26 Ocak 2022 Çarşamba

“İnter” MMC-nin rəhbəri eyni mənzilləri iki adama satıb?

"19 aprel 2019-cu il tarixində Bakı Şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181 ünvanında yerləşən binanın C blokunun 22-ci və 23-cü mərtəbələrindən iki mənzili satın aldım. 195 kvadratmetrlik mənzil üçün 144 min 400 manat, 80 kvadratmerlik mənzil üçün isə 57 min 600 manat olmaqla, ümumilikdə 202 min manat vəsaiti "İnter” MMC-nin bank hesabına ödədim. Bu ödənişlər müqavilələrin 3.1-ci bəndində şirkətin icraçı direktoru Qabil Əliyev və mənim imzamla birlikdə ayrıca qeyd olunub. Amma buna baxmayaraq, Qabil Əliyev ödənişini etdiyim mənzilləri mənə verməkdən boyun qaçırır”.


Bu sözləri "AzPolitika.info”ya müraciətində şikayətçi Adıgözəlova Könül Əlövsət qızı bildirib. 


K.Adıgözəlova qeyd edir ki, 2015-ci ildə adıçəkilən ünvanda "İnter” MMC şirkəti bina inşa etməyə başlayıb: "19 aprel 2019 - cu ildə bu binadakı iki mənzilin ödənişini edərək, rəsmi qaydada Qabil Əliyevlə müqavilə imzaladıq. Bütün rəsmi sənədlərdə mənim və "İnter” MMC-nin direktoru Q.Əliyevin imzası var. Müqavilədə bütün nüanslar, ödənişlər, öhdəliklər və s. qeyd olunub. Eyni zamanda maliyyə arayışında da qeyd olunur ki, hər iki mənzilin ödənişi edilib və mənzillər Adıgözəlova Könül Əlövsət qızına məxsusdur. Müqavilədə o da qeyd olunur ki, bu sənəd imzalandığı gündən qüvvəyə minir və tərəflər öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə borcludurlar. Amma nədənsə qarşı tərəf üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır, məni get-gələ salır, süründürməçiliklə məşğul olur, bir sözlə ödənişini etdiyim mənzilləri mənə vermək istəmir, adıma sənədləşdirmir”.


Şikayətçi qeyd edir ki, problemlə bağlı bütün aidiyyatı qurumlara şikayət məktubu ünvanlasa da, onların heç birindən tutarlı cavab ala bilməyib: ”Qabil Əliyevin qanunsuz əməlləri ilə bağlı Xətai Rayon Prokurorluğuna müraciət ünvanladım və tələb etdim ki, bu şəxsin cinayət əməlləri araşdırılsın və hüquqi müstəvidə cəzalandırılsın. Amma prokurorluğun cavabı məni qane etmədi. Xətai Rayon Prokurorluğundan bildirildi ki, ərizədə qeyd edilənlər Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən, mülki qaydada məhkəmə baxışı ilə həll edildiyindən, MPM-nin 35.1-ci maddəsinə uyğun olaraq aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməyim tövsiyyə olunur. Halbuki, Qabil Əliyevin əməlində külli miqdarda dələduzluq cinayətinin tərkibi hissəsi var. Prokurorluğun belə mövqe tutması bizdə heyrət və təəssüf hissi doğurur. Amma biz bu cavabla qane olmaq niyyətində deyilik. Hüququmuzun bərpası üçün lazım olan bütün addımları atacağıq".


Şikayətçinin vəkili də bildirir ki, göstərilən sənədlərdə heç bir qanun pozuntusu yoxdur və sənədləşmə prosedura uyğun aparılıb: "Şikayətçi Xətai Rayon Məhkəməsinə müraciət edib. Orada problemin ilin sonuna qədər həll ediləcəyi deyilsə də, məhkəmə müraciətə etinasız yanaşdığından lazımi qərar qəbul edilməyib. Hesab edirəm ki, zərərçəkmiş şəxs yenidən məhkəməyə müraciət edərək öz haqqını tələb etməlidir”.


"İnter” MMC-nin direktoru Qabil Əlyev isə "AzPolitika.info”ya bildirdi ki, sözügedən məsələdən xəbardar deyil və bu barədə şikayətçi tərəfindən ona heç bir müraciət daxil olmayıb: "Bəli, sözügedən mənzil K.Adıgözəlovaya məxsusdur və 2019-cu ildə ödəniş edib. Amma qeyd edilən şikayətdən xəbərim yoxdur. Qeyd etdiyiniz binanın tikintisi hələ tam başa çatmayıb. Hal-hazırda təmir- tikinti işləri davam etdirilir. Binada tikinti işlərinin bu ilin sonunadək bitməsi planlaşdırılır. Hazırda binada yaşayış yoxdur. Şikayətçinin sizə niyə müraciət etdiyini də bilmirəm. Qeyd edim ki, binada tikinti işləri tam yekunlaşdıqdan sonra mənzillər sahiblərinə təhvil veriləcək. Prokurorluq bu işi araşdırıb və lazımi qərarı veribsə deməli, burda heç bir problem yoxdur”.


Könül Adıgözəlova isə bildirir ki, Q.Əliyevin dedikləri yalandır. Həyat yoldaşı Mahmud Tahirov dəfələrlə ona müraciət edərək mənzilləri onun adına sənədləşdirməyi tələb edib, amma Q.Əliyev bundan imtina edib. Daha sonra ödədiyi 202 min manatı geri qaytarmasını istəyib, Q.Əliyev isə vəsaiti ödəməkdən yayınıb: "Bizdə olan məlumata görə həmin mənzillər başqa şəsxlərə satılıb. Həyat yoldaşım ötən həftə Qabil Əliyevin mobil telefonuna dəfələrlə zəng edib, onunla görüşməyə çalışdı, amma telefonu açmadı, ofisinə də getdi, amma o, həyat yoldaşımla görüşmədi".


"İnter” MMC şirkəti və Qabil Əliyev haqqında xeyli qalmaqallı xəbərələrə rast gəlinir. Qabil Əliyev və şirkətinin adı bir neçə məhkəmə çəkişmələrində hallanır. Ona görə də mənzil alarkən daha ehtiyatlı olsunlar deyə şirkətin və direktorun adının hallandığı bəzi hadisələri oxuculara xatırlatmaqda fayda var. Məsələn, K.Adıgözəlovanın üzləşdiyi problemin eynisi 2012-ci ildə bu şirkətdən mənzil alan Tünzalə Həsənovanın da başına gəlib. 2016-cı ildə iş adamı İsfəndiyar Axundov(Şərurlu İsfəndiyar) Qabil Əliyevin ortağı olduğu "Hom Paş Prestij” MTK-nı məhkəməyə verib. Belə ki, Qabil Əliyev və türk iş adamı Hikmət Yiğitdölünün sahibi olduqları "Hom Paş Prestij” MTK şirkəti 2019-cu ildə 74 vətəndaşı aldadaraq, mənzil satışı adı ilə onların pullarını mənimsəməkdə günahlandırılıb. Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə türk biznesmenin barəsində dələduzluq ittihamları ilə cinayət işi açılmış, Yiğitdölünün iş ortağı Qabil Əliyevin isə günahsız olduğuna qərar verilmişdi.

Hiç yorum yok:

Yorum Gönder