29 Ocak 2022 Cumartesi

ABŞ Putinə “Dayan” deyir

Vaşinqton/29.01.22 ABŞ prezidenti Co Bayden cümə günü axşam jurnalistlərə bildirib ki, o, yaxın gələcəkdə Şərqi Avropa və NATO ölkələrinə 8500 ABŞ əsgəri yerləşdirməyi planlaşdırır, "Turan-ın Vaşinqtondakı müxbiri xəbər verir.

  Prezidentin açıqlaması ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmilərinin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin, xüsusən də mülki əhali üçün “dəhşətli” olacağı barədə xəbərdarlıq etməsindən bir neçə saat sonraya təsadüf edib.

   “Sərhəd yaxınlığında yerləşdirilən Rusiya qüvvələrinin tipini nəzərə alsaq, onların Ukraynaya qarşı istifadəsi böyük insan itkilərinə səbəb olacaq”, - bunu brifinqdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, ordu generalı Mark A. Milley deyib.

  Öz növbəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiya ilə münaqişənin “qaçılmaz olmadığını” vurğulayıb.

  “Diplomatiyanın hələ vaxtı və yeri var. ABŞ müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Rusiyaya böhrandan çıxış yolunu təklif etdi”.

   Həm Ostin, həm də Milley 8500 ABŞ əsgərinə hələlik hərəkət əmri verilmədiyini söylədi. Qoşunlar istifadə olunarsa, NATO Cavab Qüvvələrinin bir hissəsi olacaq.

   Milli əlavə edib ki, Ukrayna ordusunda 150 min hərbçi və çoxlu sayda ehtiyat əsgər var.

  Ukrayna NATO-nun üzvü deyil, tərəfdaşıdır, lakin NATO liderləri Putinə bildiriblər ki, Ukraynaya istənilən müdaxilə Rusiya üçün ciddi iqtisadi və diplomatik itkilərlə nəticələnəcək.

"Bu, Rusiyanın çox qorxduğu şeyə gətirib çıxaracaq - Rusiyanın qərb sərhədində NATO-nun güclənməsinə", - Ostin bildirib.

  Prezident Putin nə qərar versə də, “ABŞ müttəfiqlərimizin və tərəfdaşlarımızın yanında olacaq. Biz əmin olacağıq ki, onların özlərini müdafiə edəcək gücləri olsun”.

  Rusiya Ukrayna ilə sərhədə yaxın ərazidə ən azı 100 min əsgər toplayıb və ABŞ son həftələrdə Putinin hər an hücum edə biləcəyi barədə xəbərdarlıq edib. Ağ Ev Putinə belə bir hücumun Moskva üçün ciddi iqtisadi nəticələr verəcəyi barədə xəbərdarlıq edib.

  Bu arada ABŞ Rusiyanın davranışını və Ukrayna ilə sərhəddə rus qoşunlarının artırılmasını müzakirə etmək üçün gələn bazar ertəsi BMT Təhlükəsizlik Şurasının iclasını keçirməyə çağırıb. -0-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder