Bakı/29.10.21 Artıq bir neçə gündür özlərinə Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı deyən şəxslər işlədikləri balaca bazarın sökülməsinə etiraz edirlər.
Rəsmi qurumlar isə bildirir ki, sözügedən ərazi Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq Yüksək Gərginlikli hava xəttinin mühafizə zonasıdır və həyat üçün təhlükəlidir. Veteranlar isə qeyd edirlər ki, onların başqa dolanışıq yerləri yoxdur.
Son aylar sosial şəbəkələrdə bəzi müharibə iştirakçılarının sosial problemlərinin olduğu deyilir, özləri isə etiraz aksiyaları keçirirlər. Onlar işlə və pensiya ilə təmin edilmədiklərini iddia edirlər.
Müharibə iştirakçılarının sosial təminatı necədir?
Qarabağ Qaziləri İctimai Birliyinin üzvü Ayaz Qasımov bildirib ki, müharibə veteranları ciddi problemlərlə üzləşirlər. "Əlilliyin təyin olunmasında çox böyük problemlər yaşayırıq. İş üçün müraciət edənlər olub, süpürgəçi və bu kimi işlər təklif ediblər. 10-15 şəhid ailəsi və qaziyə diqqət etməklə, qayğılarına qalmaqla işlərini bitmiş hesab edirlər. Əksər şəhid ailəsi və qazi diqqətdən, qayğıdan kənar qalıb".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Turan-a bildirilib ki, postmüharibə dövründə qurum 31 min şəhid ailəsi və müharibə əlilinə 38 min dövlət xidməti göstərib. "Bu dövr ərzində qazilərə və şəhid ailəsi üzvlərinə təyin olunan sosial ödənişlərin vaxtında və keyfiyyətli icrası həyata keçirilib. Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq sərəncamlar da şəhid ailələri və müharibə əlillərinin müavinətlərinin ciddi şəkildə artırılmasına xidmət edir. Bunun nəticəsində şəhid ailələri və müharibə əlillərinə verilən təqaüdlər orta hesabla 2 dəfə artırılıb".
Qurumdan qeyd olunub ki, təqaüdlərin vaxtında təyin olunması istiqamətində ciddi işlər aparılıb və bu günədək təxminən 17 min şəhid ailəsi və müharibə qazisinə müavinətlər və sosial ödənişlər təqdim edilib. "Digər tərəfdən, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı da ciddi şəkildə genişləndirilib, prezident İlham Əliyev bununla bağlı iki sərəncam imzalayıb. Təkcə bu il 3 min ailəyə fərdi evlərin təqdim edilməsinə dair tapşırıqlar verilib. Bu günə qədər 1700 şəhid ailəsi və müharibə əlilinə mənzil təqdim edilib. Bundan başqa, müharibə qazilərinə avtomobillərin verilməsi proqramı da davam etdirilir və cari ildə müharibədə döyüşən, Vətən müharibəsində əlillik qazanan qazilərə 144 avtomobil təqdim edilib. Onlarla həmçinin sosial-psixoloji dəstəyin aparılması istiqamətində ciddi işlər görülür. Təxminən 10 min nəfərə təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji, psixokorreksiya işlərinə dair dəstək verilib".
Vurğulanıb ki, nazirlik ötən ilin dekabrından etibarən qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlayıb. "Vətən müharibəsində yaralanaraq aşağı və yuxarı ətraflarını itirmiş 157 nəfər qazi 166 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib".
Nazirlikdən bildirilib ki, şəhid ailələri və qazilərə dövlət dəstəyinin əsas prioritetlərindən biri də onların məşğulluğu məsələsidir: "Müharibədə iştirak edən yaralanmış əsgərlər və zabitlərin, əlilliyi olan şəxslərin, şəhid ailələrinin məşğulluğu xüsusi diqqətdə saxlanılır və bu günədək həmin kateqoriyadan olan 7 min 800 nəfərdən çox vətəndaş məşğulluq tədbirlərinə cəlb edilib. Onların əksəriyyəti məhz özünüməşğulluq proqramı ilə əks olunub. Belə ki, 5 min 200 nəfərdən çox şəhid ailəsi və müharibə əlili özünüməşğulluq proqramı ilə təmin edilib. Bu proqram davamlı şəkildə icra olunur".
Qeyd olunub ki, prezident İlham Əliyevin imzaladığı 2021-ci il 27 oktyabr tarixli Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "Zəfər" altsistemi yaradılacaq. "Yeni altsistem şəhid ailələri və qazilərin hüquqlarının təmin edilməsi sahəsində çevik məlumat mübadiləsinə imkan verəcək".
Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, aidiyyati qurumlar bu məsələdə bir növ reklamla məşğuldur. "Burda mənzil, orada avtomobil, müharibə iştirakçıları üçün iş yerləri, təsərrüfat. Bunların hamısı gözə kül üfürməkdir. Bunu reklam etmək lazım deyil, çünki bütün bunlar məmurların şəxsi hesabına yox, dövlət vəsaiti hesabına olunur. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz funksiyasını yerinə yetirmir".
Onun sözlərinə görə, hazırda yalnız İkinci Qarabağ müharibəsinin iştirakçılarının problemləri müzakirə olunur. "Əlbəttə ki, 44 günlük müharibə, savaş, zəfər – bu aydındır. Amma biz Birinci Qarabağ münaqişəsinin iştirakçılarını İkinci Qarabağ müharibəsinin iştirakçılarından ayırmaqla çox böyük səhvə yol veririk. O vaxt əlində silah olmaya-olmaya savaşırdılar və bu müdafiə olmasaydı bəlkə də Azərbaycanın böyük hissəsi işğal olunmuşdu".
Ekspert qeyd edib ki, Birinci Qarabağ müharibəsində həlak olanların və Şəhidlər Xiyabanında dəfn olunanların bir neçəsi 10-15 ildən sonra şəhid statusundan məhrum olunub. "Qanun buna icazə vermir. İnzibati aktın ləğvi yalnız 1 il müddətində həyata keçirilə bilər. O da yalnız məhkəmə qaydasında".
O qeyd edib ki, saxta müharibə veteranları müəyyən olunmalıdır. "Amma bunun üçün problem yaratmaq lazım deyil. Saxta əlillik və veteran statusunu verənləri cəzalandırmaq lazımdır. Torpaq sahəsi ilə, yerlə bağlı qanunsuz icazəni kim verir, kim satır? Ya icra hakimiyyəti, ya da bələdiyyə. Mən Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi 90-cı illərdən bu günə qədər növbəyə alınmışam ki, mənə Azərbaycan hökuməti torpaq sahəsini verəcək. Amma heç mənim nəvələrim bu növbəni görməyəcəklər, çünki bütün bunlar formaldır".
Ekspert vurğulayıb ki, 44 günlük müharibədən sonra icra strukturlarında bir şöbə yaradılıb. "Həmin şöbə guya qazilərin, Vətən Müharibəsi iştirakçılarının işi ilə məşğul olacaq. Ora da müharibədə iştirak etmiş bir neçə vətəndaşı təyin etdilər. Həmin vətəndaşlar nə ilə məşğuldur bilinmir, heç səsləri də çıxmır. Halbuki, bu gün söz sahibi onlar olmalıdır". -0-
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder