Bakı/26.11.21 2021-ci ilin 10 ayı ərzində hüquq-mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ümumilikdə 7484 cinayət faktı aşkarlayıblar. Bu rəqəmləri noyabrın 25-də Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Mübarizə üzrə Azərbaycan Dövlət Komissiyası açıqlayıb.
Bu cinayət faktlarından 2787-si narkotik vasitələrin qanunsuz satışı, 4230-u narkotik vasitələrin qanunsuz əldə olunub saxlanılması, 372-si narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən müsadirə olunmuş ümumilikdə 6 ton narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Müvafiq dövrdə 782,469 hektar sahədən çəkisi 173 ton 370 kiloqram olan 430 min 716 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyənləşdirilərək müvafiq qaydada məhv edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 5021 nəfər cinayət məsuliyyətinə cəlb olunub ki, bunun da 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşı olub.
Cari ilin yanvar-oktyabr aylarında qanunsuz dövriyyədən çıxarılmış 5 ton 880 kiloqramdan çox narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 162 milyon manat (95 milyon ABŞ dolları) kimi qiymətləndirilir. -05D-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder