Baydenlə Papa Frensisin görüşünün qeyri-adi dərəcədə çox çəkdiyi bildirilir. Vatikanın məlumatına görə, görüş bir saat 15 dəqiqə çəkib, daha sonra şəkil çəkdirməyə və hədiyyələrin təqdimatına daha 15 dəqiqə ayrılıb.
Baydenin sələfi Donald Tramp 2017-ci ildə papa ilə 30 dəqiqəlik görüş keçirmişdi. Keçmiş Prezident Barak Obamanın papa ilə 2014-cü ildəki görüşü isə 50 dəqiqə çəkib.
***
ABŞ Prezidenti Co Bayden oktyabrın 29-da Romada Papa Frensis ilə görüşüb.
Baydenin papa ilə abort kimi qalmaqallı məsələni müzakirə edib- etməyəcəyi bəlli deyil. Bayden administrasiyası abort hüququnu tanıyır ki, bu da katolik kilsəsinin mövqeyinə ziddir.
***
ABŞ Prezidenti Co Bayden oktyabrın 29-da Avropaya gəlir. O, Böyük İyirmilərin (G20) Roma sammitində iştirak edəcək, İranın nüvə proqramına dair müttəfiqləri ilə danışıqlar aparacaq, Vatikanda Roma papası ilə görüşəcək.
Bayden Qlazqoda COP26 dünya iqlim konfransına da qatılacaq. Bu tədbir dünyanın iqlim dəyişikliyi və qlobal istiləşmənin təsirləri ilə mübarizə apardığı dönəmdə keçirilir.
Katolik inanclı Bayden oktyabrın 29-da Vatikanda papa ilə görüşməlidir. O, Con Kennedidən (1961-63) sonra ABŞ-ın ikinci katolik prezidentidir.
İkigünlük G20 sammiti oktyabrın 30-da başlanacaq. Baydenin sammit çərçivəsində fransalı həmkarı Emmanuel Makronla görüşü planlaşdırılır.
İrandan danışacaqlar
ABŞ rəsmiləri oktyabrın 30-da Bayden, Makron, eləcə də Almaniya və Britaniya liderlərinin əsasən İranın nüvə proqramını müzakirə edəcəyini deyiblər. ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın sözlərinə görə, Bayden İranla bağlı “vahid strategiya və həmrəylik, ümumi yanaşma” əldə olunmasına çalışacaq. O, liderlərin Tehranla danışıqların bərpasını müzakirə edib-etməyəcəyini söyləməyib.
Tehran 2015-ci il nüvə sazişinin dirçəldilməsi üzrə dünya gücləri ilə danışıqların noyabrda bərpasını gözlədiyini bildirib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə ölkəsinin sazişdən çıxdığını bəyan edib. Bundan sonra İran da saziş çərçivəsində öhdəliklərinin icrasını məhdudlaşdırmağa başladı.
Ərdoğanla görüş gözlənir
Sallivanın sözlərinə görə, Baydenin Türkiyə Prezidenti Receb Tayyib Ərdoğanla da görüşəcəyi gözlənir. Ərdoğan Vaşinqtonla F-16 qırıcılarının alışını müzakirə etmək istəyir. Türkiyə Rusiyadan S-400 sistemləri alandan sonra bu satış ertələnib.
Bayden noyabrın 1-də Şotlandiyanın Qlazqo şəhərinə gedəcək, orada COP26 dünya iqlim konfransına qatılacaq. ABŞ liderinin BMT-nin sponsorluğu ilə keçirilən tədbirdə geniş çıxış edəcəyi gözlənir.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder