29 Ekim 2021 Cuma

Oqtay Gülalıyevin başına gələn hadisədən 2 il ötür: Prokurorluq susur

Bakı/29.10.21 Bu gün məşhur hüquq müdafiəçisi Oqtay Gülalıyevi Bakının mərkəzində maşın vurduğu vaxtdan iki il keçir. Qəza nəticəsində o, başından xəsarət alıb və tam şüurlu və sərbəst şəkildə hərəkət edə biləcək vəziyyətdə Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Amma indiyədək aydın olmayan səbəblərdən 2019-cu il oktyabrın 29-dan 30-na keçən gecə beyninə qansızma ilə əlaqədar onun vəziyyəti pisləşib. Xəstəxananın və onun elə həmin gün aparıldığı Bakı City Hospitalın  həkimləri komaya düşən xəstənin xilas edilməsi üçün zəruri tədbirləri görməyiblər. Sonradan yalnız vitse-prezident aparatının müdaxiləsindən sonra o, əməliyyat olunub və sonradan Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə müalicəyə aparılıb.

Naməlum səbəblərdən prokurorluq hələ də Gülalıyevin ölümcül vəziyyətə çatdırılmasının səbəbini müəyyən edə bilməyib. Nəsimi Rayon Prokurorluğu və Baş Prokurorluq dəfələrlə işi məntiqi sona çatdıracağını vəd edib. Hətta 2020-ci ilin sentyabrında iş ayrıca icraata ayrılıb. Amma 2020-ci il dekabrın 25-də prokurorluq cinayət işi açmaqdan imtina edib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva 2021-ci il yanvarın 7-Oqtayın bir ildən çoxdur komada olmasına səbəb olan həkimlərin məsuliyyətə cəlb edilməsi zərurəti haqqında bəyanatla Azərbaycan baş prokuroru Kamran Əliyevə müraciət edib. Cavab gəlməyib, baxmayaraq ki, prokurorluq və şəxsən baş prokuror “həkimlərin işini” araşdırmaqda maraqlı olduğunu bildirmişdi.

Məktub dərc edildikdən sonra, yanvarın 25-də Nəsimi rayon prokurorluğu baş prokurorun şəxsi nəzarəti altında yenidən araşdırmaya başlayın. Amma araşdırmanın bütün müddətlərinin başa çatmasına baxmayaraq, indiyədək heç bir nəticə yoxdur.

Həkimlərə qarşı istintaq hərəkətləri 2019-cu il oktyabrın 29-da  28 May və Puşkin küçələrinin kəsişməsində Gülalıyevi avtomobilin vurması ilə bağlı insidentdən dərhal sonra başlanıb. Tam şüurlu vəziyyətdə olan və baş travmasından başqa digər hər hansı bir xəsarət olmayan O.Gülalıyev onu vuran sürücü tərəfindən 1 saylı Klinik Xəstəxanaya aparılıb. Sərbəst hərəkət edə bilib, hətta evə getmək istəyib. Həkimlərin sözlərinə görə, ilkin tomoqrafiya (MRT) beyindaxili qanaxma aşkar etməyib. Bundan sonra baş verənlər aşağıda dərc edilmiş baş prokurora məktubda göstərilib.

Lakin qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisəsi üzrə məhkəmə prosesi Oqtay Gülalıyevin məhkəmədə iştirakının vacibliyinin qanunvericiliklə əsaslandırılaraq təxirə salınıb ki, bu da həm o vaxt, həm də absurddur. Ailənin demarşından və ictimai narazılıqdan sonra yol qəzasından bir il sonra Gülalıyevi avtomobil vurması faktı üzrə məhkəmə prosesi başlayıb. Bu cür yubanma hakimiyyətin insidentə bağlı olmasına dair müxtəlif şübhələrin yaranmasına səbəb olub. Həkimlərin işinə gəlincə, burada vəziyyət daha ciddidir və prokurorluğun hərəkəti həkimlərin qəsdən yardım göstərməməsi və ya səriştəsizliyi,  cinayətkarcasına səhlənkarlığı barədə versiyalara əsas verir. Məsələ isə təkcə Gülalıyevdə deyil. Sual yaranır: Belə tibb müəssisələri insanların həyatına təhlükə yaratmırmı? Bu, artıq şəxsi yox, ictimai problemdir.

Ağır kəllə-beyin travması halı ilə bağlı tibbdə deyilir:

"Kəllə-beyin travması alan şəxsə həkim yardımı lazımdır.

Təcili yardım briqadası zərərçəkəni travmatologiya və ya reanimasiya şöbəsinə aparır. Orada xəstə müayinə edilir, zərurət yarandıqda kəllə, boyun, onurğanın döş və bel şöbələrinin, döş qəfəsinin, çanaq  və ətrafların rentgeni çəkilir, döş qəfəsinin və qarın boşluğunun ultrasəs müayinəsi aparılır, analiz üçün qan və sidik götürülür. Həmçinin EKQ aparılması təyin edilə bilər. Əks göstəriş olmadığı təqdirdə (şok vəziyyəti) beyin KT aparılır. Sonra xəstəni travmatoloq, cərrah və neyrocərrah müayinə edir və diaqnoz qoyulur.

Nevroloq hər 4 saatdan bir xəstəni müayinə edir və onun vəziyyətini  Qlazqo şkalası üzrə qiymətləndirir. Şüur pozulduqda xəstəyə traxeya intubasiyası edilir. Sopor və ya koma vəziyyətində olan xəstəyə ağ ciyərlərin süni ventilyasiyası təyin edilir. Hematom və beyin ödəmi olan xəstələrdə kəllədaxili təzyiq mütəmadi olaraq ölçülür.

Zərərçəkənlərə antiseptik, antibakterial terapiya, gərəkirsə qıcolma əleyhinə preparatlar, analgetiklər, maqnezium, qlükokortikoidlər, sedatiklər təyin edilir.

Hematomalı xəstələrin cərrahi müdaxiləyə ehtiyacı var. İlk dörd saat ərzində əməliyyatın yubadılması ölüm riskini 90%-a qədər artırır.

Ağır KBT ilə ölüm riski 30-40%-ə qədər artır. Sağ qalanlar arasında təxminən yüz faiz əlillik var. Onun səbəbləri psixi və nitq pozuqluğu, epilepsiya, menengit, ensefalit, beyin absesi və s.

Kəskin mərhələnin qarşısı alındıqdan sonra xəstəyə kompleks reabilitasiya tədbirlərinin tətbiq edilməsi onun aktiv həyata qaytarılmasında böyük əhəmiyyət daşıyır.

Kəllə-beyin travmasının reabilitasiya istiqamətləri

Dünya statistikasının məlumatları göstərir ki, bu gün reabilitasiyaya yatırılan 1 dollar sabah zərərçəkmişin həyatını təmin etmək üçün 17 dollara qənaət edəcək.

KBT-dən sonra reabilitasiya ilə həkim-nevroloq, həkim-reabilitoloq, fiziki terapevt, ergoterapevt, masajçı, psixoloq, neyropsixoloq, loqoped və digər mütəxəssislər məşğul olurlar. Onların fəaliyyəti bir qayda olaraq, pasientn sosial aktiv həyata qayıtmasına yönəlib. Pasientin orqanizminin bərpası üzrə işi bir çox hallarda travmanın ağırlığı müəyyənləşdirir. Belə ki, ağır travma zamanı  həkimlərin səyləri tənəffüs və udma funksiyalarının bərpasına, kiçik çanaq orqanlarının işinin yaxşılaşdırılmasına yönəldilir. Həmçinin mütəxəssislər itirilə bilən ali psixi funksiyaların (qavrayış, təxəyyül, yaddaş, düşüncə, nitq) bərpası üzərində işləyirlər". 

Gülalıyevi müayinə edən türk həkimlər Azərbaycan həkimlərinin hərəkətlərindən çaşqınlıq içində idilər. Hansı tərəfdən baxsan, bunu cinayətkar hərəkət kimi qiymətləndirmək olar. İstanbulda “Avrasiya” və “Amerika” hospitalının türk həkimləri inanılmaz səylər nəticəsində Gülalıyevin həyatını qoruyub saxlaya bildilər. Lakin bütün bunları birinci vitse-prezident Mehriban Əliyevanın köməyilə həyata keçirmək mümkün oldu. Bakıda əməliyyat Respublika Neyrocərrahiyyə Klinikasının həkimləri tərəfindən ən son anda – 30 oktyabr 2019-cu il günorta, ölümün bir  addımlığında edilib. Sonradan O. Gülalıyevin Türkiyəyə aparılmasını və müalicəsini Heydər Əliyev Fondu təmin edib. Ötən il noyabrın 8-də Vətənə qayıtdıqdan sonra müalicənin davamı TƏBİB-ə həvalə edilib.

Oqtay Gülalıyev hər zaman insanların harayına yetişən vətəndaş  kimi diqqətə və qayğıya layiqdir. Mübaliğəsiz demək olar ki, o, təqiblərə, təzyiqlərə baxmayaraq, hüquq müdafiəçisi kimi minlərlə vətəndaşa kömək edib. Azərbaycanın ən parlaq hüquq müdafiəçilərindəndi.-0-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder