
Azərbaycan Ermənistan silahlı qüvvələrini təxribatda günahlandırır.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 16-da səhər saatlarında məlumat yayıb.
Məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16:15-dən noyabrın 16-sı saat 04:30-dək öz mövqelərindən atəşkəsi pozub: "... Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd, Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub".
Açıqlamaya görə, qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb: "Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".
Bu açıqlamaya, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.
Son həftələr istər Azərbaycan-Ermənistan sərhədindən, istərsə də Dağlıq Qarabağdan atəşkəsin pozulmasına dair məlumatlar gəlir. Hətta ölən və yaralananların olduğu da bildirilir. Tərəflər bir-birini atəşkəsi pozmaqda, təxribatda ittiham edib.
Xatırlatma
2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder