Yanvarın 31-də yayılmış bəyanata görə, təqaüdə çıxmış, eləcə də işləyən müəllimlərin vəziyyəti kritik həddə çatıb
İranda yüzlərlə müəllim ədalətli maaş, pensiya artımı, saxlanmış həmkarlarına azadlıq tələbilə etiraz edir.
AzadlıqRadiosu-nun İran xidməti – Radio Farda onlarla şəhərdə etirazların keçirildiyini, bundan öncə isə iki gün ərzində müəllimlərin tətilə çıxdığını xəbər verir.
Yanvarın 31-də müəllimlər Tehranda parlament binası, Şiraz, İsfahan və Əhvaz şəhərlərində Təhsil Nazirliyinə məxsus binalar qarşısında etirazlar keçiriblər.
Dekabrda İran parlamentinin qəbul etdiyi qanunvericilikdə müəllimlərin maaşlarının qaldırılması nəzərdə tutulur. Bu, ölkəboyunca günlərlə davam edən etirazlar və tətildən sonra reallaşmışdı.
Son həftələr müəllimlərin etirazları davam edir. Təhlükəsizlik qüvvələri bəzən onlara qarşı sərt davranır, bəzi iştirakçıları həbs edir.
Tələblər
Yanvarın 31-də azı beş müəllimin saxlandığı xəbər verilir. Onlardan üçü parlamentin qarşısında etiraz zamanı saxlanıblar.
“Həbs edilmiş müəllimlər buraxılmalıdır!” – internetdə həvəskar videolarda etirazçıların bəzilərinin bu şüarı səsləndirdiyi görünür. Digərləri isə parlamenti “saxta vədlər”də ittiham edib.
Dekabrın 15-də qəbul edilmiş qanunda müəllimlərin universitetdə çalışanların maaşının 80 faizi qədər maaş alacağı nəzərdə tutulub. Etirazçıların bir tələbi də budur.
Etirazçılar hökuməti müəllimlərin təcrübə və perfomansa görə sertifikasiyasını sürətləndirməyə çağırırlar. Onların bir tələbi də pensiyaların mümkün qədər tez işləyən müəllimlərin maaşlarına uyğunlaşdırılmasıdır.
Yanvarın 31-də yayılmış bəyanata görə, təqaüdə çıxmış, eləcə də işləyən müəllimlərin vəziyyəti kritik həddə çatıb.
Hökumətin niyyəti
Bəyanatda parlament “hökumətin maraqlarına uyğun” davranmaqda ittiham edilir. Ədliyyənin müəllimlərin “legitim tələbləri”ni dəstəkləmək əvəzinə, bütün narazı səsləri susdurduğu qeyd olunur.
Bu etirazlar ABŞ sanksiyalarının və illərlə davam pis idarəçiliyin nəticəsində artan inflyasiya fonunda baş verir.
Bir çox müəllimlər dolanışığın çətinliyindən gileylənirlər.
Nyu Yorkda yerləşən İranda İnsan Haqları Mərkəzinin ötən ay yaydığı məlumata görə, hakimiyyət müəllimlərin hüquqlarını müdafiə edən onlarla fəalı “saxta ittihamlarla” həbs elətdirib, bu isə “İranda narazıların, dinc etirazların, müstəqil əməklə bağlı fəallığın kriminallaşdırıldığını göstərir”.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder