27 Ocak 2022 Perşembe
"Müharibə tərəfdarı deyiləm, işğalın və nifrət nitqinin də əleyhinəyəm" - Araşdırmaçı jurnalist Xədicə İsmayıl
Araşdırmaçı jurnalist Xədicə İsmayılova Almaniyanın "Zenith” jurnalına müsahibə verib. Onun səsləndirdiyi bəzi fikirlər Azərbaycandakı iqtidaryönümlü mətbuatda fərqli şəkillərdə təqdim olunub.
Ona görə də Meydan TV həmin müsahibənin tərcüməsini tam şəkildə yayıb
"24 saat" Meydan TV-yə istinadən həmin müsahibəni təqdim edir:
- Xanım İsmayılova, son illərdə öz ölkənizdə çətin günlər keçirmisiniz. Heç olmasa dünya miqyasında dostlar və tərəfdaşlarınıza arxalana bilirsiniz. Ancaq İkinci Qarabağ müharibəsi zamanı bəzi açıqlamalarınızla Qərb ölkələrindən də tənqid almısınız…
"Əgər pul yoxdursa, orada heç kim Azərbaycanın mövqeyindən çıxış edib səsini ucaltmır”
- Mənə elə gəlir ki, bu dəstəyi səhv başa düşmüşəm. Bəziləri mənə dedi ki, Qarabağ məsələsində Ermənistanın əleyhinə getsəm, məni dəstəklədikləri üçün peşman olacaqlar. Bunu əvvəlcədən bilsəydim, onların dəstəyindən dərhal imtina edərdim. Düşünürdüm ki, korrupsiyaya qarşı və insan haqları sahəsində işləyərkən bununla işimə cəsarətləndiriləcəm və mən bu işi görməyə davam edirəm. Bəs mənim ifadə azadlığım sadəcə Əliyevləri tənqid etməklə bitirmi? Niyə mənə Ermənistan hökumətinin yox, yalnız Azərbaycan hökumətinin problemlərini həll etməyə icazə verilir? Bu, Əliyevin yox, xalqın savaşıdır. 600 mindən çox insan öz ölkəsində qaçqın vəziyyətinə düşüb. Mən bu mövzuya da toxunmağı bacarmalıyam. Mən Əliyevi heç bir şəkildə dəstəkləmirəm, amma o, Qarabağla bağlı tamamilə haqlıdır. Çünki qarşı tərəf, yəni Ermənistan beynəlxalq hüquq normalarını pozaraq ölkəmizi işğal edib.
- Xaricdə belə bəyanatlar müharibəni alovlandıran bəyanat kimi qəbul edilir.
- Mən müharibə tərəfdarı deyiləm. Mən işğalın əleyhinəyəm və nifrət nitqinin əleyhinəyəm. İnanmadığım heç nəyi dilə gətirməmişəm. Həbsdən çıxandan düz beş il sonra, 2021-ci ilin mayında mənə qanuni olaraq yenidən Azərbaycanı tərk etməyə icazə verildi. Müharibədən əvvəl Qərbdən gələn dəvətlərdən qurtula bilmirdim. Amma indi yenidən sərbəst səyahət azadlığım olsa da, artıq heç kim məni istəmir. Bu, məyusedicidir.
- Sizcə buna səbəb nədir?
- Bu, məni düşündürüb. Sadəcə kiminsə xoşuna gəlmək və ya xaricdən daha çox alqış almaq üçün bu məsələ haqqındakı düşüncələrimdən vaz keçmək fikrində deyiləm. İroniya budur ki, əgər bunun üçün pul xərclənməyibsə, Azərbaycanın mövqeyindən çıxış edən yoxdur. Təəssüf ki, Ermənistan tərəfdən demək olar, heç kim Qarabağın işğal olunmasını tənqid etmir, ermənilərin hərbi cinayətlərinin araşdırılmasını tələb etmir. Düşünə biləcəyim yeganə istisna fəal Georgi Vanyandır, lakin o, vəfat edib (Redaktorun qeydi: Vanyan 2021-ci ilin payızında keçirdiyi qısamüddətli ağır xəstəlikdən sonra vəfat edib) və onun münasibəti hətta öz ailəsi tərəfindən də tənqid olunub. Biz ordumuzun törətdiyi cinayətlərin üstünün açılması üçün burada petisiyaya başladıq. Bu addımın qarşılığını Ermənistanda təsəvvür edə bilərsinizmi? Sanki Ermənistan ordusu heç vaxt cinayət törətməyib!
- 1989/90-cı illərdə Bakı ermənilərinə qarşı törədilən soyqırımlardan bəhs edən, sonradan qadağan olunmuş və qismən yandırılmış "Daş yuxular” (2012) kitabı və azərbaycanlı yazıçı Əkrəm Əylisli nümunəsi haqqında düşünürəm.
- İndi hökumətə yaxın nəşriyyatlar da daxil olmaqla onun kitabının müxtəlif nəşriyyatlar tərəfindən nəşr edilməsinə icazə verilir. Əylisli məsələsində əsas məsələ onun "Möhtəşəm Tıxac” kitabında hökuməti tənqid etməsi və sonradan ona qarşı millətçi kampaniyaya başlanması olub. Bu məsələ müzakirələrin arasında itib-batdı və yeri gəlmişkən, beynəlxalq jurnalistlər bunun üçün məsuliyyət daşıyırlar – onlar bu əlaqələri kontekstləşdirməli idilər! Təbii ki, onun başına gələn haqsızlıqdır, bəs buna bənzər şeylər yazan erməni yazıçıları haradadır? Bizə sülh üçün çalışan daha çox sənətkar lazımdır. Daha az deyil. Ancaq bunu həmişə yalnız bir tərəfdən gözləməməlisiniz.
Xədicə İsmayılovanın müsahibəsinin tam mətni
- Yeri gəlmişkən, həqiqətən də müharibədən danışmağı xoşlayırsınız?
- Müharibə haqqında danışmağı sevmirəm. Mən korrupsiyadan danışmağa üstünlük verirəm. Amma bizim Azərbaycanın maraqları də təqdim olunmalıdır. Hər ikisi müəyyən dərəcədə bir-birinə bağlıdır. Bizim oliqarxlar Londonda və ya başqa yerlərdə külli miqdarda pul müqabilində Azərbaycanın münaqişəyə baxışını dəstəkləyən təşkilatlar yaratmağı və Qarabağ haqqında konfransları keçirməyi sevirlər. Onlar olmasaydı, daha yaxşı olardı. Avropa-Azərbaycan İcması kimi təşkilatlardan başqa: Qarabağla bağlı beynəlxalq forumlarda Azərbaycanı gözləyən perspektivlər daha harada təqdim olunur? Təəssüf ki, hökumətimiz və oliqarxlarımız bunun qarşılığını ödəmədikcə, beynəlxalq ictimaiyyət Azərbaycanın maraqlarından danışmağa hazır deyil. Təbii ki, bu, həm də qürurla, itirmək kompleksimizlə bağlıdır. Biz 1994-cü ildə müharibəni uduzduq və o vaxtdan bəri çoxlu insan qaçqın düşərgələrində yaşayır. Bu, hökumətə istənilən yanlış idarəçilik üçün bəhanə verdi. İndi biz müharibədə qalib gəlmişik.
- Dağlıq Qarabağın gələcək statusu məsələsi hətta müharibədən sonra da həll olunmamış qalır. Bir çox erməni deyəcək ki, Azərbaycan çox avtokratik şəkildə idarə olunur və bu, Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan hakimiyyəti altında yaşamasını qeyri-mümkün edir.
- Münaqişə Əliyevlərlə başlamadı. Ən qəddar münaqişələr onun hakimiyyətə gəlməsindən çox əvvəl baş verib. Ona görə də mən bu arqumenti qəbul etmirəm. Fikirləşəndə əslində yalandır. Münaqişə demokratiya və korrupsiya ilə bağlı deyil, ətraf mühitə təsirini itirmək istəmədiyi üçün münaqişəni qızışdıran Rusiya ilə bağlıdır. İndi isə hətta bizim ərazidə rus qoşunları da yerləşdirilib.
"Nənəmin ermənilərə nifrət etmək üçün hər cür səbəbi olardı, amma etmədi”
- 30 ildir ki, hər iki tərəfdə nifrət toxumu əkilib. Bu, birlikdə yaşamaq fikrini heç də asanlaşdırmır. Düşünürəm ki, bunu zamanla həll etmək olar. Təbii ki, məktəb kitablarının içindəkilər məni qorxudur. Əminəm ki, erməniləri də. Digər tərəfdən, mən sovet dövründəki birlikdə dinc yaşamaq təbliğatına inanmıram. Təbii ki, insanlar birlikdə yaşamağın yollarını tapıblar. Yalnız erməni-azərbaycanlı dostluğu, mahnılarda və sair qalıb. Necə deyərlər, sovet təbliğatıdır. Amma öz ailə keçmişimi düşünəndə…
- Tam olaraq nə demək istəyirsiniz?
- Nənəmin atası 1918-ci ildə, nənəm anadan olandan bir həftə sonra Şamaxı yaxınlığında erməni daşnakları tərəfindən öldürülüb. Sonralar nənəm yaraşıqlı və savadlı bir kişi ilə evlənib, lakin o da nənəmi başqa bir erməni qadın üçün tərk edib. Nənəmin ermənilərə nifrət etmək üçün hər cür əsası var idi, amma o nifrət etmədi. Mən onun hekayəsini yalnız 1980-ci illərdə Qarabağ münaqişəsi başlayanda eşitdim. Bizdən sakitləşməyimizi istədi və dedi ki, nifrət gəlir və gedir, amma siz də yenidən birlikdə yaşamalı olacaqsınız, ona görə də bir-birinizə pis bir şey etməyin.
- O zaman reaksiyanız necə oldu?
- O zaman Qarabağda erməni separatçı hərəkatının güclənməsi, millətçi əhval-ruhiyyə bizi çox narahat edirdi. Nənəm yazıb-oxumağı bilmirdi, amma hər şeyi görmüşdü. O, 1918-ci ildə hər iki millətin bir-birinin başını əzdiklərini və bir neçə ildən sonra erməni qadınları ilə yenidən ailə qurmağın normal hal kimi qəbul olunduğunu görüb. 1980-ci illərdə Bakıda ermənilərə qarşı törədilən soyqırımlar zamanı nənəm atamdan xahiş etmişdi ki, onun keçmiş erməni rəqibini evdə gizlətsin, ona heç nə olmasın. İki ay o bizimlə qaldı. Ermənilərlə aramızda dəhşətli hadisələr baş verdi. Sumqayıt hadisəsi (redaktorun qeydi: 1988-ci ildə ermənilərə qarşı qırğın) Xocalı qədər pis idi (redaktorun qeydi: 1992-ci ildə I Qarabağ müharibəsində mülki azərbaycanlıların qətliamı) və eləcə də digərləri. Sovet İttifaqının dağılması ilə bütün azərbaycanlıların Ermənistandan qovulması da təbii ki, kifayət etmədi. Nifrət pisdir, amma səbəbləri var.
- Kim?
- Rusiya təbii ki. Erməni diasporu isə bu nifrəti qızışdırır. Qardaşım ermənilərin və azərbaycanlıların oxuduğu rus məktəbində oxuyub. O deyirdi ki, məktəbdə də ermənilər həmişə azərbaycanlılara qarşı çıxırdı, davalar olurdu. O zaman qardaşım bunu anlamırdı. Məsələ bu idi ki, azərbaycanlılar Osmanlı imperiyasının bir hissəsi olmayıb heç. Mən anlamıram ki, biz niyə bu problemin içindəyik. Biz o qərarların heç birində iştirak etməmişik. Sonra 1918-ci ildə erməni quldur dəstələri Qafqazda dolaşdılar və türk əmioğlularımızın ermənilərə etdiklərinin qisasını almaq üçün azərbaycanlıları öldürdülər. Hətta özümüzə türk də demirik. Bakının küçələrində gəzsəniz, hər yerdə Azərbaycan-Türkiyə dostluğunu xatırladan bayraqlar görərsiniz. Təbii ki, biz türk köklüyük, amma məsuliyyət daşımadığımız bir şeyə görə cəzalandırılırıq. Məncə, yeganə yol bu məsələni bütünlüklə basdırıb Qarabağ məsələsinə qatmamaqdır.
Xədicə İsmayılova Azərbaycanın tanınmış hüquq müdafiəçilərindən biri hesab olunur.
2017-ci ildə Alternativ Nobel Mükafatına layiq görülüb. Onun korrupsiyaya qarşı mübarizəsi diqqəti dəfələrlə Əliyevlərə yönəldib. 2014-2016-cı illərdə həbsdə olub.
"Pegasus” hadisəsi zamanı onun cib telefonunun da dinlənildiyi öyrənilib. İsmayılovanın qardaşı oğlu İkinci Qarabağ müharibəsi zamanı həlak olub.
https://www.az24saat.org/muharib%c9%99-t%c9%99r%c9%99fdari-deyil%c9%99m-isgalin-v%c9%99-nifr%c9%99t-nitqinin-d%c9%99-%c9%99leyhin%c9%99y%c9%99m-arasdirmaci-jurnalist-x%c9%99dic%c9%99-ismayil/
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder