30 Kasım 2021 Salı

Nazir İsveçə gedib



Bu gün, dekabr 1-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Stokholma yola düşüb.


Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək. Eyni zamanda, onun ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.


ATƏT Nazirlər Şurasının 28-ci iclası 2-3 dekabr 2021-ci il tarixlərində İsveçin paytaxtı Stokholmda keçirilməlidir.


İllik görüş xarici işlər nazirləri üçün Avro-Atlantik və Avrasiya məkanında təhlükəsizlik vəziyyətini, eləcə də təşkilatın fəaliyyətini bütün sahələrdə nəzərdən keçirmək, qiymətləndirmək imkanıdır.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Məktəbdə 3 şagird öldürülüb, 8-i yaralanıb




Öldürülənlər 16 yaşlı oğlan, 17 və 14 yaşlı iki qız məktəblilərdir




Noyabrın 30-da ABŞ-ın Miçiqan ştatında orta məktəbdə 15 yaşlı oğlan üç şagirdi öldürüb, 8-ni yaralayıb.


10-cu sinif şagirdi olan şübhəli müqavimətsiz saxlanıb. Onun yarımavtomat tapançadan 15-20 atəş açdığı bildirilir.


Hadisə Oksford məktəbində, Detroytdan 65 km şimalda baş verib.


Öldürülənlər 16 yaşlı oğlan, 17 və 14 yaşlı iki qız məktəblilərdir.


Yaralıların ikisi əməliyyat olunub, altısının durumu sabitdir.




Hadisənin motivi bəlli deyil. Təkbaşına hərəkət etdiyi güman edilən şübhəli valideynlərinin məsləhətilə polisə heç nə deməyib, vəkillə danışmaq hüququnun təmin olunmasını tələb edib.


Prezident Co Bayden ölənlərin ailələrinə başsağlığı verib.


ABŞ-da məktəbdə atışma nadir hadisə sayılmır. Silahlara nəzarət, zehni müalicəylə bağlı emosional debatlar aparılsa da, silah satışı qanunlarına cüzi dəyişikliklər edilib. Hücum edənlərin əsasən yeniyetmə oğlanlar olduğunu nəzərə alsaq, onların psixi müalicəsi sahəsində də güclü iş aparılmayıb.


“Sırf Amerikaya xas bu problemlə məşğul olmalıyıq”, – Miçiqanın hadisə yerində olan qubernatoru Greçen Vitmer deyib.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Kart məhsullarının yaradılması üzrə Menecer

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məhsulların inkişafı departamentində Kart məhsullarının yaradılması üzrə Menecer” vakansiyasını elan edirik.


Vəzifə öhdəlikləri:



  •  Yeni kart məhsulların “end to end” yaradılması və inkişafı;

  •  Elektron kommersiya (E-com/E-commerce) xidmətinin tədbiqi, inkişafı;

  •  Visa, Mastercard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni lahiyələrin müəyyənləşdırılməsi, tədbiqi və aparılması;

  •  ATM şəbəkəsinin genişləndirilməsi, bu xidmətlər üzrə yeni partnyorların cəlb edilməsində iştirak;

  •  Bank əməkdaşlıq etdiyi yerli ödəniş sistemi ilə (Azericard) əməkdaşlığın aparılması, inkişafı;

  •  Kart məhsullarının, Ekvairinq, POS terminal, ATM xidmətlərinin gəlir və xərc tərəflərinin müəyyənləşdirilməsi, hesablanması, nəzarəti;

  •  Bankın kart məhsullarının stabil qaydada işlənməsini təmin etmək, yaranmış texniki səhvləri müəyyənləşdirmək, aradan qaldırmaq;

  •  Bank kartlarının anbarını idarə etmək və müvafiq biznes tələblərini bilərək lazımi sayda kartlarla bankı təmin etmək;

  •  Kart məhsulları və xidmətləri, E-com üzrə bankın tarif politikasının müəyyənləşdirilməsi;

  •  VTS (Visa token systems) xidmətinin bankda tədbiqi, nəzarəti, inkişafı;

  •  Tələb olunduğu halda Apple pay xidmətinin bankda tədbiqi, nəzarəti, inkişafı;

  •  Tələb olunduğu halda Visa Direct, Master Card Money send və digər olan layıhilərin  aparılması, xidmətlərin tədbiqi, nəzarəti, inkişafı;

  •  Kart məhsullarına aid bütün bizness və bank daxili proseslərin müəyyənləşdirilməsində və tədbiqində fəal iştirak etmək;

  •  Müştərilərin tələblərinə cavab verən yeni kart məhsullarının, xidmətlərinin araşdırılması və tədbiq edilməsinə dair lazımi işlərin aparılması;

  •  Kart məhsulları üzrə bazarın araşdırılması və onların nəticəsi əsasında məhsulların və xidmətlərin inkişafı;


Tələblər:



  •  Ali təhsil; 

  •  Bank sahəsində minimum 3 il təcrübə;

  •  Kart məhsullarının inkişafı sahəsində minimum 2 il təcrübə; 

  •  Ödəniş sistemləri (Visa, Master card, Azericard, Millicard) ilə iş təcrübəsi;

  •  E-commerce, VTS xidmətlərinin tədbiqində praktikanın olması qarşılanır;

  •  Biznes yönümlü; 

  •  Analitik düçüncə;

  •  Problemləri həll etmək bacarığı;

  •  Yeni kart məhsullunun end to end yaradılması bacarığı;

  •  Komandada işləmək və idarəçilik bacarığı;

  •  Telescope sistemində işləmək bacarığı.


Biz Sizə nə təklif edirik:



  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;

  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;

  •  Könüllü tibbi sığorta proqramına qoşulma;

  •  Müasir idarəetmə sistemi və mehriban kollektiv.


Siz elektron poçtun “mövzu” yerinə “Kart məhsulları_Menecer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

 


CV yollamaq üçün bu linkə keçid edin - https://www.yelo.az/az/about-bank/career/vacancies/kart-mehsul-menecer/

Rusiya Qarabağ münaqişəsini həll etməyəcək - Pol Qoblun Soçi görüşü haqqında şərhi

Bakı/30.11.21 Məşhur amerikalı politoloq Pol Qobl Soçidəki üçtərəfli görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı xüsusi nailiyyətlər əldə edildiyini düşünmür.

O, Putin-Əliyev-Paşinyan görüşünün yekunlarını Turan Agentliyinə şərh edərkən belə deyib: "Soçidəki görüş prosesi irəlilətmək üçün az iş görüb. Orada yalnız bəyanatlar olub, amma əsas məsələlərlə bağlı sazişlər olmayıb. Laçın və Qarabağın Ermənistana aid əraziləri ilə bağlı qərar olmadıqca sərhədlərin delimitasiyası mümkün deyil", deyə o bildirib.

Üçtərəfli görüş real dialoqun başlanğıcını qoya və nəqliyyat kommunikasiyalarının açılması prosesinə təkan verə bilərmi? Bu suala politoloq belə cavab verib: "Bunun necə ola biləcəyini görmürəm. Bütün görüş tərəflər arasında razılaşmaların əldə edilməsindən daha çox Rusiyanın müsbət rolunun vurğulanmasına həsr edilmişdi". 

Politoloq Rusiyanın Ermənistan və Azərbaycan arasında barışıq prosesini başa çatdırmaq üçün siyasi iradəsinin olub-olmaması haqqında suala da mənfi cavab verib. "Xeyr, Moskva görüşlər təşkil etməyə və bəyanatlar verməyə davam edəcək, amma onun öz marağı münaqişənin davam etməsinə şərait yaratmaqdan ibarətdir. Bu və ya digər tərəfin süqutu və nizamlanmanın qəbul etdirilməsi regionda Moskvanın təsirini heçə endirir", Qobl belə hesab edir.

Bu halda Qərb Ermənistana və Azərbaycana nə təklif edə bilər?

Bu suala  politoloq belə cavab verib: "Bu halda Qərb  ABŞ və Fransadır, onlar çox da fəal deyillər. Amma Əliyev və Paşinyanın Brüsseldə NATO-nun qərargah-mənzilində keçiriləcək görüşü vəziyyəti dəyişdirə bilər". -16B-

 



Turan
"24 saat"

XİN başçısı İranın qonşularla əlaqələrini genişləndirmək istəyini qeyd edib

Bakı/30.11.21 İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan İnstagram səhifəsindəki qeydində noyabrın 27-də İƏT-in 15-ci sammiti çərçivəsində Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünə toxunub və bildirib ki, İran qonşuları ilə əlaqələrini genişləndirməyə davam edəcək. Bu barədə İRNA məlumat yayıb.

"Aşqabadda İƏT-in 15-ci sammiti çərçivəsində mənim Azərbaycanın xarici işlər naziri ilə şəxsi görüşüm olub. Bu yaxşı görüş üçün hər iki ölkədə son iki həftə ərzində zəminlər yaradılıb", deyə Əmirabdullahiyan görüşdə imzalanan hərtərəfli sazişi nəzərdə tutaraq qeyd edib.

"Bu sazişin çərçivələri hər iki ölkənin maraqlarına uyğundur və hər iki prezidentin iradəsi münasibətləri hərtərəfli genişləndirməkdən ibarətdir", deyə o əlavə edib.

O yazıb ki, tranzit, energetika, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq razılaşdırılıb və ikitərəfli sazişə daxil edilib.

"İki ölkə bir-birinə yaxşı qonşu, qohum olmaq çərçivələrini aşır. Azərbaycan prezidenti bizim qayğılarımızla bağlı ümidləndirici sözlər deyib və bu, gələcək addımların əsasını təşkil edir", deyə o vurğulayıb.

Əmirabdullahiyan sonda yazıb ki, iki prezidentin görüşündən bir gün əvvəl çox mühüm siyasi, diplomatik məsləhətləşmələr və təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr aparılıb. -0-

 



Turan
"24 saat"

Maliyyə Nazirliyi prezidentin aksiz markaları haqqında fərmanını icra etmək iqtidarında olmadığını təsdiq edib

Bakı/30.11.21 Gəncənin Finest Tobacco kommersiya şirkətinin sahibi Orxan İsmayılov Maliyyə Nazirliyi siqaret satmaq üçün lazım olan aksiz markalarını ona verməkdən imtina etdiyinə görə Belorusiyadan idxal etdiyi malı sata bilmədiyini Turan-a bildirmişdi.

Onun şirkəti 23.12.202-ci ildə Maliyyə Nazirliyinə, nazir Samir Şərifova müraciət edib. Maliyyə Nazirliyi ticari biznesə aksiz markaları vermək səlahiyyətinə malikdir. Maliyyə Nazirliyindən yalnız markaların Dövlət Vergi Xidmətinin Razılıq Protokolu olmadığına görə verilmədiyini bildirirlər. Bu protokol olmadan aksiz markaları sifarişləri yerinə yetirilə bilməz.

Turan Agentliyi biznesmen Orxan İsmayılovun şikayəti ilə bağlı Maliyyə Nazirliyinə göndərdiyi müraciətinə cavab alıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Piriyev rəsmi məktubunda xatırladır ki, prezidentin 20 dekabr 2018-ci il tarixli fərmanı ilə aksiz markalarının istehsalı və şirkətlərə verilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılıb. Amma bu proses qanunvericilik səviyyəsində nizamlanana qədər bu öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulub, nazirlik Razılıq Protokolunu tərtib edərək, aksiz markalarının verilməsini İqtisadiyyat Nazirliyi ilə razılaşdırmalıdır.

Məktub aşağıdakı sözlərlə yekunlaşır: "diqqətə almağınızı xahiş edirik".

Turan Maliyyə Nazirliyinə biznesmenin aksiz markaları alması ilə bağlı bürokratik proseduru xatırlatdığı cavabına görə təşəkkür edir. Amma Orxan İsmayılova biznesini inkişaf etdirmək üçün prosedurlar haqqında məlumat lazım deyil, o, öz acı təcrübəsindən bunları bilir, ona bütünlükdə Maliyyə Nazirliyindən və Vergi Xidmətindən asılı olan konkret problemin həlli lazımdır.

Turan dövlət idarələrinə xatırladır ki, onların öhdəliyi müxtəlif nazirliklər arasında mövcud uyğunsuzluqlar haqqında məlumat yer alan məktublar göndərmək deyil, Azərbaycan biznesində onsuz da ağır olan vəziyyəti daha da pisləşdirən bu nöqsanları həll etməkdir.

Niyə bəzi Azərbaycan şirkətləri aksiz markaları alırlar və ölkə bazarını rəqibsiz idxal siqaretlərlə təmin edə, satılan məhsulun keyfiyyətini düşünmədən onların qiymətini şişirdə bilir? Gəncədə keyfiyyətli mal təklif edən şəxs isə iki nazirliyin daxili problemlərini həll edə bilməməsi səbəbindən işləyə bilməyərək ziyan çəkir?

İsmayılov hesab edir ki, Maliyyə Nazirliyi uydurma səbəblə onun şirkətinə aksiz markaları verməkdən imtina edərək, tütün məmulatlarının satışı sahəsində böyük Azərbaycan inhisarçısının sifarişini yerinə yetirir. İnhisarçı Tabaterra QSC şirkəti Milli Məclisin deputatı Cavanşir Feyziyevlə bağlıdır.

İsmayılovun 22.11.2021-ci il tarixində Dövlət Vergi Xidməti yanında Aksizli Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanovla telefon söhbəti zamanı biznesmenin nəzərinə çatdırılıb ki, onun rəhbərlik etdiyi şirkət tütün satışları inhisarçısının gizli ticarət sahəsində fəaliyyət göstərir. Biznesmendən vergi qanunvericiliyini pozduğuna dair könüllü ərizə tələb edirlər, bir halda ki, vergi yoxlaması Finest Tobacco-da pozuntu aşkar etməyib. Vergi işçiləri rəsmi olaraq Maliyyə Nazirliyinə şirkətin işində pozuntu olmadığını bildirmək istəmirlər. Vergi Xidmətinin müsbət rəy verməməsi səbəbindən isə Maliyyə Nazirliyi İsmayılova aksiz markaları vermir. Beləcə, inhisarçının xoşuna gəlməyən rəqib şirkətlərin fəaliyyətinin qarşısı alınır ki, bu da istehlak bazarında qiymətlərin artmasına, satılan malların keyfiyyətinin azalmasına gətirib çıxarır. -0-

 



Turan
"24 saat"

Daha bir təşkilat Saleh Rüstəmovu azad etməyi tələb edib

Bakı/30.11.21 Siyasi Məhbuslar Monitorinq Mərkəzi öz bəyanatında Gədəbəy rayonunun keçmiş İcra Hakimiyyəti başçısı Saleh Rüstəmovu azad etməyi və ölkədə repressiyalara son qoymağı tələb edib.

"Ədliyyə sistemində özbaşınalıq davam edir və artır. Qanunsuz həbslər, saxta ittihamlar, sifarişli hökmlər, işgəncələr - bütün bunlar hakimiyyət tənqidçilərinə qarşı siyasətin alətləridir.

Cəmiyyətin bütün təbəqələrində - müxalifətçilər, dindarlar, vətəndaş fəalları, keçmiş məmurlar arasında istənilən fərqlli düşüncə təzahürü sərt cəzalandırılır.

Saleh Rüstəmov qanunsuz hökmə qarşı sonuncu etiraz vasitəsinə - aclığa əl atıb", deyə təşkilatın bəyanatında qeyd edilir. Təşkilat Rüstəmovu dərhal azad etməyi tələb edir.

Bəyanatda həmçinin ağır xəstə olan keçmiş baş prokuror Eldar Həsənova lazımi tibbi xidmətin göstərilmədiyi, habelə bir sıra keçmiş məmurların həbsdə COVİD-19-dan vəfat etdityi qeyd edilir.

Bütün bu insanlar Azərbaycan vətəndaşlarıdır və müvafiq hüquqlara malikdirlər, dövlət isə hər bir məhbusun həyatına görə məsuliyyət daşıyır. Amma təcrübədə cəza sistemində məhbusların saxlanma şəraiti və onlara qarşı rəftar beynəlxalq standartlara uyğun deyil, məhbuslar təzyiqə, işgəncələrə məruz qalır, vaxtlı-vaxtında tibbi yardım almırlar.

Bütün bunlar Avropa İnsan Hüquqları Konvensiyası normalarının, xüsusən 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrinin pozuntusudur.

"Biz keçmiş siyasi məhbuslar repressiyalara dərhal son qoymağı, məhbusların ölümündə təqsiri olanları və işgəncələri icra edənləri araşdırmağı, Saleh Rüstəmovu azad etməyi, ağır xəstə olan təqsirləndirilən şəxslərə qarşı qətimkan tədbirlərini dəyişdirməyi tələb edirik.

Azərbaycan onsuz da hüquq müdafiə təşkilatlarının indekslərində "azad olmayan dövlətlər" arasında yerini möhkəmləndirib, buna görə ölkəni beynəlxalq sanksiyalar gözləyə bilər", deyə Mərkəzin bəyanatında qeyd edilir.

Siyasi Məhbuslar Monitorinq Mərkəzi 2021-ci ilin oktyabrında başda Elşən Həsənov olmaqla, bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən yaradılıb. -06D-

 



Turan
"24 saat"

Fəallar Saleh Rüstəmovu müdafiə aksiyası keçirmək niyyətindədirlər

Bakı/30.12.21 Bakı Şəhər İcra Hakimiyyətinə dekabrın 1-də Bakının mərkəzində siyasi məhbus Saleh Rüstəmovun azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilməsi niyyəti haqqında bildiriş göndərilib. Müraciət gənc fəallar İlkin Rüstəmzadə və Mete Türksoy adından göndərilib.

"Saleh Rüstəmov 25 gündür aclıq edir. Onun həyatı təhlükədədir. Biz Saleh Rüstəmovun azad edilməsi tələbi ilə dinc mitinq keçirmək hüququmuzdan istifadə etmək qərarına gəldik. İcra hakimiyyətinə mitinq iştirakçılarının təhlükəsizliyini təmin etmək xahişi ilə müraciət göndərdik", deyə Rüstəmzadə Turan agentliyinə bildirib.

Aksiyanın dekabrın 1-də saat 15:00-da Fəvvarələr Meydanında "Qarabağ veteranına azadlıq!" şüarı altında keçirilməsi planlaşdırılır, deyə o qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb. -06Â-

 



Turan
"24 saat"

BMT məhkəməsi Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddiaları üzrə qərar çıxaracaq

Bakı/30.11.21 BMT-nin Beynəlxalq Məhkəməsi dekabrın 7-də Azərbaycanın Ermənistana qarşı "İrqi ayrı-seçiliyin bütün formalarının ləğvi haqqında" Beynəlxalq Konvensiyanın pozulması haqqında iddiası üzrə qərar çıxaracaq. Bu barədə məhkəmənin saytında yer alan məlumatda deyilir.

Elə həmin gün Ermənistanın Azərbaycana qarşı analoji iddiası üzrə qərar çıxarılacaq.

Azərbaycan və Ermənistan bu ilin sentyabrında bir-birinə qarşı iddia qaldırıb. Qarşılıqlı ittihamlar vətəndaşların milli mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, etnik təmizləmələr, ədavət salınması ilə bağlı idi.

Oktyabrda BMT məhkəməsi Haaqada Azərbaycanın Ermənistana və Ermənistanın Azərbaycana qarşı iddiası üzrə dinləmələr keçirib. -02D-

 



Turan
"24 saat"

Azad edilmiş ərazilərdə 73 nəfər mülki şəxs minaya düşüb

Bakı/30.11.21 Erməni işğalından azad edilmiş ərazilərdə 73 nəfər mülki şəxs minaya düşüb, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verib.

Statistik təhlillərə görə, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib.

Bununla əlaqədar ANAMA vətəndaşları azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinməyə çağırır. 

Eyni zamanda, ANAMA qeyd edir ki, mülki şəxslərin həlak olması hallarının davam etməsinə baxmayaraq, Ermənistan minalanmış sahələrin xəritələrini təqdim etməkdən imtina edir. -05D-

 



Turan
"24 saat"

SOCAR-da ixtisarlar planlı xarakter daşıyır

Bakı/30.11.21 Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) ixtisarlar olduğu deyilir. Bu cür məlumatlar artıq bir neçə ildir mütəmadi olaraq mətbuatda yer alır. Sonuncu dəfə bununla bağlı iddialar ötən il aprelin sonunda gündəmə çıxmışdı. Lakin SOCAR-ın özü həmin iddiaları rədd edib kadr islahatları apardığını bildirmişdi.

Azərbaycan Dövlət Neft Şirkətindən Turan-a bildirilib ki, optimallaşdırma tədbirləri ilə əlaqədar olaraq bu günə qədər 1674 işçi "sərbəstləşdirilib".

Qeyd olunub ki, qanunvericilikdə də bu məfhum təsbit olunub. "Məşğulluq haqqında Qanunda da qeyd olunub ki, sərbəstləşdirilən işçilər – dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslərdir".

Şirkətdən vurğulanıb ki, qanunvericilik bunu tələb etməsə də, SOCAR öz sosial məsuliyyəti nəticəsində sərbəstləşdirilən və ya işsiz qalan işçilərinə şirkət daxilində başqa iş yerləri təklif edir.

Bildirilib ki, sərbəstləşən işçilərə son aldıqları ortalama aylıq əmək haqqının 50 faizinin hər ay ödənilməsi təklif olunur. "Həmin müddətdə isə şirkət həmin sərbəstləşdirilmiş və ya fəaliyyətsiz qalmış işçilərinə daxili vakansiyalar təklif edir və onların mümkün qədər tez yenidən işə qəbul olunması üçün kənardan işə qəbulu məhdudlaşdırılır".

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə bildirib ki, SOCAR-da islahatlar 2014-cü ildə də aparılmışdı. "1999-cu ildə Natiq Əliyev hələ SOCAR-ın rəhbəri olanda hasilat aşağı düşüb və ixtisarlardan qaçmaq üçün qərar verilmişdi ki, şirkətə işə qəbulu saxlanılsın. 2006-cı ildə isə Rövnəq Abdullayev SOCAR-ın prezidenti təyin olundu və işə qəbul başlandı, şöbələr əvəzinə idarələr yaradıldı və işçilərin sayı kəskin artdı".

Hüquq müdafiəçisi deyir ki, OPEC+ neftin hasilatının azaldılması ilə bağlı qərar qəbul edəndən sonra Azərbaycanda dörd neft quyusu bağlanıb. "Orada çalışanlar isə ixtisara düşdü, adını isə optimallaşma qoydular. Daha sonra qeyri-qanuni imtahanlar keçirməyə başladılar".

Onun sözlərinə görə, ixtisara düşmüş işçilərə şərt qoyulub. "Dedilər ki, siz müəyyən qaydalara əsasən kompensasiya alırsınız və Məşğulluq İdarəsində uçota düşürsünüz. Amma, qanuna əsasən, əgər ixtisara düşən şəxsin torpaq payı varsa, o, məşğul şəxs kimi tanınır və uçota götürülmür. Bundan başqa, kompensasiya kimi əmək haqqının 5 mislini götürüb işdən çıxan adamın razılaşma müqaviləsində yazılır ki, o, heç yerə şikayət edə bilməz və gələcəkdə SOCAR və onun tərəfdaşlarının gələcəkdə elan etdiyi mesabiqədə iştirak edə bilməz".

Qəhrəmanlı qeyd edib ki, işdən çıxarılan və "ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığının təmin olunması" proqramına qoşulan işçilərin müqaviləsində ixtisar sözü yoxdur deyə, əslində ixtisar olunmuş şəxslərin sayını müəyyən etmək mümkün deyil. -0-

 



Turan
"24 saat"

İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib

Bakı/30.11.21 Noyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri xanım Zobaida Cəlalı qəbul edib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində iştirak edən xarici şirkətlər sırasında Pakistan şirkətlərini də görməkdən məmnun olardı.

Nazir Zobaida Cəlal ölkəsinin Azərbaycan ilə qardaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayaraq, bu münasibətlərin illər ərzində özünü doğrultduğunu bildirib. O, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbənin Pakistanda bayram tədbirləri ilə qeyd edildiyini bildirərək, bunu iki ölkə arasında olan qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirib.

Qonaq Azərbaycan-Pakistan Birgə Komissiyasının iclasının da əlaqələrin genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələr də daxil olmaqla əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkələrimizin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədikləri xüsusi qeyd olunub. -02D-

 



Turan
"24 saat"

Sərhəd qoşunlarının helikopterinin qəzaya uğraması nəticəsində 13 hərbiçi və bir mülki şəxs həlak olub

Bakı/30.11.21 Bu gün Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb:

DTX həlak olanların adlarını açıqlayıb: 

- polkovnik Fizuli Cavadov 

- polkovnik-leytenant Emil Nəzirov 

- mayor Elmir Həsənov 

- mayor Emil Mayılov 

- mayor Elbrus Əhmədov 

- mayor Murad Məmmədov 

- mayor Emil Əliyev

- tibbi xidmət kapitanı Ceyhun Əhmədxanov

- kapitan Cavid Bayramlı 

- kapitan Xəyyam Əliyev 

- kapitan Teymur Qaraisayev 

- leytenant Abdulla Süleymanov 

- baş leytenant Fərid Nağıyev 

- işçi Elçin Nəbiyev.

Polkovnik-leytenant Emin Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

Azərbaycan prezidenti İlham Əliyev həlak olanların ailələrinə başsağlığı verib. 

Azərbaycanın güc qurumları daxilində ən böyük qəza olan bu aviaqəzanın səbəbləri naməlum olaraq qalır. Qəzaya uğrayan helikopterin modeli və qəza şəraiti barədə də məlumat verilmir. -06Â-

 



Turan
"24 saat"

Eko fəal Bakı Zooloji Parkının qarşısında etiraz aksiyasına cəhd edib

Bakı/30.11.21 Noyabrın 30-da eko fəal Kamran Məmmədli Bakı Zooloji Parkının qarşısında etiraz aksiyasına cəhd etdiyi bildirilir.

K.Məmmədli vəhşi təbiətə aid olan heyvanları zooloji parkda saxlanmasına etiraz edib. O, əlində "Heyvan həbsxanası" sözləri yazılmış plakatı tutaraq bəyanat səsləndirməyə cəhd edib. Həmin zaman o, polis əməkdaşları tərəfindən zooloji parkının inzibati ərazisinə aparılıb, plakatı əlindən alınıb. 

Bir neçə dəqiqədən sonra oradan çıxarılan və polis polis maşınına mindirilən fəal jurnalistlərə saxlanılma zamanı fiziki təzyiqə məruz qaldığını və polis bölməsinə aparıldığını deyib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. -0-

 



Turan
"24 saat"

Baş Prokurorluq helikopterin qəzaya uğraması faktı ilə bağlı cinayət işi qaldırıb

Bakı/30.11.21 Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonunun Qaraheybət poliqonunda təlim uçuşu zamanı qəzaya uğraması ilə əlaqədar cinayət işi açılıb.

İstintaq Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə aparılır.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir", deyə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir. -0-

 



Turan
"24 saat"

Saleh Rüstəmov aclığı davam etdirir

Bakı/30.11.21 Vəziyyətinin kəskin şəkildə pisləşməsinə baxmayaraq, Saleh Rüstəmov 25-ci gündür ki, aclığı davam etdirir. Bu barədə Turan-a noyabrın 30-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində Rüstəmova baş çəkən vəkil Bəhruz Bayramov bildirib.

"Salehin vəziyyəti pisləşməkdə davam edir. O, ağrılarına görə yatmır, amma aclığı dayandırmayacaq", deyə vəkil bildirib.

"Aclıq kritik həddə yaxınlaşır", deyə o qeyd edib. 

* Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. O, noyabrın 6-dan etibarən azad edilməsi tələbi ilə müddətsiz aclıq aksiyası keçirir. -03Â06-

 



Turan
"24 saat"

AXCP üzvü Şüvəlan istintaq təcridxanasında saxlanma şəraitinin pis olmasından şikayət edib

Bakı/30.11.21 Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov Şüvəlan istintaq təcridxanasında saxlanma şəraitindən şikayət edib. Bu barədə Turan-a onun həyat yoldaşı Aygün Hümbətova bildirib.

Onun sözlərinə görə, ötən həftənin sonlarında o, istintaq təcridxanasında həyat yoldaşına baş çəkib. "Aqilin kamerasında 12 nəfər saxlanılır. Kamerada pəncərə qırıqdır və soyuqdur. Üstəlik, onun döşşəyi yırtılıb, ona başqa döşşək vermirlər və o, gödəkçəsinin üstündə yatır", deyə həyat yoldaşı bildirib.

Öz növbəsində, Penitensiar Xidmətdən Turan-a bildiriblər ki, saxlanma şəraiti ilə bağlı şikayətlər rəsmi olaraq verilməlidir.

Xatırladaq ki, Hümbətov bu il avqustun 11-də saxlanılıb və CM-in 126.2.4-cü (xuliqanlıq niyyətilə, ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub. Xüsusən, o, Zirə qəsəbəsinin sakini Yəmən Məmmədova bıçaq zərbəsi endirməkdə ittiham olunub.

Amma hüquq müdafiəçilərinin qənaətinə görə, Hümbətova qarşı təxribat törədilib, fəalın həbsinin əsl səbəbi isə onun sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsi olub.

Bir il əvvəl Hümbətov İnternetdə hakimiyyətin ünvanına tənqidi çıxışından sonra ruhi xəstəxanaya yerləşdirilib. Noyabrın 15-də məhkəmə onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. -06Â-

 



Turan
"24 saat"

Helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur – Baş prokurorluq

Bakı/30.11.21 Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur. İstintaqın hazırki mərhələsində müəyyən edilmişdir ki, noyabrın 30-u saat 10 radələrində döyüş təlimlərinin keçirilməsi məqsədilə uçuş həyata keçirmək üçün havaya qalxmış DSX-ya məxsus  Mİ-17 markalı helikopterin qəzaya uğraması faktında hər hansı kənar müdaxilənin olması istisna olunur. Bu barədə Baş prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir.

Hadisənin pilotun ehtiyatsızlığı, helikopterdə baş vermiş hər hansı texniki nasazlıq, hava şəraiti, o cümlədən hər-hansı digər səbəbdən  baş verməsi  ilə bağlı bütün ehtimallar ətraflı yoxlanılır. 

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən qara qutunun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Eyni zamanda Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət yaradılmış istintaq qrupu tərəfindən zərərçəkmiş Emil Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, o cümlədən zəruri sorğular verilmişdir.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.-0



Turan
"24 saat"

Nazir icra başçısının oğluna vəzifə verdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu yüksək vəzifəyə təyin edib.


Xəbəri "Qaynarinfo” yayıb.


Məlumata görə, nazirin müvafiq əmri ilə Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini təyin olunub.


Polkovnik S.Qaraşov bundan əvvəl Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışırdı. 

Azərbaycanın 14 hərbçisi qəzada həlak olub (YENİLƏNİB)

Dövlət Sərhəd Xidməti (DSX) "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzada həlak olan hərbi qulluqçuların adlarını açıqlayıb.


1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.


Hadisə zamanı polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıblar.
***
16:01

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonununda qəzaya uğrayıb.


Hadisə nəticəsində həlak olanların və yaralananların olduğu bildirilir. 


Meydan TV-nin əldə etdiyi ilkin məlumata görə, helikopterdə ekipaj üzvü ilə birlikdə 20 nəfərə yaxın zabit olub. 
Aralarında polkovnik, mayor rütbəsi daşıyanlar da var. 


DXS-da olan yüksək rütbəli mənbənin sözlərinə görə, yaralılardan 4-nün vəziyyəti ağırdır, 10 nəfərdən artıq şəxs həyatını itirib. Ekipaj üzvləri haqda rəsmi məlumat yoxdur. 


Meydan TV helikopterdə olan şəxslərin siyahısını da əldə edib. Lakin rəsmi açıqlama olmadığından yayımlamır.


Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda qəzanın saat 10:40 radələrində "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən baş verdiyi qeyd olunub.


Məlumata görə, Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir: "Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir”.

“Omikron” ştamıyla bağlı əhaliyə çağırış edildi

Aparılan tədqiqatlardan əldə olunmuş nəticələr bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.


Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin noyabrın 30-da yaydığı birgə məlumatda bildirilib.


Qeyd olunub ki, əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.


"Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün vaxt itirmədən gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunlaldır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur", - məlumatda qeyd olunub.


Həmçinin bildirilib ki, Cənubi Afrikada aşkarlanan "Omikron" ştamına qısa müddətdə bir çox ölkələrdə: Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib.

Dövlət ittihamçısı Zakir Sultanova 12 il iş istədi

Keçmiş xidmət rəisinin məhkəməsi yekunlaşır


Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi, 5.3 milyon manatlıq mənimsəmədə ittiham olunan Zakir Sultanovun məhkəməsi yekunlaşır. 


Noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə prosesində araşdırmaların başa çatdığı elan olunub.


Hərçənd, Zakir Sultanovun vəkilləri məhkəmə istintaqının bitməsinə etiraz edib: "Mülki iddia ilə bağlı müəyyən ziddiyyətlər var. Bu məsələ ilə əlaqədar vəsatətlərimiz olacaq. Bir sıra sənədlər elan olunmayıb”.


Zakir Sultanov isə vəkilləri ilə razılaşmayıb və məhkəmə istintaqının yekunlaşmasını istəyib.


Hakim Zeynal Ağayev işdə olan bir sıra sənədləri, o cümlədən Zakir Sultanovun  evindən axtarış zamanı 180 min dollar və 10 min manat götürülməsi, onun bank içində 600 min dollar vəsait olan bank hesabı üzərinə həbs qoyulması, yaxınlarının istintaqa 4 milyon manat təqdim etməsi haqda sənədləri elan edib.


Zakir Sultanov özü də bu vəsaitlərin mülki iddianın təmin olunmasına yönəldilməsini istəyib. 


Mədəniyyət Nazirliyi məhkəmədə ona qarşı 5 milyon 300 min manatlıq mülki iddia qaldırıb.


Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prokuror çıxışında Mədəniyyət Nazirliyinin mülki iddiasının təmin olunmasını istəyib. 


Zakir Sultanovun himayəsində iki azyaşlı uşağın olması, ailəsinin 4 milyon manat ödəməsini isə yüngülləşdirici hal kimi qiymətləndirib. 


Prokuror bildirib ki, Zakir Sultanov Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur. Lakin 313-cü maddə ilə cəlbetmə müddəti keçib. 


Ona görə də bu maddə ilə təqsirli bilinsə də, ona cəza təyin olunmamalıdır. Digər maddə ilə onun 12 il azadlıqdan məhrum edilməsini istəyib.


Vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bu üzdən məhkəmə dekabrın 14-nə qədər təxirə salınıb.


Zakir Sultanov DTX əməkdaşlarının 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir müavini Rafiq Bayramovla birlikdə saxlanılıb. 


Rafiq Bayramovun işi üzrə istintaq yekunlaşdırılıb iş məhkəməyə göndəriləndə Zakir Sultanovun işi ayrıldı. 


Rafiq Bayramova Bakı Ağır Cinayətlər Məhkəməsi 8 il həbs cəzası kəsib, lakin apelyasiya məhkəməsi cəzanı 4 ilə endirib.(Meydan TV)

Təcridxanadakı şəraitdən narazıdır



Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Aqil Hümmətov saxlanma şəraitindən narazıdır. Bu barədə onun həyat yoldaşı Aygün Hümmətova məlumat verib. Onun sözlərinə görə, ötən həftənin axırı yoldaşı ilə görüşəndə A.Hümmətov saxlandığı 3 saylı İstintaq Təcridxanasında şəraitin pis olmasından şikayət edib: "Qaldığı otaqda 12 nəfər saxlanılır. Otağın pəncərəsi sınıqdır və buna görə otaq çox soyuqdır. Üstəlik də, döşək pis vəziyyətdədir deyə, ona başqasının verilməsini istəyib, amma xahişi nəzərə alınmayıb. Mənə dedi ki, gödəkcəni altına qoyur yatır".


Penitensiar Xidmətin Mətbuat xidmətindən isə "Turan"a bildirilib ki, saxlanma şəraitindən hər hansı şikayət varsa, onlara rəsmi müraciət olunmalıdır.


Bu il noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hümmətov 10 il azadlıqdan məhrum edilib. Rəsmi ittihama görə, A.Hümmətov üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə Bakı şəhəri, Zirə qəsəbəsi, Bağ massivində fərdi yaşayış evinin həyətində Yamən Məmmədov adlı bir şəxsi qarın nahiyəsindən vurmaqla onun sağlamlığına ağır xəsarət yetirib.


A.Hümmətov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib. Amma AXCP onun saxta ittihamla şərləndiyini açıqlayıb.


Xatırlatma


2021-ci ilin avqustundan həbsdə olan A.Hümmətov məişət tullantılarını çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə zibillərin yığışdırılması və s. işlərlə məşğul olmaqla ailəsini dolandırırdı. O, bundan öncə də bir neçə dəfə inzibati qaydada həbs edilib, məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilib. O zaman da Hümmətov özünü təqsirli bilmir, hökumətin ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyirdi. O, prezidentdən uşaqlara aylıq müavinətin verilməsini tələb edirdi.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

'Leonard' kometi Yerə yaxınlaşır



Bu il yanvarın 3-də Arizonada Maunt Lemmon Rəsədxanasında Qreqori Leonardın kəşf etdiyi C/2021 A1 (Leonard) kometi sürətlə Yerə yaxınlaşır.


Bu barədə bu gün, noyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.


Məlumatda qeyd edilir ki, komet saatda 70 km sürətlə hərəkət edir: "Bu səbəbdən onun fəzadakı vəziyyəti Yerdəki müşahidəçi üçün hər həftə dəyişir. Hazırda Şimal yarımkürəsində orta enliklərdə kiçik teleskoplarla "Leonard" kometini müşahidə etmək mümkündür".


Dekabrın ikinci yarısında komet artıq Cənub yarımkürəsinə keçəcək və 25-də Mikroskop bürcündə müşahidə ediləcək. Bildirildiyinə görə, onu hətta adi gözlə belə aydın müşahidə etmək mümkün olacaq: "Komet hiperbolik trayektoriya üzrə hərəkət edir. Bu isə o deməkdir ki, komet Günəş sistemini tərk edəcək və bir daha geri qayıtmayacaq".



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hərbi helikopter Xızıda qəzaya uğrayıb, həlak olanlar var



Bu gün, noyabrın 30-da saat 10:40 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.


Bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun birgə məlumatında bildirilir.


Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

29 Kasım 2021 Pazartesi

Azercell sosial şəbəkələrdə yarışma elan edir

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi münasibətilə xüsusi hədiyyələr oynanılacaq

Bu il Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 140 ili tamam olur. Bu münasibətlə ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC abunəçiləri arasında müsabiqə elan edir. Müsabiqə rabitənin 140 illiyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir.

“Rabitənin dünəni və bu günü” mövzusuna həsr olunmuş müsabiqə 28 noyabr–6 dekabr tarixləri arasında Azercell-in rəsmi sosial şəbəkə hesablarında keçiriləcək. Yarışma iştirakçıları təqdim olunan şəkillərdə gizlin detalları aşkara çıxarmaqla hədiyyə qazanacaqlar. “Gizlini aşkara çıxar, hədiyyəni apar” şüarı ilə keçiriləcək yarışma qeyd olunmuş zaman çərçivəsində abunəçilərə müxtəlif hədiyyələr qazanmaq imkanı verəcək.  

Xatırladaq ki, Azərbaycanda ilk telefon xətti 1881-ci il noyabr ayının 23-də istismara verilib. Uzunluğu 6 km olan bu telefon xətti “Nobel qardaşlarının neft istehsalı şirkəti”-nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirib. Elə həmin tarix ölkəmizdə rabitə əsrinin başlanğıcı kimi qəbul edilir.

Azərbaycanda mobil rabitə sektorunun flaqmanı sayılan “Azercell Telekom” MMC-nin hazırladığı müsabiqələr hər zaman müasir cəmiyyətin, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafına, tariximizin öyrənilməsinə və təbliğatına xidmət edir.

Müsabiqədə iştirak edin, həm maariflənin, həm də hədiyyə qazanın!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.®

 



Turan
"24 saat"

İran Zəngəzur dəhlizini dəstəkləyir

Bakı/29.11.21 Bazar günü Aşqabadda İran və Azərbaycan prezidentlərinin görüşü zamanı Raisi həmçinin xatırladıb ki, Qarabağ məsələsində Tehranın "açıq və birmənalı mövqeyi olub". "Ali rəhbərdən dövlət qurumlarının məmurlarına qədər hamı o mövqedə olub ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir”, - o deyib.

Öz növbəsində İlham Əliyev deyib ki, Azərbaycan İranla münasibətlərə böyük önəm. "Bu, bizim ilk görüşümüzdür. Əminəm ki, bu görüş Azərbaycan-İran əlaqələrinə güclü təkan verəcək", - IRNA Agentliyi Əliyevdən sitat gətirir.

Mənbənin məlumatına görə, prezidentlər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Qeyd olunub ki, Zəngəzur dəhlizinin yaradılması İrana da sərfəlidir. Həmçinin Azərbaycan, Rusiya, İran enerji dəhlizinin yaradılması müzakirə olunub. -0-

 



Turan
"24 saat"

Gəncədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı narkotik maddələrin yayılmasında ittiham olunub

Bakı/29.11.21 Noyabrın 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Həsənov Gəncə şəhər polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Turan-a Azərbaycan Xalq Cəbhəsi Partiyasından  bildiriblər.  

Məlumatda deyilir ki, onun evində axtatış aparılıb.

Partiyanın  məlumatına görə, şahmat məşqçisi olan Hacıyevə qarşı  narkotik maddə  ittihamı ilə cinayət işi açmaq istəyirlər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, Hacıyev siyasi fəaliyyətinə görə təqib edilir. Onun sözlərinə görə, təkcə bu il polis tərəfindən dəfələrlə saxlanılıb, 2 dəfə inzibati qaydada 30 sutka müddətinə həbs olunub: "Onun  polis tərəfindən daimi təqib altında olması sosial şəbəkələrdə yazdığı sərt tənqidi qeydlərlə bağlıdır. Bu dəfə daha ciddi cəzalandırmaq  istəyirlər".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətində  Hacıyevin narkotik vasitələr şübhəsilə saxlanıldığını təsdiqləyiblər. "Hazırda araşdırma aparılır",-   mətbuat xidmətindən bildiriblər. 06D-

 



Turan
"24 saat"

Saleh Rüstəmlini müdafiə kampaniyası genişlənir

Bakı/29.11.21 Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası bəyanatla çıxış edərək hakimiyyətdən siyasi məhbus Saleh Rüstəmlinin azadlığa buraxılmasını tələb edib.O, azaldığa buraxılmaq tələbilə 24 sutkadır ki, aclıq edir.  

Demokratik Şura hesab edir ki, o, saxta və siyasi motivli ittihamlarla mühakimə edilib.

Demokratik Şura Rüstəmlinin həyatına təhlükəyə görə məsuliyyəti ölkə rəhbərliyinin üzərinə qoyur.

Sənədin müəllifləri qeyd edirlər ki, Rüstəmli Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır və Azərbaycan torpaqlarının müdafiəsilə bağlı əməliyyatlarda mühüm rol oynayıb.

Azərbaycan hakimiyyəti erməni hərbçilərə qarşı humanizm göstərir, ancaq müharibə veteranına zindanda əziyyət edir.

Müəlliflər beynəlxalq birliyi və Azərbaycan xalqını Rüstəmlini müdafiə etmək üçün səslərini ucaltmağa, Azərbaycan hökumətindən onu azad olunmasını tələb etməyə çağırırlar.

Bu gün Müsavat Partiyası da Rüstəmlinin azaldığa buraxılmasını tələb edib.

"Siyasi məhbus Saleh Rüstəmlinin aclığı səhhətini və həyatını təhlükə altında qoyub. "Müsavat Partiyası Saleh Rüstəmlinin həbsini qanunsuz hesab edir və onun dərhal azaldığa buraxılmasını tələb edir", - bəyanatda deyilir.

Liberal Partiyanın bəyanatında da Rüstəmlinin uzun müddət aclıq etməsinə görə vəziyyətilə bağlı narahatlıq ifadə olunub.

"Azərbaycan Liberal Partiyası Rüstəmlinin həyatı üçün yaranmış təhlükədən olduqca narahatdır və hakimiyyəti humanizm göstərməyə, onun həyatını xilas etmək üçün həbsdən azad etməyə çağırır", - partiyanın bəyanatında deyilir.

Vətəndaş Həmrəyliyi Partiyası hesab edir ki, Azərbaycan prezidentinin elan etdiyi hüquq sisteminin islahatına uyğun olaraq, Rüstəmli cəza müddətinin yarıdan çoxunu çəkməsi nəzərə alınmaqla azad edilə bilər.

"Biz inanırıq ki, hakimiyyət Qarabağ müharibəsi veteranının taleyinə biganə qalmayacaq ", - partiyanın bəyanatında bildirilir.

Bu gün Norveç Helsinki Komitəsi Rüstəmlinin azadlığa buraxılması ilə bağlı çağırışını təkrar edib.

Təşkilatın Facebook səhifəsində dərc olunan bəyanatında əvvəlcə Rüstəmlinin oğlu haqda fikirlər yer alıb:

“Atamı gözümüzün önündə yavaş-yavaş öldürürlər”.

Norveç Helsinki Komitəsi hesab edir ki, “İstər Azərbaycanda, istərsə də xaricdə Rüstəmli işinin sarsıdıcı ədalətsizliyinə daimi diqqət göstərilməsə, Azərbaycan hakimiyyəti hərəkətə keçməyəcək”.

"Biz bütün tərəfdarlarımıza, milli hökumətlərə və beynəlxalq təşkilatlara müraciət edərək Rüstəmlinin dərhal azadlığa buraxılmasına və onun həyatını xilas etmək üçün öz seçdiyi müstəqil həkimlər tərəfindən ona təcili tibbi yardım göstərilməsinə çağırırıq", - bəyanatda bildirilir.—06D-

 



Turan
"24 saat"

Polis maliyyə piramidasının təşkilatçılarını saxlayıb

Bakı/29.11.21 Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Crowd 1” maliyyə piramidasının üzvlərinin saxlanıldığını bildirib.

Beynəlxalq şəbəkənin üzvləri Qabil Bədəlov, Amin Hüseynov, Əlövsət Mazandarov, Səbuhi Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva saxlanılıblar.

Onlar “Crowd-1”in dələduzluq piramidası olduğunu etiraf etdilər. Onların Bakı və Gəncədə yerləşən ofislərində axtarış zamanı sənədlər və elektron daşıyıcılar aşkarlanıb, Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Şəbəkənin təşkilatçıları vətəndaşlara onların vəsaitlərini beynəlxalq şirkətlərə investisiya qoyacaqlarını vəd ediblər. Lakin, əslində, bank kartlarında vətəndaşların əmanətləri dondurulmuş idi.

Şəbəkənin təşkilatçıları vətəndaşlara onların vəsaitlərini beynəlxalq şirkətlərə yatıracaqlarını vəd ediblər. Lakin reallıqda vətəndaşların bank kartlarındakı əmanətləri dondurulmuş olub.

Faktla bağlı cinayət işi qaldırılıb. Piramidanın altı iştirakçısı məhkəmənin qərarı ilə həbs edilib. –03D-

 



Turan
"24 saat"

Azərbaycan Demokratiya və Rifah Partiyası maaşların, müavinətlərin artırılmasını və Saleh Rüstəmlinin azadlığa buraxılmasını tələb edib

Bakı/29.11.21 Noyabrın 28-də Azərbaycan Demokratiya və Rifah Partiyasının  Ali Məclisi birinci sessiyasında 13 nəfərdən ibarət İdarə Heyəti formalaşdırıb.

İdarə Heyətinə Adil Qeybulla, Arif Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Malik, Rafiq Abdulla, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı daxildir.

Partiyanın rəhbəri Qubad İbadoğlu "İctimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr" mövzusunda məruzə ilə çıxış edib.

Partiya Azərbaycan hökumətinə müraciət edərək Laçında sərhəd-buraxılış və gömrük məntəqələri yaratmaqla ölkə ərazisini tam nəzarətə götürməyə, erməni yaraqlıların Dağlıq Qarabağdan çıxarılmasını təmin etməyə, məcburi köçkünləri geri qaytarmağa, həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən layihələr barədə cəmiyyətə hesabat verməyə çağırıb.

Partiya fəal Saleh Rüstəmlinin həyatı üçün təhlükəni nəzərə alaraq, onun dərhal azadlığa buraxılmasını tələb edib.

Partiya qiymət artımı nəzərə alınmaqla, dekabrın 1-dən maaşların, pensiyaların və müavinətlərin artırılmasını, işsizlərin işə cəlb edilməsini və ya işsizliyə görə müavinətlərin verilməsini zəruri hesab edir.- 06B-

 



Turan
"24 saat"

İkinci qrup əlil: “İcra başçısı dedi, əgər torpağı boşaltmasam, əkin sahəm məhv ediləcək”

Neftçala sakini icarəyə götürdüyü torpağın əlindən almaq istədiklərini deyir


"Əvvəl torpağın bir hissəsini əlimdən alıb satdılar. Qalan hissəni də əlimdən almaq üçün guya torpağı şəhid ailəsinə veriblər deyib, üzərimə bir şəhidin balasını göndərdilər. Uşağı məcbur edirdilər ki, xəstəxanada yatsın, üzümə dayansın ki, guya mən ona xəsarət yetirmişəm. Çox şükür ki, ailə bələdiyyə sədrinin bu çirkin, iyrənc oyununa getmədi”.


Neftcala rayonunun Xolqarabucaq kənd sakini Ceyhun Nəfəsov belə deyir. Onun sözlərinə görə, hər şey polis tərəfindən araşdırılıb, məlum olub ki, bələdiyyə sədri vətəndaşı bu yolla şantaj etmək istəyir: "Şəhid ailəsini də bu oyuna alət etmək istəyir. İndi də məcbur edirlər ki, məhsulu götürən kimi qalan torpaqdan da çıxım”.


Ceyhun Nəfəsov birinci qrup gözdən əlildir. 2016-cı ildə Xolqarabucaq bələdiyyəsi əkin işləri aparmaq üçün icarə müqaviləsiylə ona 8 hektar torpaq sahəsi ayırıb. İcarə müqaviləsi hər il təzələnib. Ceyhun Nəfəsov 2019-cu ilədək sahədə pambıq əkib. Deməsinə görə, 2019-cu ildən kənd bələdiyyəsi əkin işləri aparmasına əngəllər yaratmağa başlayıb – əvvəlcə sahənin 2 hektar 40 sotunu əlindən alıb. Əlil ölkə başçısına yazıb ki, yaratdığı pambıqçılıq təsərrüfatında azı 50-60 nəfər çalışaraq ailəsinə qazanc aparır. Bundan sonra bələdiyyə sədri ona torpağın qalan 5,60 hektarını özəlləşdirmək üçün ilkin sənədlər verib:


"Əlimdə 5.60 hektara görə bələdiyyənin iclas protokolu, torpağın sxemi, kadastr sənədi ola-ola əkin-biçinə əngəllər yaratmaqda davam etdi. Həmin il 2 hektarda arpa əkdim, 2020-ci ilin mayında arpanı biçdim? götürdüm. 3,6 hektarda yonca əkdim. Həmin ilin oktyabrında yoncanı da biçdim. Bu yay arpa yerini növbəti dəfə şumlayanda bələdiyyə sədri gəlib tələb etdi ki, işləri dayandırım. Bələdiyyə sədrinin hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət yazdım. Daxili İşlər Nazirliyindən cavab gəldi ki, fəaliyyətimdə heç bir qanunsuzluq, torpaq zəbti yoxdur. Bələdiyyə sədri yenə əl çəkmədi”.


Ceyhun Nəfəsovun sözlərinə görə, 1 ay əvvəl gecə saatlarında həmkəndliləri ona xəbər veriblər ki, sahədəyə traktorlar salınıb: "Qohumlarımın köməkliyi ilə sahəyə getdim. İnsafsızlar yığılmamış 1 hektar yoncanı traktorun qabağına verib qırmışdılar. Mən özümü traktorların qarşısına atdım, işi dayandırdım. Bələdiyyə sədrinə zəng vurdum, dedi ki, sahə şəhid ailəsinə verilib. Bir şəhid balasını üstümə göndərdi ki, guya torpağı onlara verib. Bu oyunu da keçmədi. Şəhid ailəsi biləndə ki, bu yer 1-ci qrup gözdən əlilindir və bu yerdən neçə-neçə ailə çörək yeyir, məndən üzrxahlıq etdi. Çünki həmin ailənin istifadəsində 10 hektar sahə var idi, üstəlik, bu söz-söhbətlərdən sonra onlara başqa yerdən yenə əlavə yer verilib. Bələdiyyə sədri şəhidin övladını mənə qarşı qoymaq istəsə də, alınmadı”.


Bu minvalla Ceyhun Nəfəsovun əlindən daha 2 hektar yer alınıb və hazırda istifadəsində 4 hektar sahə qalıb.


Həmin sahənin bir hissəsində yonca, bir hissəsində arpa əkib. 15 gün əvvəl o, Neftçala Rayon İcra Hakimiyyəti başçısının qəbuluna gedib: "Başçı mənə xəbərdarlıq etdi ki, növbəti ildə məhsulu yığan kimi torpağı boşalt. Mənə gələn il iyulun 10-na kimi vaxt verdi, dedi, əgər torpaq boşalmasa, bütün əkin şumlanıb məhv ediləcək. Nə əlimdəki sənədlərə baxan var, nə əlilliyimə, nə də o sahədən onlarla insanın evinə qazanc aparmasına…”


"Əlimdən hissə-hissə aldıqları sahələri də satıblar, həmin sahələr artıq şumlanıb. Mənim əkin apardığım sahə məhsuldar olduğuna görə hissə-hissə əlimdən alıb başqalarına satırlar. Məqsədləri budur. Nə xalqı dolandırırlar, nə də imkan verirlər ki, xalq özü öz başının çarəsinə baxsın”, – şikayətçi bildirir.


Ceyhun Nəfəsov deyir, 38 yaşı var, ikinci dəfə ailə qurub, həyat yoldaşının da gözləri görmür. 6 aylıq körpəsi var. Əgər torpaq sahəsindən məhrum olarsa, həm məşğuliyyətindən, həm də qazancından məhrum olacaq: "Bələdiyyə sədrinə sual verirəm ki, o torpaq da əlimdən alınsa, görməyən gözlərimlə ailəmi necə dolandıracam, o körpəni necə böyüdəcəyəm? Deyir ki, mənlik deyil, o sualı başçıya ver…”


Bu proseslərin əvvəli keçmiş bələdiyyə sədri Qismət Qəfərovun fəaliyyəti dövründə baş verib. Neftçala Rayon Prokurorluğuna vətəndaşlar tərəfindən onun barəsində daxil olmuş şikayətlər araşdırılandan sonra bu ilin fevralında cinayət məsuliyyətinə cəlb olunub. Hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam edir. Zamindədir. Dekabrın 3-də məhkəmənin hökmü gözlənilir.


Hazırda bələdiyyə sədri Böyükkişi Həşimovdur.


Xolqarabucaq kənd bələdiyyəsinin sədri Böyükkişi Həşimov Meydan TV-yə deyib ki, Ceyhun Nəfəsovun dedikləri doğru deyil: "4 hektar sahə verilib, hər il əkir, məhsul götürür, ona deyən yoxdur ki, əkin işi aparma. Özü ərizə yazıb ki, gələn il son məhsulu yığandan sonra torpağı geri qaytaracaq. Hazırda da icra hakimiyyətindəyəm, o da burdadır. İstədiyi odur ki, 4 hektardan əlavə orda olan 1,5 hektar torpaq sahəsi də ona verilsin. Ona deyilib ki, istifadəndə 4 hektardır, o torpaqda ək, heç bir problem yoxdur. Sizə deyirsə əlində sənədi var, doğru deyil,  heç bir sənədi yoxdur”.

Adil Qeybulla: "Əfqan Hacıyev insan faciələri üzərində sərvət toplayır"

"Əfqan Hacıyevin bacarığımı dəyərləndirməyə mənəvi haqqı çatmır”


Həbsdə olan sabiq Baş prokuror və səfir Eldar Həsənov sağlıq durumundakı problemlərlə əlaqədar etibar etdiyi həkim tərəfindən müayinə olunmasını istəyirdilər. 


Onun vəkilləri professor Adil Qeybullanın istintaq təcridxanasında Eldar Həsənovu müayinə etməsinə icazə verilməsi üçün məhkəmədə vəsatət qaldırmışdı. Lakin vəkillərin bu vəsatətinə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Əfqan Hacıyevin cavabı belə olmuşdu: "Adil Qeybulla televizorda hər dəfə bir xəstəlikdən danışır. Gah koronavirusdan danışır, gah başqa şeydən. Adil Qeybulla hərşeyşünasdı. Ehtiyac yoxdur ona, təcridxanada kifayət qədər ixtisaslı həkimlər var…”


"Onun həyatı insan faciələri üzərində sərvət toplamaq işinə həsr olunub…”
 


Əfqan Hacıyev, Foto: E-huquq.az


Həkim Adil Qeybulla onun haqqında səslənən fikirləri cavabsız qoymayıb. O bildirib ki, şəxsən Əfqan Hacıyevin onun peşəkarlığını dəyərləndirməyə nə hüququ var, nə də mənəvi haqqı: "Sabiq Baş Prokuror Eldar Həsənova qurulan məhkəmənin hakimi Əfqan Hacıyev mənim müayinəmlə bağlı qaldırılan vəsatəti təmin etməyib və ünvanıma, yumşaq desək, artıq-əskik danışıb. Əvvəla, Əfqan Hacıyevin mənim bilik və bacarığımı dəyərləndirməyə hüququ yoxdur, mənəvi haqqı isə tamamilə çatmır. Bizim aramızda daban-dabana zidd olan prinsipial fərq var: onun həyatı insanların bədbəxtliyi və faciələri üzərində qurulan sərvət toplamaq işinə, mənimki isə fədakarlıq və haqq-ədalət uğrunda savaşa həsr olunub”.


Adil Qeybulla vurğulayıb ki, kimliyindən, mənsubiyyətindən asılı olmayaraq, tibbi yardımla bağlı ona ehtiyacı olan şəxslərə hər an yardım göstərməyə hazırdır: "Bu, mənim peşə əqidəmdir”.


2020-ci ilin avqustundan həbsdə olan Eldar Həsənovun işinə üç aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrliyilə, Zeynal Ağayev və Əhməd Quliyevdən ibarət hakimlər kollegiyası baxır. 


Sabiq səfirin səhhətində ciddi problemlər olduğu bildirilir. Avropa İnsan Haqları Məhkəməsi də bugünlərdə Məhkəmə qaydalarının 39-cu maddəsinə əsasən, onun sağlıq durumuyla bağlı ərizəyə baxıb və Azərbaycan hökumətinin üzərinə Eldar Həsənovun təcili ixtisaslaşmış həkim tərəfindən müayinə və müalicəsi, ehtiyac varsa, xəstəxanaya yerləşdirilməsi öhdəliyini qoyub. 


Hakim Əfqan Hacıyev isə bu məsələyə münasibət bildirərkən deyib ki, Avropa Məhkəməsinin qərarı Azərbaycan üçün məcburi deyil.


Azərbaycan Avropa Şurasına üzv olarkən həm də Avropa Məhkəməsinin qərarlarının icrası barədə öhdəlik götürüb.(Meydan TV)

Sakinlər: "Mehdiabadda internet çəkilişinə qanunsuz pul yığılır"

Abşeron Rayon Telekommunikasiya Qovşağından şikayətlər var. 


Şikayətçilər "Abşerontelekom”a rəisi Mikayıl Babayevin fəaliyyətindən narazıdırlar. 


Mehdiabad qəsəbəsinin bir qrup sakini "demokrat.az"a bildirib ki, Mikayıl Babayevin tabeliyində olan işçilər optik intenet xəttinin çəkilməsi müqabilində qanunsuz olaraq onlardan 250 manat vəsait tələb edir. 


Onlar deyirlər ki, dəfələrlə bu barədə müraciət etsələr də, heç bir şikayətə baxılmayıb. 


Mikayıl Babayev "demokrat.az"a bildirib ki, Mehdiabbadda tək dövlət deyil, həm də özəl şirkətlər xidmət göstərir: "Mehdiabadda bir sıra telefon və internet xətləri var. Bunların bəzilərinin səliqəsiz olmasının bizə aiddiyyatı yoxdur. Çünki tək biz orada xidmət göstərmirik, orada özəl şirkətlər də var”. 


M.Babayev optik intenet xəttinin çəkilməsiylə bağlı yaranmış narazılığa da aydınlıq gətirib: "İndi optik intenet xəttinin çəkilməsi ilə bağlı xüsusi kampaniyalar var. Hətta, qeyd edim ki, pulsuz da çəkilənlər var. Dəqiq qiymətlər barədə məlumat verə bilmərəm, çünki qiymətlər fərqlidir. Sakinlər yaxşı olardı ki, bu barədə abunə şöbəsiylə əlaqə saxlasınlar və onlara orada ətraflı məlumat veriləcək. Onu da qeyd edim ki, rüsumlar dəyişib, təzə qiymətlər müəyyən edilib. Əgər optik intenet xəttinin çəkilməsi müqabilində qanunsuz olaraq sakinlərdən  250 manat vəsaitin tələb edilməsiylə bağlı konkret faktlar varsa, deyilsin və biz mütləq onu araşdıraq”.