30 Ekim 2021 Cumartesi

Müxalifət Paşinyana cinayət işi açılmasını tələb edir


Ermənistan Baş Prokurorluğu ötən ilin dekabrında qoşunların Sünik sahəsində geri çəkilməsinə şifahi əmr vermiş baş nazir Nikol Paşinyan barəsində sənədlərin hazırlanmasına başlamalıdır.


AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, oktyabrın 29-da parlament brifinqi zamanı müxalif Hayastan fraksiyası belə bir bəyanatla çıxış edib.


Müxalifət nümayəndələri deyiblər ki, qoşunlara geri çəkilmək əmrinin verilməsində cinayət tərkibi olub.


Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan bu barədə deyib:


9 noyabr sənədində deyilir ki, tərəflər döyüş əməliyyatları dayandıqdan sonra olduqları mövqelərdə qalmalıdırlar. Buna görə də heç kəsin qoşunların, ələlxüsus da sonradan mübahisəyə səbəb olan bölgələrdə geri çəkilməsi üçün əmr etmək hüququ olmayıb".


Keçmiş müdafiə nazirinin sözlərinə görə, “normal rəhbər belə halda qoşunlara maksimum əlverişli, strateji yüksəklikləri və yolları tutmaq əmri verməli, düşmənin Ermənistanın içərilərinə müdaxilə etməsinə yol verməməli idi”.




Azatutyun yazır ki, son vaxtlar 44 günlük müharibədən sonra Ermənistan qoşunlarına Sünik sahəsində geri çəkilmək əmrinin kimin verməsi barədə mübahisələr kəsilmək bilmir. Bu məsələ artıq bir neçə həftədir ki, müxalifətin gündəliyində qalır. Sözü gedən suala nə Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti cavab vermirlər.


Oktyabrın 27-də parlamentdə keçirilən “hökumət saatında” bu sual bir neçə dəfə verilmiş və nəhayət baş nazir Nikol Paşinyan əmrin onun tərəfindən verildiyini bəyan etmişdi.




Deputat deyib ki, rayonları qaytarmaq lazım deyildi


Digər müxalifət fraksiyası – “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan bildirib ki, həmin vaxt ictimaiyyətə açıqlanmış yeganə sənəd olan 2020-ci ilin 9 noyabr bəyanatında qoşunların geri çəkilməsi barədə tələb qoyulmur:


“Bu sənəddə deyilir ki, Kəlbəcər rayonu, Laçın rayonu, Ağdam rayonu... Əgər sənədin əsasını sovet dövrünün inzibati-ərazi bölgüsü təşkil edirdisə...sovet dövründə Laçın rayonu, Qubadlı rayonu, Zəngilan rayonu vardısa və bu iki rayonun (hansı iki rayonun nəzərdə tutulduğu məlum olmur – red) əraziləri 9 noyabr 2020-ci il tarixində bizim nəzarətimizdə idisə, onların təslim edilməsi heç bir məntiqə sığmır...”


Deputat 9 noyabr bəyanatında Kəlbəcər, Laçın və Ağdam rayonlarının dinc şəkildə qaytarılmasının nəzərdə tutulduğunu qeyd etməyib. O, əksinə bildirib ki, rayonların Azərbaycana qaytarılmasının yaradacağı problemlər barədə düşünən olmayıb.


Baş nazir Nikol Paşinyanın bəyanatında deyilirdi ki, Ermənistan qoşunları Sünik istiqamətində geri çəkilməsəydi müharibə başlanardı.


Tiqran Abramyan bu iddia ilə də razılaşmadığını bildirib:


“Müharibə başlanardı kimi bəyanatlara gəlincə isə, həmin məntiqlə Azərbaycan Vardenisin, Gorusun, Qafanın, Meğrinin də təslim edilməsini tələb edə bilər. Onda hökumət bu rayonları da eyni prinsiplə təslim edəcək ki, müharibə başlanar?”




Xatırlatma


2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.


Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və 5 şəhəri işğaldan azad edib.


Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.


Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.


Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.


Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.


Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.


1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder