26 Kasım 2021 Cuma

İki nəfər Ermənistana qaytarılıb



Azərbaycan bu gün, noyabrın 26-da iki nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.


Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilir.


Məlumatda bu addım humanizm prinsipləri ilə izah edilir. Bildirildiyinə görə, sözügedən şəxslərdən biri 2021-ci il noyabrın 16-da dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan 1993-cü il təvəllüdlü Arin Aramyandır.


Açıqlamaya görə, təhvil verilən digər şəxs -2000-ci il təvəllüdlü Mihran Musaelyan isə Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanıb: "Aparılan ilkin araşdırmalar nəticəsində Musaelyan Mihranın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilib".


Ötən il 10 noyabr üçtərəfli razılaşmasından sonra istər Dağlıq Qarabağda, istərsə də Azərbaycan və Ermənistan sərhədində müxtəlif gərginliklər yaşanıb. Bütün bunların nəticəsində həlak olanlar, yaralananlar və əsir düşənlər olub.


Təkcə ötən ilin dekabrında Hadrut yaxınlığında 60 civarında Ermənistan hərbçisinin əsir düşdüyü açıqlanıb.


Bu məsələ iki ölkə arasında mübahisələrə səbəb olub. Ermənistan tərəfi hesab edir ki, onlar hərbi əsirlərdir və razılaşmaya uyğun qaytarılmalıdır. Azərbaycan rəsmiləri isə vurğulayırlar ki, onlar hərbi əsir yox, təxribat qrupunun üzvləridir və 10 noyabr razılaşmasından sonra saxlanıblar.


Həmin şəxslər Azərbaycan məhkəmələrində mühakimə ediliblər. İttihamları qəbul etməyiblər. Amma sonradan onlardan təqribən 30-nun minalanmış ərazilərin xəritələri əvəzi ölkələrinə qaytarıldığı açıqlanıb.


Düz 10 gün əvvəl isə iki ölkənin sərhədində baş verən toqquşmalarda 10-dan çox Ermənistan hərbi qulluqçusunun əsir götürüldüyü açıqlanmışdı. Azərbaycan isə həmin döyüşlərdi 7 hərbi qulluqçusunun həlak olduğunu, 10-nun isə yaralandığını bildirib. Ermənistan tərəfdən də ölən və yaralananlar olub. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırıblar.


Xatırlatma


2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.


Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder