27 Ocak 2022 Perşembe

Avropada beynəlxalq Hüquqların Müdafiəsi Kampaniyası təsis edilib

Strasburq/27.01.22 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində yanvarın 26-da Strasburqda Avropanın müxtəlif ölkələrindən olan 14 vətəndaş cəmiyyəti qurumu tərəfindən Avropada Hüquqların Müdafiəsi Kampaniyası (the Campaign to Uphold Rights in Europe – CURE) elan edilib. Təsisçilər arasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (Azərbaycan) də var.

CURE-nin həmtəsisçiləri təsis sənədlərində bəyan ediblər ki, Avropa Şurası (AŞ) insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində ümumavropa hüquqi bazanın himayəçisi və təşviqçisi, beynəlxalq norma və standartların işlənib hazırlanmasında pioner kimi çıxış edir. “İyirminci əsrdə AŞ ortaq dəyərlərə əsaslanan vahid Avropanın qurulması, parçalanmaların aradan qaldırılması və əməkdaşlığın təşviq edilməsində mühüm irəliləyiş əldə edib və Avropa Şurası demək olar ki, bütün Avropa qitəsini ortaq hüquq normaları və standartları ətrafında bir araya gətirən unikal rol oynayıb”, deyə sənəddə bildirilir.

Eyni zamanda, üzv dövlətlər siyasi iradənin olmaması və ya digər siyasi mülahizələrin üstünlük təşkil etməsi, habelə dövlətlər arasında fikir ayrılıqları səbəbindən əsas insan hüquqları və qanunun aliliyi pozuntularının həlli də daxil olmaqla, mühüm məsələlərdə sistematik olaraq birgə hərəkət edə bilmirlər. Buna görə də AŞ-ın, o cümlədən onun Nazirlər Komitəsinin (NK) ciddi və sistemli pozuntulara təsiri çox məhdud olaraq qalır. Bu mənfi nümunə pozuntu qurbanlarını müdafiəsiz qoyur, cəzasızlıq və təkrarlanan pozuntulara səbəb olur.

Bu illər ərzində biz Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) edilən şikayətlərin sayında artımın şahidi olmuşuq. Bu tendensiya müvafiq tədbirlərin görülməsi ilə insan hüquqlarının müdafiəsinin əsas mexanizmi kimi Məhkəmənin səmərəliliyinin artırılmasını təmin edib. Ancaq hələ də bir sıra üzv dövlətlər tərəfindən AİHM qərarlarının icrası əsas problem olaraq qalır və bu, Avropa İnsan Hüquqları Konvensiyası (AİHM) əsasında yaradılmış bütün müdafiə sistemini sarsıdır. Dövlətlərin AİHM qərarlarını həqiqi şəkildə yerinə yetirmək və AŞ orqanlarının tövsiyələrinə əməl etmək öhdəliyinin olmaması həm də AŞ qərarları ilə üzv dövlətlərin xarici siyasətləri arasında əlaqənin kəsilməsində özünü göstərir.

Bu xroniki problemlərlə yanaşı, son on ildə bir sıra böhranlar Avropa Şurasını sarsıdıb, onun etibarını sarsıdıb və Azərbaycan, Rusiya, Türkiyə kimi avtokratik hökumətlərə malik ölkələrdə AŞ-ın missiyasını effektiv şəkildə yerinə yetirmək qabiliyyətini şübhə altına qoyub. Bu hallar digər üzv dövlətlər – Bolqarıstan, Macarıstan, İtaliya, Malta və Polşanın AŞ orqanlarının çağırışlarına ləng və qeyri-ardıcıl reaksiyası ilə müşayiət olunub.

Bu səbəbləri nəzərə alaraq CURE aşağıdakı istiqamətlərdə ekspertiza və vəkillik fəaliyyətini qarşısına məqsəd qoyur:

Avropa vətəndaş cəmiyyəti üçün AİHM-nin daha yaxşı tətbiq edilməsi və AŞ norma və standartlarının davamlı pozulması hallarına effektiv reaksiya verilməsi ilə bağlı təhlil və məsləhətlərin verilməsi;

AİHM-nin əsas qərarlarına məhəl qoyulmadığı və ya AŞ orqanlarının ekspert rəylərinin, habelə Nazirlər Komitəsinin qərarlarının üzv dövlətlər tərəfindən izlənilmədiyi xüsusi mövzular/işlər üzrə;

AŞ öhdəliklərini sistematik şəkildə yerinə yetirməyən üzv dövlətlərə qarşı daha güclü təsirlər yönündə;

Avropada anti-demokratik tendensiyalara AŞ reaksiyasını sürətləndirmək və gücləndirmək yönündə;

AŞ standartlarının və monitorinq nəticələrinin milli hökumətlər tərəfindən müntəzəm qərar qəbul etmə proseslərində və qeyri-müəyyən və ya mübahisəli səlahiyyət vəziyyətlərində necə daha yaxşı istifadə olunacağına dair.

Hədəflərimizin həyata keçirilməsi istiqamətində çalışmaq üçün aşağıdakı prinsipləri müdafiə edirik:

Avropa Şurası dinamik, şəffaf, Avropa ictimaiyyətinə yaxşı tanınan, hüquq və azadlıqları, qanunun aliliyini və demokratiyanı təşviq etmək və təmin etmək üçün dayanıqlı bir təşkilata çevrilməlidir;

AİHM daha effektiv işləyir, öz işlərinə böyük gecikmələr olmadan baxır və istisnasız olaraq bütün üzv dövlətlərə eyni minimal standartları tətbiq edir;

Üzv dövlətlər AİHM qərarlarını öz qanunlarında və siyasətlərində, o cümlədən milli institutları gücləndirməklə və digər AŞ orqanlarının qərarlarını və ekspert rəylərini izləməklə real şəkildə həyata keçirməyə çalışırlar;

Üzv dövlətlər öz tərəfdaşları tərəfindən ciddi pozuntuları aradan qaldırmaq üçün daha qətiyyətli, fəal və ardıcıl hüquqi və siyasi tədbirlər həyata keçirir;

Böhran vəziyyətlərinə çevik reaksiya və repressiyalara qarşı effektiv mexanizmləri mövcud olmalı və tətbiq edilməlidir;

Avropa Şurası “boz zonalar” və münaqişə zonalarına daxil ola və səmərəli fəaliyyət göstərə bilər;

AŞ özünü korrupsiyadan və qeyri-etik davranışlardan qorumaq üçün effektiv dürüstlük mexanizmlərinə malikdir;

Vətəndaş cəmiyyəti AŞ-ın mövqelərinin və qərarlarının işlənib hazırlanmasında bərabərhüquqlu tərəfdaş kimi qəbul edilir.

CURE müvafiq vətəndaş cəmiyyəti təşkilatlarını, hökumətləri, diplomatları, parlament üzvlərini, AŞ rəsmilərini və əməkdaşlarını, hüquqşünasları, ekspertləri, jurnalistləri və fəal vətəndaşları Kampaniyaya dəstək verməyə çağırır.

CURE-nin daimi katibliyi Strasburqda fəaliyyət göstərəcək. Qurumun İdarə Heyəti və Məşvərət Şuraları da dövri olaraq toplaşıb, müvafiq tövsiyə və qərarlar verəcək. 

Kampaniyanın təsisçiləri Bolqarıstan Helsinki Komitəsi (Bolqarıstan); Vətəndaş Azadlıqları Mərkəzi (Ukrayna); Beynəlxalq Müdafiə Mərkəzi (Fransa); Vətəndaş Hüquqlarının Müdafiəçiləri (İsveç); Aİ-Rusiya Vətəndaş Forumu (beynəlxalq şəbəkə, katibliyi Berlində yerləşir); FİDH - Beynəlxalq İnsan Hüquqları Federasiyası; "Memorial" Hüquq Müdafiə Mərkəzi (Rusiya); Niderland Helsinki Komitəsi (Niderland); Norveç Helsinki Komitəsi (Norveç); "İctimai hökm" Fondu (Rusiya); YUCOM - İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi (Serbiya) və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzidir (Azərbaycan). 

* SMDT Azərbaycanda azad seçkilərin təşviqi, siyasi azadlıqların müdafiəsi və demokratik institutların formalaşdırılması üzrə fəaliyyət göstərən təşkilatdır. -06D-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder