Facebook şirkətinin oktyabrın 28-də adını dəyişdiyini elan etməsindən sonra Kanadanın az tanınan sənaye materialları şirkətinin səhmləri bahalanıb. Səbəb Facebook-un təzə adındakı “Meta” sözüylə bağlıdır.
Bu açıqlamadan bir neçə saat sonra Yeni Şotlandiyada yerləşən Meta Materials Inc-in səhmləri 26% bahalanıb. “Reuters” cümə günü şirkətin bir səhminin dəyərinin 4.79 dollara bərabərləşdiyini, 1 milyona yaxın səhmin alınıb-satıldığını yazır.
Facebook-un da səhmləri qalxıb
Bu arada Facebook-un səhmləri də azacıq bahalanıb. Facebook-un bir səhminin qiyməti 316 dollardan yuxarıdır.
Meta Materials-ın səhmləri Reddit və sosial mediadan istifadə edən investorlar arasında indiyədək populyar idi. İyunda bir səhmi 22 dollaradək qalxmışdı.
Bu şirkət məişət texnikası və kosmik sənayedə işlənən materialların dizaynı üzrə ixtisaslaşıb, bazar dəyəri 1.3 milyard dollardır.
“Reuters” yazır ki, bazarda yanlış ada görə səhmlərin bahalanması birinci dəfə deyil. Pandemiyanın pik vaxtında adamlar Zoom platformasında video konfranslara axışanda “Zoom Technologies” şirkətinin səhmləri bahalanmışdı.
Gerçək səbəb nədir?
Ancaq bu, gerçəkdən adlarda oxşarlıqla, yoxsa “meme-səhm” investorlarının koordinasiyalı addımıyla bağlıdır, bunu dəqiq bilən yoxdur.
“Bu artım realdır, yoxsa MMAT səhmlərini əldə edənlər Facebook-u ucuz aldıqlarını düşünürlər?” – Reddit-də Meta Materials' səhmlərinin müzakirəsi üçün yaradılmış icmanın üzvü deyir.
Agentlik Meta Materials-dan açıqlama ala bilməyib. Amma şirkətin baş icraçı direktoru Corc Palikaras oktyabrın 28-də tvitində yazıb:
“@Metamaterialtec adından @Facebook-u #metaverse-ə keçməsi münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim”.
Facebook şirkəti oktyabrın 28-də adını dəyişdiyini və bundan sonra Meta adlanacağını bəyan edib. Şirkət bildirir ki, bu dəyişikliklə “daha geniş paylaşılan virtual mühitə” çevrilə biləcək.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder