23 Şubat 2022 Çarşamba

İttifaq havası…

Fevralın 22-də Moskvada Vladimir Putin və İlham Əliyev arasında imzalanmış sənəd “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə adlanır. Sənəd 40-dan artıq sahə və istiqamət üzrə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsini və koordinasiyalı fəaliyyəti nəzərdə tutur. 


Qeyd edək ki, belə bir səfərin olacağı ötən həftə mətbuata sızsa da Azərbaycanın rəsmi qurumları bu barədə hər hansı açıqlama verməmişdilər. Bəyannamənin imzalanacağı isə yalnız bir gün əvvəl – fevralın 21-də Rusiyanın “RİA Novosti” agentliyinin yaydığı informasiyadan sonra məlum oldu. Azərbaycan XİN və Prezident Administrasiyası, Moskvadakı səfirlik sona qədər israrla açıqlama vermədilər.


Bir məqamı da qeyd edək ki, gün ərzində İlham Əliyevin səfəri, imzalanacaq sənədin mətni Azərbaycan cəmiyyətində intizarla gözlənilsə də Rusiya mediasında gündəm ola bilmədi. Tirajlı informasiya kanallarının əksəriyyəti fevralın 21-də Rusiyanın Ukraynada separatçı rejimləri dövlət kimi tanıyaraq, bu ölkənin ərazisinə ordu yeritməsini və Qərbin reaksiyasını diqqətdə saxlayırdı. Yeri gəlmişkən, Azərbaycan prezidentinin geosiyasi qalmaqalın kulminasiya nöqtəsində Rusiyaya rəsmi səfər etməsi suallar doğurmuşdu. Daha sonra ortaya çıxan xəbərlər məsələnin mahiyyətinə bir qədər aydınlıq gətirdi…


Prezidentlərin Kremldə görüşündən təxminən 2 saat əvvəl Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında yerləşdirilən məqalədə 22 fevral 1828-ci il tarixinin Rusiya İmperiyası ilə İran arasında Türkmənçay sülh müqaviləsinin imzalandığı xatırladılırdı. Məqalənin girişində isə məhz həmin tarixdə Azərbaycan prezidentinin Moskvada rəsmi səfərdə olduğu qeyd olunmuşdu. 


Əlbəttə, V.Putinin dəvəti əsasında (o, mətbuata bəyanatında bunu xüsusi vurğu ilə dedi – müəllif) gerçəkləşdirilən səfər üçün 22 fevral tarixinin seçilməsi təsadüfi deyildi və Kremlin mahiyyətini, gözləntilərini əks etdirirdi. Sözügedən məqalədə diqqətçəkən məqamlardan biri bundan ibarətdir:


“Müqavilə Rusiyanın Xəzər dənizində donanma saxlamaqda üstünlük hüququnu, habelə Rusiya ticarət gəmilərinin üzmə azadlığını təsdiq edirdi. İrəvan və Naxçıvan xanlıqları (Şərqi Ermənistan) Rusiya imperiyasına keçdi. İran hökuməti bu xanlıqların ərazisində yaradılmış erməni bölgəsinə ermənilərin köçürülməsinə mane olmamağı öhdəsinə götürdü ki, bu da erməni xalqının Rusiya imperiyası tərkibində birləşməsinə töhfə verdi…”


Qeyd edək ki, Rusiya XİN ötən il də eyni məzmunda post paylaşıb, amma həmin məqalədə “İrəvan və Naxçıvan xanlıqları” sözlərindən sonra “Şərqi Ermənistan” ifadəsini əlavə etməyib. Yəni bu il bu ifadəni məhz Moskvadakı görüş günü, qəsdən artırmışdılar.


Prezidentlər arasında təmasın necə baş tutacağı da maraq doğururdu. Çünki V.Putin müxtəlif səbəblərdən qonaqlarını uzun və qısa masalar arxasında əyləşdirir, təmasa xüsusi diqqət yetirirdi. Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamağa dəvət edilmiş Azərbaycan liderinin qarşılanması prinsipcə başqa ortamda baş tutmalıydı. Putin nədənsə (Kreml belə izah edir ki, Moskvada PCR testi verməyən qonaqlarla pandemiya qaydalarına uyğun davranılır – red.) İlham Əliyevlə Fransa prezidenti E.Makronla əyləşdiyi, dünya mediasında gündəm olan uzun masanın arxasında söhbətləşdi, daha sonra mətbuata birgə bəyanatlar verildi. V.Putinin qısa çıxışında Rusiya-Azərbaycan arasında bundan sonrakı əməkdaşlığın xarakterinə dair xeyli mesajlar vardı. 


“Sizi görməyə çox şadam. Sağ olun ki, təklifimi qəbul etdiniz”,-deyə Putin çıxışına başladı. Yəni bu mərasimi mən təşkil etmişəm. Kremı sahibi daha sonra davam etdi: 


“Bu gün biz qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalayacağıq. Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir və şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub”. Putinin girişdə ilk növbədə yarımçıq qalan Qarabağ münaqişəsini xatırlatması təsadüf deyil. Dərhal əlavə edir ki, iki ölkə arasında münasibətlərin bundan sonrakı mərhələsinin təməlində bu problem dayanır. Məsələ Rusiyanın Cənubi Qafqaz siyasətində əsas prioritetlərindən biri olaraq qalacaq.


Rusiya prezidenti daha sonra Ukrayna böhranında tutduğu təcavüzkar mövqeyi digər postsovet ölkələrindən, o cümlədən Azərbaycandan ayırmağa çalışdı: “Ukrayna ilə bağlı vəziyyət başqadır. Bu, onunla bağlıdır ki, təəssüflər olsun, üçüncü ölkələr tərəfindən bu ölkənin ərazisindən Rusiya Federasiyasına qarşı təhdidlər yaratmaq üçün istifadə edilir. Məsələ yalnız bundadır. Bəri başdan demək istəyirəm, biz bu mövzuda – Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük və demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil”.


Putin burada diqqəti ona yönəldir ki, Rusiya postsovet ölkələri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üzərində fəal iş aparır. “Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq”, – o vurğulayıb. Rusiya prezidenti burada Azərbaycanın müharibə dönəmində Türkiyə ilə sıx işbirliyinə mane olmamasına, Ukraynada olduğu kimi aqressiv yox, “səliqəli” şəkildə müdaxilə etdiyinə, bu gün imzalanan müttəfiqlik bəyannaməsi üçün əsasların buradan qaynaqlandığına eyham vurur. Yəni Moskvanın bu yaxşılığının qarşılığı ödənilməlidir. 


Putin daha sonra Azərbaycan üçün ən həssas məsələ – sülhməramlıların hansı şəkildə Qarabağdan çıxarılacağına işarələr edib. Bu zaman Qazaxıstan nümunəsini misal gətirib: “İndicə, Sizinlə görüşdən əvvəl Qazaxıstan Prezidenti ilə söhbət edirdim. Fikrimcə, bu, Rusiyanın qonşularımızın suverenliyini yalnız dəstəklədiyini, onu hər vasitə ilə möhkəmləndirdiyini göstərən ikinci çox yaxşı nümunədir. Qazaxıstan nümunəsi də bizim məhz bu cür siyasətimizə dəlalət edir, onu təsdiq edir.


Qazaxıstanda problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti çərçivəsində özümüzün bütün silahlı qüvvələrimizi oradan çıxartdıq və bütün istiqamətlər üzrə Qazaxıstan ilə əməkdaşlığı davam etdiririk. Şübhəsiz, bu iş həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir və Qazaxıstanın suverenliyini möhkəmlədir. Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik”. Kreml sahibi demək istəyir ki, Azərbaycan da özünü Qazaxıstan kimi aparmalıdır, Rusiyanın orbitində olan KTMT, Avrasiya İttifaqına üzv olsa, sülhməramlıları qısa müddətdə Qarabağdan çıxara bilər.


Prezident ilham Əliyev isə çıxışında diqqəti Müttəfiqlik Bəyannaməsinin əhəmiyyətinə yönəldib. Qeyd edib sənəd qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir və ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcək. Dövlət başçısı daha sonra 10 noyabr bəyanatının icrasından, Rusiyanın prosesdə tutduğu mövqenin ikitərəfli münasibətlərin xarakterinə uyğun olmasının vacibliyindən danışıb. 



Bəyannamənin müddəalarına gəlincə, bu sənəd Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən bəri imzalanmış əksər müqavilələrin toplusunu əhatə edir. Qeyd edək ki, iki dövlət arasında 250-dən artıq müqavilə, razılaşma və s. sənədlər imzalanıb və qüvvədədir. 


22 fevral bəyannaməsi bu əlaqələrə ümumi baxışı əks etdirməklə yanaşı, dövrün geosiyasi reallıqlarını və tərəflərin maraqlarını əks etdirir. Sənədin ilk bəndində Azərbaycanın Rusiyadan əsas gözləntisi qeyd olunub:


“Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.


Rəsmi Bakı beynəlxalq hüquqdan irəli gələn bu öhdəliyə Rusiyanın gerçəkdən əməl etməsin istəyir. Çünki Moskvanın 44 günlük müharibədən sonra Qarabağdakı fəaliyyəti bu maddədə yazılanlarla tərs mütənasibdir. Baş verən hadisələr, sülhməramlıların fəaliyyəti məlumdur, ona görə geniş yazmağa ehtiyac yoxdur.


İkinci bənddə hər iki ölkənin öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürütdükləri qeyd olunur. Amma daha sonra sənədə Kremlin maraqlarını əks etdirən elə öhdəliklər yazılıb ki, birinci və ikinci maddələrin daha çox deklarativ mahiyyət daşıdığı aydın olur. Onların bir neçəsini diqqətə çatdırırıq:


Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər;


Tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər;


Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər;


Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar;


Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar;


Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər;


Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər;


Tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər;


Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər;


Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər;


Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər… və s.


Qeyd edək ki, bu maddələrin, eləcə də sənəddə yer alan başqa razılaşmaların daha geniş təhlil olunmasına ehtiyac var. 


Bəyannaməni ümumi şəkildə Pressklub.az-a şərh edən siyasi təhlilçi Rauf Mirqədirov bildirib ki, bu sənəd Azərbaycan tarixinin utancverici səhifəsidir: “Azərbaycanda bəziləri səmimi şəkildə inanırlar ki, bu bəyannamə Qarabağın işğal altında olan ərazilərində Azərbaycanın suverenliyinin bərpa olunmasına gətirib çıxaracaq. Hesab edirəm ki, bundan sonra bir müddət biz həmin bölgədə təxribatların şahidi olmaya bilərik, sakitlik dövrü başlaya bilər. Amma orta və uzunmüddətli dövrdə biz eyni ssenarilərin təkrar olunduğunu görəcəyik. Çünki bu, Putinə öz hakimiyyətini möhkəmləndirmək, onun təkrar istehsalına nail olmaq üçün lazımdır. Kreml rəhbərinin əsas qayğısı budur, Rusiyanın milli maraqları onun vecinə də deyil. Putin yaxşı bilir ki, hakimiyyətdən getsə, onun dərisinə saman təpəcəklər, çünki iqtidarda olduğu illərdə çoxsaylı cinayətlərə yol verib. Rusiya sərvətlərinin dağıdılaraq tar-mar edilməsi bu cinayətlərin yalnız bir hissəsidir”


Rauf Mirqədirovun sözlərinə görə, bir müddət sonra Rusiyanın Ukraynada oynadığı oyunların Qarabağda təkrarını görəcəyik: “Çünki Putin sonuncu çıxışında da bildirdi ki, SSRİ-nin dağılmasını, ölkələrin müstəqillik əldə etməsini qeyri-legitim hesab edir. Ona görə də bir gün növbə bizə də çatacaq. Azərbaycanın Rusiya ilə müttəfiqlik münasibətlərinə malik olması Azərbaycanın Qərb tərəfdaşları ilə münasibətlərinə mənfi təsir edəcək”.


Ekspert daha sonra bəyannamənin siyasi, mənəvi tərəfinə diqqət çəkib: “Putin bu gün Rusiyanı SSRİ-nin hüquqi, siyasi varisi sayırsa, onun uğurları ilə yanaşı, cinayətlərinə də şərik olmalıdır. Məsələn, 1990-cı ildə Bakıda 20 yanvar qırğını SSRİ tərəfindən törədilib. Amma Putin bir dəfə olsun bu qətliamın hərbi cinayət olduğunu etiraf etməyib”.


Turqut


The post İttifaq havası… appeared first on 24 saat.


"24 saat" "İttifaq havası…" başlıqlı yazını "Pressklub"a istinadən dərc edib



Xeberler

Hiç yorum yok:

Yorum Gönder