Bakı/25.11.21 Noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Bu barədə Turan-a Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.
Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək.
Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.
Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün https://e-ttkf.edu.az/ portalına daxil olur.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov hesab edir ki, praktikada təhsil tələbə krediti almaq çətin prosedur qaydalarına görə mümkün olmayacaq:”Kreditə görə www.e-ttkf.edu.az portalı vasitəsilə müraciət etmək lazımdır. Bunun üçün isə “asan login”a malik olmaq lazımdır. Bu portaldan qeydiyyatdan keçmək üçün isə müraciət edənin adına mobil nömrə olmalıdır. Lakin nəzərə alınmayıb ki, ölkədə 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Deməli, indi azı 60 min tələbə gedib yeni mobil nömrə almalıdır? Daha sonra, ümumi orta təhsil bazasından kollecə qəbul olan tələbənin 15 yaşı var, o, öz adına necə nömrə ala bilər? Mobil operatorlar yalnız valideynlərinin birinin notarial təsdiq edilmiş razılığından sonra 18 yaşından aşağı şəxsə mobil nömrə satırlar. Bunlar isə əlavə xərc və vaxt deməkdir".
O, bildirib ki, www.e-ttkf.edu.az portalında müraciət etmək üçün notarial qaydada təsdiq edilən arayış alınmalıdır: “Bunun üçün isə tələbələr dövlət rüsumu ödəməlidirlər. Axı niyə biz onları mobil nömrə və bir-neçə sənədi almaq üçün rüsum ödəməklə əlavə xərcə salırıq? Niyə bizim tələbələri qapı-qapı gəzməlidirlər? Məgər Təhsil Nazirliyinin elektron portalında hər tələbə barədə fərdi məlumatlar yoxdur?"
Fondun başqa tələbinə görə, kredit almaq üçün tələbənin minimum 300 balı olmalıdır. Ekspert bu meyarı ədalətsiz hesab edir, çünki elə ixtisaslar var ki, orada hətta 200 balla tələbələr pulsuz təhsilə düşürlər.
Beləliklə, 300-dən az bal toplayan tələbələr vəsaitin olmaması səbəbindən təhsil imkanlarından məhrum olacaqlar.
Onun fikrincə, təklif edilən kredit faizləri hədsiz dərəcədə yüksəkdir: "Standart kredit üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlılığına ciddi maneə olur. Bu, sonda verilən məbləğin iki dəfədən çox qaytarılması ilə nəticələnəcək. Bu amil də kredit göstürülməsi üçün müraciətləri azaldacaq".
Əsədov deyib ki, kredit almaq üçün tələbənin akademik borcu olmamalıdır və onların ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan yüksək olmalıdır: " Hazırda ölkədə 126 min tələbə özü təhsil haqqını ödəyir. Amma onların hamısı müraciət edə bilməyəcək, yalnız 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, ya da akademik göstəriciləri 71 baldan aşağıdır. Tələbənin kəsrinin olması normal bir şeydir. Təbii ki bu tələbələr yüksək elmi potensiala malik olsaydılar ödənişli əsaslarla təhsil almazdılar".
Onun fikrincə mövcud şərtlərlə verilən tələbə kreditləri ölkə Konstitutsiyanın tələblərinə ziddir: "Belə ki, Konstitusiyaya görə, maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Qısası, biz tələbələrə kreditin verilməməsi üçün bütün imkanları səfərbər etmişik". 021D06-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder