31 Ocak 2022 Pazartesi

Blinkenlə Lavrov danışacaq


Rusiyanın BMT-dəki səfiri Vasili Nebenziya deyib ki, Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasında müzakirə ilə “isteriyanı qızışdırır”.



Fevralın 1-də ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla telefonla Ukrayna böhranını müzakirə edəcək. Moskvanın sərhədə 100 mindən çox əsgər yığması Ukraynaya mümkün hücuma hazırlıqla bağlı narahatlıq yaradıb.


Vaşinqton ötən həftə Rusiyanın təhlükəsizlik tələblərinə yazılı cavab verəndən sonra iki ölkənin baş diplomatları ilk dəfə birbaşa dialoq quracaqlar.


Rusiyanın Vaşinqtondakı səfirliyi danışıqlardan öncə bildirib ki, Moskva ABŞ-ın sanksiya təhdidi qarşısında geri çəkilməyəcək.


“Biz ABŞ-ın sanksiya təhdidinə qulaq asaraq geri çəkilməyəcəyik. Gərginliyi yaradan Moskva deyil, Vaşinqtondur”, – səfirlik Facebook sosial şəbəkəsində yazıb.


Conson Ukraynaya gedir


Britaniyanın Baş naziri Boris Conson isə fevralın 1-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.


“Böyük Britaniya dost və demokratik tərəfdaş kimi Ukraynanın suverenliyini dağıtmağa çalışanlara qarşı onu müdafiə edəcək”, – Conson bəyanatında deyib.


Ukraynaya yola düşməzdən öncə Conson Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmalıydı. O, bəyanatında Rusiyanı geri çəkilməyə, diplomatik həlldən ötrü dialoqa çağırıb.


BMT-də gərgin debat


Yanvarın 31-də BMT-nin Təhlükəsizlik Şurasının iclası gərgin atmosferdə keçib. ABŞ-ın səfiri Linda Tomas-Qrinfild deyib ki, Rusiyanın məqsədi fevralın ortasınacan Belarusda əsgər sayını artırmaqdır.


Səfir Rusiyanın qoşun yığmasını son onillər Avropada ən böyük qüvvə səfərbərliyi adlandırıb.


“Biz danışdıqca, Rusiya daha çox qüvvə göndərir”, – deyən Tomas-Qrinfild Rusiyanı bir neçə həftəyə Belarusda hərbi qüvvə sayını 30 minə çatdırmağı planlaşdırmaqda suçlayıb.


O həmçinin Rusiyanı “hücum üçün bəhanə quraşdırmaq” naminə Ukrayna və Qərb ölkələrini təcavüzkar kimi qələmə vermək cəhdində ittiham edib.


Rusiyanın cavabı


Rusiyanın BMT-dəki səfiri Vasili Nebenziya isə deyib ki, Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasında müzakirə ilə “isteriyanı qızışdırır”.


O, Moskvanın hərbi hücum planlaşdırmasına “sübut olmadığını” deyib. Səfirin sözlərinə görə, Rusiyanın sərhədə 100 mindən çox əsgər yığması haqda Qərbin dediklərini Rusiya heç vaxt təsdiqləməyib. O, Rusiyanın öz ərazisində mütəmadi qüvvə yerləşdirdiyini, Ukrayna böhranının isə daxili məsələ olduğunu qeyd edib.


Tomas-Qrinfild buna cavabında deyib ki, provokasiyalar Rusiya tərəfdən gəlir, “bizdən, yaxud şuranın digər üzvlərindən deyil”.


Baydendən “hazırıq” xəbərdarlığı


ABŞ Prezidenti Co Baydenin bəyanatına görə, Birləşmiş Ştatlar Təhlükəsizlik Şurasının iclasında “Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə təhdidinin tam təbiətini” təqdim edib.


Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder