Dövlət kadr çatışmazlığını Avropa İttifaqı ölkələri, ABŞ və Türkiyədə təhsil almış həkim-mütəxəssislərin işə cəlb olunması ilə aradan qaldırmaq istəyir
Dövlət xaricdə təhsil almış həkim mütəxəssisləri işə cəlb etmək istəyir. Onlara ixtisaslarından asılı olaraq, aylıq 5000 - 6500 manatlıq əlavələr də ödənməsi də nəzərdə tutulur.
Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” təsdiq edib.
Yanvarın 24-də agentliyin yaydığı məlumatda deyilir ki, proqramda Avropa İttifaqı ölkələri, ABŞ və Türkiyədə təhsil almış həkim-mütəxəssislərin işə cəlb olunması nəzərdə tutulur. 2022-2023-cü illərdə 100 nəfərin işə götürülməsi planlaşdırılır.
Amma bu qərar həkimlər arasında heç də birmənalı qarşılanmayıb. Bəzi həkimlər bunu ayrıseçkilik kimi dəyərləndirirlər.
Həkim Aydın Əliyev deyir ki, əslində tibb müəssisələrində peşəkar kadr çatışmazlığının aradan qaldırılması yaxşı təşəbbüsdür. Amma bu proqrama ancaq xaricdə təshil alanların cəlb olunması seçimi doğru yanaşma deyil:
“Azərbaycanda uzun illər təcrübəsi olan, xaricdə kurslar keçmiş, olduqca peşəkar həkimlərimiz var. Proqramda isə qeyd olunur ki, yalnız Avropa, ABŞ və Türkiyədə təhsil alan həkimlər proqrama qatıla bilər. Bununla Azərbaycan həkimlərini əzirlər. Belə yanaşma olmaz. Proqram icra edirlərsə, orada əsas peşəkarlıq nəzərə alınmalıdır”.
Milli təhsilə etinasızlıq
Aydın Əliyevin fikrincə, bu qərar həm də Azərbaycanda verilən tibbi təhsili aşağılmaq, onun yararsız olması kimi də yozula bilər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə AzadlıqRadiosuna bildirilib ki, tibb işçilərini həvəsləndirmək üçün onların maaş və əlavələri artılır.
Agentliyinin məlumatına görə bugün TƏBİB-in tabeliyindəki tibb müəssisələrində elə həkimlər var ki, ixtisasından asılı olaraq aylıq həvəsləndirici əlavələrlə birgə maaş alırlar.
Məsələn, ümumi cərrah 21 642 manat, oftalmoloq 12 329 manat, mama-ginekoloq 9195 manat, həkim-radioloq 5312 manat məbləğində aylıq həvəsləndirici əlavələr alan həkimlər fəaliyyət göstərirlər.
Bu proqramdan isə əsas məqsəd azərbaycanlı həkim-mütəxəssislərə xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının öyrədilməsini, həkimlərin nəzəri bilik və praktik vərdişlərinin yaxşılaşdırılması, bununla da ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, tibb işçilərinin ixtisaslarının artırılması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nail olunmasıdır.
Əsas məsələ harda təhsil almaq deyil
Almaniyanın Heidelberg Universitetinin Mannheim cərrahiyyə klinikasında cərrah Vüqar Yaqublu da düşünür ki, ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması üçün həvəsləndirmə proqramlarında əsas kriteriya həkimin peşəkarlığı ola bilər:
“Həkim Almaniyada, Türkiyədə oxuyub, fərq etməz. Həkimin bacarığına, savadına görə qiymət verilməlidir. Mənim çalışdığım Almaniyada da sistem belədir. Düzü, bizim Azərbaycanda çalışan həkimlərin narazılığında bir haqq var. Bəlkə mən özüm də Azərbaycanda işləsəydim buna etiraz edərdim”.
Amma Vüqar Yaqublu deyir ki, hansısa bir mütəxəssis xüsusi layihə əsasında, hansısa bir işə cəlb olunursa, onlara fərqli, daha yüksək əlavələr ödənə bilər. Ancaq onun fikrincə, burada əsas diqqət həkimin hansı ölkədə təhsil almasına yox, onun peşəkarlığına və savadına yönəlməlidir.
“Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” birillikdir. Bu proqrama cəlb olunan həkimlərə əlavələrin ödənməsi birillik nəzərdə tutulub.
Proqramın maliyyələşdirilməsi icbari tibbi sığorta fondunun 2022-ci il üzrə büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
Azərbaycanda, özəlliklə, ölkənin ucqar bölgələrində həkim qıtlığı yaşanır. Dövlət Statistika Komitəsinin bu ilin əvvəlindəki durumu təsvir edən xəritəsindən görmək olur ki, ölkə üzrə ən çox həkim Bakıda və Abşeron yarımadasındadır - hər 10 min nəfərə düşən həkim 50-90 arasındadır.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder