30 Kasım 2021 Salı

Dövlət ittihamçısı Zakir Sultanova 12 il iş istədi

Keçmiş xidmət rəisinin məhkəməsi yekunlaşır


Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi, 5.3 milyon manatlıq mənimsəmədə ittiham olunan Zakir Sultanovun məhkəməsi yekunlaşır. 


Noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə prosesində araşdırmaların başa çatdığı elan olunub.


Hərçənd, Zakir Sultanovun vəkilləri məhkəmə istintaqının bitməsinə etiraz edib: "Mülki iddia ilə bağlı müəyyən ziddiyyətlər var. Bu məsələ ilə əlaqədar vəsatətlərimiz olacaq. Bir sıra sənədlər elan olunmayıb”.


Zakir Sultanov isə vəkilləri ilə razılaşmayıb və məhkəmə istintaqının yekunlaşmasını istəyib.


Hakim Zeynal Ağayev işdə olan bir sıra sənədləri, o cümlədən Zakir Sultanovun  evindən axtarış zamanı 180 min dollar və 10 min manat götürülməsi, onun bank içində 600 min dollar vəsait olan bank hesabı üzərinə həbs qoyulması, yaxınlarının istintaqa 4 milyon manat təqdim etməsi haqda sənədləri elan edib.


Zakir Sultanov özü də bu vəsaitlərin mülki iddianın təmin olunmasına yönəldilməsini istəyib. 


Mədəniyyət Nazirliyi məhkəmədə ona qarşı 5 milyon 300 min manatlıq mülki iddia qaldırıb.


Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prokuror çıxışında Mədəniyyət Nazirliyinin mülki iddiasının təmin olunmasını istəyib. 


Zakir Sultanovun himayəsində iki azyaşlı uşağın olması, ailəsinin 4 milyon manat ödəməsini isə yüngülləşdirici hal kimi qiymətləndirib. 


Prokuror bildirib ki, Zakir Sultanov Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur. Lakin 313-cü maddə ilə cəlbetmə müddəti keçib. 


Ona görə də bu maddə ilə təqsirli bilinsə də, ona cəza təyin olunmamalıdır. Digər maddə ilə onun 12 il azadlıqdan məhrum edilməsini istəyib.


Vəkillər çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bu üzdən məhkəmə dekabrın 14-nə qədər təxirə salınıb.


Zakir Sultanov DTX əməkdaşlarının 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir müavini Rafiq Bayramovla birlikdə saxlanılıb. 


Rafiq Bayramovun işi üzrə istintaq yekunlaşdırılıb iş məhkəməyə göndəriləndə Zakir Sultanovun işi ayrıldı. 


Rafiq Bayramova Bakı Ağır Cinayətlər Məhkəməsi 8 il həbs cəzası kəsib, lakin apelyasiya məhkəməsi cəzanı 4 ilə endirib.(Meydan TV)

Hiç yorum yok:

Yorum Gönder