə tələskənliyə yol verməməyi, “milli xurafatı” (milli düşüncə tərzini Rusiya rəhbəri belə adlandırırdı) nəzərə alaraq, hərəyə öz açarını tapmağı məsləhət görürdü.
Amma Rusiya ilə müttəfiqlik Bəyannaməsinə dair sualların başlıca səbəbi Bəyannamənin öz mətnidir. Qırx üç maddəlik bu sənədin mətninin üçdə ikisi ölkələr arasında indiyədək imzalanmış yüzlərlə razılaşmada artıq əksini tapan müddəalardan ibarətdir. Onlarda yeni bir şey yoxdur. Diqqəti xüsusi cəlb edən siyasi və hərbi sahədə əməkdaşlığa dair ilk 15 bənddir. Əsasən də oradakı iki mühüm öhdəlik!
Maddə 4. Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər.
Biz Rusiya Federasiyasının aktual beynəlxalq problemlər üzrə tutduğu mövqe ilə “eyni və ya yaxın mövqe” nümayiş etdirmək öhdəliyinin risklərini göz altına alırıqmı? Bəlkə, Ukrayna, Gürcüstan, Suriya hadisələrində, yaxud ABŞ və Avropa ilə münasibətlərdə Rusiya ilə müttəfiqliyimizi mümkün sayırıq? Yoxsa Rusiyanın Türkiyə ilə yeni mübahisəsi yaransa, bu dəfə özümüzü şimal qonşumuzun yanında görürük? Qeyd olunan bütün hallarda Rusiyaya “yaxın mövqe” tutmağın Azərbaycanın gerçək müttəfiqləri ilə münasibətlərinə necə təsir göstərəcəyini hesablayırıqmı?
Maddə 13. Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.
Ötən yay Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsində iki ölkənin silahlı qüvvələrin ən geniş əməkdaşlığı nəzərdə tutulur. Tamamilə fərqli strategiyaya, silahlara, taktiki hazırlıq planlarına malik iki hərb sistemi ilə Azərbaycanın eyni zamanda necə sıx əməkdaşlıq quracağını anlamaq olmur.
Fərqli mövqelər ortaya qoyanları, Rusiya ilə müttəfiqlik Bəyannaməsi imzalamaq zərurətini (oxu: məcburiyyətini) əsaslandıranları da başa düşürəm. Putinin bulanıq baxışları və daxili əsəbiliyini büruzə verən bədən hərəkətləri çox mətləblərə işarədir. İkibaşlı qartal, yaralanmış olsa da, Avrasiya səmasında süzməkdə və həyat arealını genişləndirmək üçün yeni çöllər axtarmaqda davam edir. Amma bütün məcburiyyətlər və zərurətlər qarşısında unutmamalı olduğumuz bir tarix var: 1920-ci ilin 30 sentyabrında müstəqil sovet Azərbaycanı ilə Rusiya Federasiyası arasında imzalanmış ilkin sənəd də sadəcə hərbi-iqtisadi müttəfiqlik haqqında saziş adlanırdı. İki il üç aydan sonra – 1922-ci il dekabrın 30-da isə bu fərdi sazişi “SSRİ-nin yaradılması haqqında” kollektiv müqavilə əvəz etmişdi.
Hərdən məndə belə təsəvvür yaranır ki, Putin Azərbaycanla Rusiya arasında diplomatik əlaqələr qurulmasının 30 illiyinə yox, həmin kollektiv müqavilənin 100 illiyinə hazırlıq görür.
"24 saat" "Unutmamalı olduğumuz tarix - 24 saat" başlıqlı yazını "Pressklub"a istinadən dərc edib
Xeberler
Hiç yorum yok:
Yorum Gönder