27 Ocak 2022 Perşembe

ABŞ pandemiyadan sonrakı maliyyə siyasətinə hazırlaşır


ABŞ Mərkəzi Bankı öz maliyyə siyasətini yüksək inflyasiyanın  cilovlanmasına yönəldəcək


ABŞ-da mərkəzi bank rolunu oynayan Federal Ehtiyat Sistemi yanvarın 26-da? mart ayında uçot dərəcəsini artıracağına işarə edib və həmin aydan istiqraz alışını dayandıracağını təsdiqləyib.


Reuters yazır ki, bütün bu tədbirlər birlikdə, koronavirus pandemiyası ilə bağlı yürüdülən daha sərbəst maliyyə siyasətindən təcili olaraq inflyasiya ilə mübarizə siyasətinə keçid deməkdir.


Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauell iki gün davam edən siyasət müşavirəsindən sonra keçirilən mətbuat konfransında deyib ki, ABŞ Mərkəzi Bankı öz maliyyə siyasətini yüksək inflyasiyanın cilovlanmasına yönəldəcək.


O bildirib ki hazırda bu siyasətin aparılmasının detalları barədə qəbul olunmuş heç bir qərar yoxdur.


Pauell deyib ki, maliyyə siyasətçiləri indi əmək bazarına hədə yaratmadan uçot dərəcəsini qaldırmaq üçün imkan olduğunu düşünürlər.


İndi başqa zamandır


İclasda pandemiya dövründə işçi bazarının sabit saxlanması üçün fövqəladə dəstək verildiyi bildirilib.


Lakin Pauell vurğulayıb ki, “indi tamamilə başqa zamandır”.


Federal Açıq Bazar Komitəsi sözü gedən müşavirədən sonra bildirib ki, inflyasiyanın 2 faizdən çox, əmək bazarının isə güclü olduğu bir vaxtda uçot dərəcəsinin artırılması məqsədəuyğun olacaq.


Reuters yazır ki, investorlar Federal Ehtiyat Sisteminin hazırda sıfra yaxın uçot dərəcəsinin martın 15-16-da keçiriləcək növbəti iclasda qaldırılacağını düşünürlər.


Ümumiyyətlə isə 2022-ci il ərzində uçot dərəcəsinin mart ayından sonra daha iki dəfə qaldırılacağı gözlənilir.


Federal Açıq Bazar Komitəsinin üzvləri habelə bu həftə keçirilən iclaslarında Federal Ehtiyat Sisteminin aktiv əməliyyatlarının həcmini “əhəmiyyətli dərəcədə” azaltmaq barədə razılığa gəliblər.


Nikbin gözləntilər


Bu da qeyd olunur ki, Federal Ehtiyat Sisteminin 9 trilyonluq balansı tədricən ipoteka əsaslı qiymətli kağız bazarından uzaqlaşdırılaraq hökumətin qiymətli kağızlarına yaxınlaşdırılacaq.


Mərkəzi bank bildirir ki, bu, sektorlar üzrə kreditlərin daha səmərəli paylanmasına imkan verəcək.


Bu da qeyd olunur ki, ABŞ-da əmək bazarı hətta Omikrona görə yoluxmaların rekord həddə çatdığı bir vaxtda da sabitdir.


Reuters yazır ki, Federal Ehtiyat Sistemi inflasiyanın nə vaxt zəifləyəcəyinin hesablanmasını dayandırsa da, rəsmilər qlobal təchizat zəncirində yaxşılaşma davam etdikcə qiymət artımlarının da səngiyəcəyini gözləyirlər.


Bu da qeyd olunur ki, Federal Ehtiyat Sisteminin dekabrda keçirilən iclasında Rusiyanın Ukraynaya mümkün müdaxiləsi kimi risklərdən söz açılsa da, son iclasda qəbul olunmuş siyasət bəyanatında bu məqam qeyd olunmayıb.


Bəyanatda deyilir ki, pandemiya və iqtisadiyyatın təkrar açılımı ilə əlaqədar təchizat və tələbatda yaranmış balansızlıq inflyasiyanın yüksək səviyyəyə qalxmasına yol açıb.


Bu proses istehlak qiymətlərinin illik 7 faiz artımına səbəb olub. Bu isə 1980-ci illərdən bəri ən boyük artımdır.


Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder