27 Ekim 2021 Çarşamba

Həbsxana problemi: aşağı həyat standartları

Bakı/27.10.21 World Prison Brief təşkilatı dünya ölkələrində məhbus sayı ilə bağlı reytinq dərc edib. Həmin reytinqə görə, Azərbaycanda məhbusların sayı artıb.

211 ölkə və suveren ərazi yer alan reytinqdə Azərbaycan 21 253 məhbus sayı ilə 67-ci pillədə qərarlaşıb.  

Avropa Şurası quruma üzv ölkələrdə məhbusların sayı və durumuyla bağlı bu ilin aprelində dərc etdiyi illik hesabatında Azərbaycanda toplam 21 min 12 məhbusun cəzasını çəkdiyini qeyd etmişdi və əhalinin hər 100 min nəfərinə 208.7 məhbus düşürdü. 

Hüquq müdafiəçilərinin məlumatına görə, Azərbaycanda türmələrin tutumu 25 501 nəfər təşkil edir. Onlar bildirirlər ki, 17 il ərzində məhbusların sayı 17 845 nəfərdən 21 253 nəfərə qədər artıb.

Belə olan halda, məhbusların sayının artması istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində sıxlığa gətirib çıxarırmı? Ölkədə məhbusların sayı niyə artır?

2017-ci ildə prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalayıb.

Rəsmi məlumata görə, bu günə qədər sərəncam 8 min məhkuma şamil olunub, 2 min 500 nəfər məhkum azadlığa qovuşub.

Penitensiar Xidmətdən Turan-a bildirilib ki, cəzaçəkmə müəssisələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə, mülkiyyətə və şəxsiyyətə qarşı cinayətlərə görə məhkum olunmuş şəxslər üstünlük təşkil edir.

Qurumdan məhbusların sayı barədə ümumi məlumat verilməsə də, Azərbaycanda cəzaçəkmə müəssisələrində sıxlıq olmadığı bildirilib.

Qeyd olunub ki, penitensiar sahədə islahatlar davam etdirilir, infrastrukturun yenilənməsi, fəaliyyətin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər həyata keçirilir. Xidmətin infrastrukturunun yenilənməsi, peşəkar kadr korpusunun formalaşdırılması, istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin açılması istiqamətində xeyli işlər görülüb, müsbət nəticələr əldə olunub. Penitensiar müəssisələrdə əsaslı təmir və quruculuq işləri davam etdirilir.

Xidmətdən bildirilib ki, ölkə başçısının sərəncamının icrası davam etdirilir, penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi istiqamətində müvafiq işlər görülür. Sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrası üzrə həyata keçirilən tədbirlər nəticəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir, bu il virtual qaydada keçirilən iclaslarda xüsusi komissiya tərəfindən məhkəməyə göndərilməsi tövsiyə edilmiş 900-dən çox müraciət təmin edilib.

Qurumdan vurğulanıb ki, məhkumların islah prosesində iştirak etmək, habelə müstəqil monitorinqlər aparmaq məqsədilə beynəlxalq, yerli qeyri-hökumət, o cümlədən, hüquq- müdafiə təşkilatlarının nümayəndələrinə penitensiar müəssisələrə baş çəkmək üçün müvafiq şərait yaradılıb.

Hüquq müdafiəçisi Anar Məmmədli “Azadlıq” radiosuna bildirib ki, ölkədə məhbusların sayının artmasının bir neçə səbəbi ola bilər: «Əvvəl ölkədəki kriminogen duruma baxmaq lazımdır. Vəziyyətin nə dərəcədə qənaətbəxş olduğunu, həbslərin sayının vəziyyətə nə dərəcədə uyğun olmasını müəyyən etmək lazımdır».

Onun sözlərinə görə, bəzi hallarda yüngül xarakterli cinayətlərə görə həbslər tətbiq olunur: «Hərdən elə iqtisadi cinayətlər olur ki, təqsirləndirilən şəxsin həbsi zərərçəkənkərə vurulmuş ziyanı ödəmir. Hərdən olur ki, süni şəkildə əlavə maddələr üzrə ittiham irəli sürülür və şəxs şərti həbs və ya 3-4 il əvəzinə 7-8 il müddətinə azadlıqdan məhrum olunur».

Ekspert qeyd edib ki, ölkədə mediasiya işi düzgün təşkil olunmayıb: «Bəzi hallarda barışığa nail olmaq olar. Lakin bu, olunmur və iş həbslə nəticələnir».

Onun sözlərinə görə, Azərbaycanda durumu bir qədər normal olan Bakı İstintaq Təcridxanası və bir neçə cəzaçəkmə müəssisəsi var: «Lakin həmin istintaq təcridxanası o qədər də böyük deyil və orada da sıxlıq olur. Digər təcridxanalarda durum daha acınacaqlıdır. Təcridxanalarda saxlanılan şəxslər hələ cinayətkar deyillər. Yəni, insan hələ məhkəmə qarşısına çıxarılmamış artıq acı reallıqla rastlaşır. Bunun özü də antihumanist aktdır».

O vurğulayıb ki, bəzən təcridxanada olan şərait cəzaçəkmə müəssisəsindəki şəraitdən daha ağır olur: «Hərdən görürsən ki, 4 adamlıq kameralarda 7-8 nəfər saxlanılır».

Ekspert deyir ki, cəzaçəkmə müəssisələrində ən böyük problem infrastrukturun normal standartlara uyğun olmamasıdır: «Bakının mərkəzində şəraiti normal olan 2-3 cəzaçəkmə müəssisəsi var. Qalanlarda isə hamam, su, isitmə problemləri mövcuddur».—0—

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder