26 Kasım 2021 Cuma

Ekspertlər QHT-lərin qeydiyyatı ilə bağlı problemlərin aradan qaldırılmadığını bildirir

Bakı/26.11.21 Yaxın günlərdə  Avropa İnsan Haqları Məhkəməsi (AİHM)  Azərbaycanla bağlı növbəti qərarını elan edəcək. 

“Seçkilərin Monitorinq Mərkəzi və başqaları Azərbaycana qarşı” məhkəmə işi qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlıdır. Seçki Monitorinq Mərkəzi 2008-ci ilin fevralında dövlət qeydiyyatına alınsa da, Ədliyyə Nazirliyi 2 ay keçməmiş məhkəməyə müraciət edib, qeydiyyatı ləğv edilib.

Ötən ildən başlayaraq bu sahədə yumşalmadan bəhs edilir, prezidentin köməkçisi Hikmət Hacıyevlə bu sektorun təmsilçilərinin görüşü olur. Lakin bəzi QHT-lər iddia edir ki, hələ də müstəqil təşkilatların qeydiyyat məsələsində əngəllər törədilir.

Hazırda qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı vəziyyət necədir? Ciddi dəyişiklik varmı?

Ədliyyə Nazirliyindən Turan-a bildirilib ki, bu ilin altı ayı ərzində 76 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb və ümumilikdə dövlət qeydiyyatına alınan qeyri-kommersiya qurumlarının sayı 4766-ya çatıb.

“Bu qurumların 3332-si ictimai birlik, 209-u fondlar, 56-sı siyasi partiya, 1169-u isə digər qeyri-kommersiya qurumlarıdır”.

Qurumdan qeyd olunub ki, QHT-lərin qeydiyyatı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında” qanunlarla tənzimlənir.

“Qanunvericiliyə görə, qeyri-hökumət təşkilatlarının təsis sənədlərində uyğunsuzluq aşkar edildikdə 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılması tələb edilir. Yəni qeyri-hökümət təşkilatları, onların sənədlərində hər hansı problem olarsa, qanunun tələblərini yerinə yetirməlidirlər.”

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova bildirib ki, qeyri-hökümət təşkilatlarının qeydiyyatı prosesi ilə bağlı bütün təkliflər Agentliyin xətti ilə hökümətə təqdim edilib.

“Biz təklif etdik ki, qeydiyyatı çox asanlaşdırmaq lazımdır. Amma proses onu göstərir ki, Milli Məclisdə bunun müzakirəsi mümkün deyil. Çünki onlar artıq qış sessiyasına ayrılacaqlar. Bunun yeganə yolu ondan ibarətdir ki, Nazirlər Kabineti qeydiyyat qaydalarını dəyişsin”.

Onun sözlərinə görə, qanunvericilikdə QHT-lərin qeydiyyatdan keçmə prosesi ilə bağlı qadağanedici məqamlar yoxdur.

“Qadağanedici məqamlar icra prosesində yaranır. Çox təəssüf ki, qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi ilə bağlı siyasi qərar yoxdursa, onların sənədləri ilə bağlı süni süründürməçilik edilir. Eyni zamanda da bəzi toplumda müstəqil kimi qəbul edilən şəxslərin QHT-ləri qeydiyyatdan keçib”.

Günel Səfərovanın fikrincə, hələ də müstəqil QHT-lərin qeydiyyat prosesində süni maneəçilik törədilir.

“Bu, tək qeydiyyat ilə bağlı deyil, həm də bildirişlərin verilməsi, xarici təşkilatların Azərbaycanda qeydiyyatı ilə də bağlıdır. Lakin hazırda hökümət orqanları ilə müzakirələr gedir ki, Nazirlər Kabineti yeni yumşaldıcı xarakterli qərarlar qəbul etsin. Amma biz faktiki bu qərarları görmürük”.

O vurğulayıb ki, bu, siyasi iradəyə bağlı olan məsələdir.

“Çox təəssüf olsun ki, QHT-lər, vətəndaş cəmiyyəti ilə bağlı məsələ elə bir səviyyəyə gəlib çatıb ki, konkret olaraq siyasi iradəyə bağlıdır ki, vətəndaş cəmiyyətinin inkişafında, yaxud da var olmasında hökümət maraqlıdır, yoxsa yox. Əgər birdəfəlik qərar verilsə ki, bəli, biz vətəndaş cəmiyyətinin inkişafında maraqlıyıq, indiki qanunla da işləmək olar”.

Hüquqşünas Xalid Ağalıyev bildirib ki, QHT-lərin qeydiyyatı ilə bağlı vəziyyət 10 il əvvəl necə problemli idisə, hazırda da bu cür qalır.

“Məsələn, 10 təşkilat qeydiyyat üçün müraciət edirdisə, onlardan ikisi qeydiyyata alınırdı, digərlərinin isə problemi aradan qalxmırdı. Bu problemli vəziyyəti indi Avropa Məhkəməsində baxılan şikayətlər də göstərir”.

Ekspertin sözlərinə görə, son 3-4 ildə bununla bağlı ciddi dəyişiklik yoxdur.

“2016-cı və 2017-cı illərdə hökümət hüquqi şəxslərin qeydiyyatı ilə bağlı qanunvericiliyə dəyişikliklər təklifi hazırlamışdı və bildirirdilər ki, QHT-lərin qeydiyyatı da, ola bilsin ki, onlayn qaydada mümkün olsun. Lakin bu, müzakirə səviyyəsində qalıb”, deyə o qeyd edib. -0-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder