28 Ocak 2022 Cuma

Lavrov: Rusiya Ukrayna ilə müharibə istəmir


Lavrovun sözlərinə görə, ABŞ-ın Moskvaya yeni sanksiyaları iki ölkənin münasibətlərinin kəsilməsinə səbəb olar


Xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ukrayna ilə müharibə etməyəcəyini deyir. Amma o, ölkəsinin “gözardı olunan” maraqlarını müdafiə edəcəyini bildirib.


Qərb kəşfiyyatı Rusiyanın Ukrayna ilə sərhədə 100 min əsgər yığdığını deyir. Moskva Ukrayna böhranının azaldılması əvəzində Qərbdən təhlükəsizlik qarantiyaları tələb edir.


Yanvarın 26-da Birləşmiş Ştatlar və NATO Ukraynanı Qərb alyansından birdəfəlik uzaqlaşdırmaqla bağlı Moskvanın tələbini rədd edib. Onların bildirməsinə görə, Şərqi Avropada əsgər və hərbi texnikanın yerləşdirilməsi məsələsi müzakirə olunmur.


Ancaq Vaşinqton Ukrayna böhranının həlli üçün “ciddi diplomatik yol” qaldığını bildirib, eyni zamanda, Rusiyanı Ukraynanı işğal edəcəyi halda görünməmiş iqtisadi sanksiyalarla hədələyib.


Qərb ölkələri Rusiyanı sərhəd regionları və Belarusdan qoşunları geri çəkməyə çağırıb. Moskva isə öz ərazisində istədiyi yerə əsgər yerləşdirəcəyini deyib.


Mümkün sanksiyalar


ABŞ rəsmiləri mümkün sanksiyalar sırasında Rusiyanı SWIFT qlobal bank transferləri sistemindən çıxarmağı, Rusiyaya yüksək texnologiya məhsulları ixracına geniş qadağa qoymağı istisna etmirlər.


“Əgər Rusiya Federasiyasından asılıdrsa, müharibə olmayacaq”, – Lavrov Rusiya radiostansiyalarına müsahibəsində deyib.


“Biz müharibə istəmirik, amma maraqlarımızın tapdanmasına, gözardı olunmasına da imkan verməyəcəyik”, – Lavrov deyib.


Lavrov bir neçə həftə ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə görüşərək böhranla bağlı yeni danışıqlar aparacağını, Amerikanın təkliflərinə necə cavab veriləcəyinə isə Rusiya Prezidenti Vladimir Putinin qərar verəcəyini deyib.


Onun sözlərinə görə, ABŞ-ın Moskvaya qarşı yeni sanksiyaları iki ölkənin münasibətlərinin kəsilməsinə səbəb olar.


Makron Putinlə danışacaq


Bu ay Qərblə Moskva Avropa şəhərlərində bir neçə görüş keçirsələr də, irəliləyiş əldə olunmayıb.


Fransa Prezidenti Emmanuel Makron yanvarın 28-də Putinlə telefon danışığında Rusiyanın niyyətinə aydınlıq gətirməyə çalışacaq.


Makron Putinin Ukrayna məsələsində “konsultasiya, yaxud konfrontasiya” istədiyini öyrənməyə çalışacaq, Xarici işlər naziri Jan-İv Lö Drayan deyib.




ABŞ Prezidenti Co Bayden isə yanvarın 27-də ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında ABŞ və müttəfiqlərinin Rusiyanın Ukraynaya mümkün hücumuna “qətiyyətli reaksiya” verəcəyini bir daha vurğulayıb.


Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 min 200-dən çox adam öldürülüb.


Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder