30 Ekim 2021 Cumartesi

Yerevan Rusiya sülhməramlılarının Qarabağda daha çox qalmasını istəyir


Məlumata görə, Ermənistan Təhlükəsizlik Şurasının TASS-a danışan nümayəndəsi hesab edir ki, hazırda Qarabağda vəziyyət təhlükəsizlik baxımından kifayət qədər sabit deyil. Agentliyə danışan Şura əməkdaşı nümunə kimi bura bu yaxınlarda bir nəfərin ölməsi və bir nəfərin də yaralanması ilə bağlı atəşkəs pozuntusunu misal çəkir.


TASS-ın məlumatına görə, Təhlükəszilik Şurasının nüməyəndəsi bildirib ki, Rusiya Federasiyasının Dağlıq Qarabağdakı sülhməramlı kontingenti faktoru Dağlıq Qarabağın statusu məsələsinin həlli tapılana qədər mühüm və əhəmiyyətli olacaq.




TASS bildirir ki, aparat əməkdaşı həmçinin bəyan edib ki, Ermənistan, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması məsələsi də daxil, Qarabağ ətrafında bütün spektrlər üzrə Moskva ilə daima müzakirələr aparır.


Ermənistan Təhlükəsizlik Şurasının əməkdaşı həmçinin vurğulayıb ki, “9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri başqa addımlar atmasa, Rusiya sülhməramlı kontingentinin ölkədə qalma müddəti avtomatik olaraq daha 5 il uzadılır. Ermənistan üçtərəfli bəyanatın bu müddəası əsasında formalaşmış vəziyyəti Dağlıq Qarabağın statusu məsələsinin həlli yolu tapılana qədər saxlamaq niyyətindədir”, - deyə Ermənistan Təhlükəsizlik Şurası əlavə edib.


Azərbaycan prezidenti İlham Əliyev isə öz çıxışlarında dəfələrlə münaqişənin artıq həll olunduğunu və status məsələsinə baxılmayacağını bəyan edib.




Xatırlatma


2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.


Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.


Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu döyüşlərdə Azərbaycanın 3 minə yaxın hərbi qulluqçu itirdiyi açıqlanıb.


Bu il yanvarın 11-də də Moskvada tərəflər üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.


Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.






Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder