Gələn il dövlət büdcəsindən 52 rayona və şəhərə vəsait ayrılmayacaq. Bu rayonlar özləri özlərini maliyyələşdirməlidir.
2022-ci ilin dövlət büdcəsində yalnız 14 rayona vəsait ayrılacağı göstərilib. Bunlar əsasən, işğaldan azad olunmuş rayonlar, eləcə də Balakən, Goranboy, Qax, Yardımlı və digər rayonlardır.
Bəs, özünü maliyyələşdirməli olan rayonlar vəsaiti necə əldə edəcəklər?
Deputat Vüqar Bayramov öz Facebook hesabında yazıb ki, özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır. Onun fikrincə, bu, dövlət büdcəsindən asılılığın aradan qaldırlmasına imkan yaradır.
İqtidaçı ekspert Rəşad Həsənovsa hesab edir ki, əslində heç də bütün rayonlar özlərini maliyyələşdirmir. Belə ki, 2017-ci ildən rayonlar üzrə xərclərin qruplaşdırılması dəyişib, rayonlarda çalışanların əksəriyyətinin xərcləri yenə də mərkəzi büdcədən ödənəcək:
“2015-ci ilə qədər bir sıra xərclər yerli sturukturların xərclərinə aid edilirdi. Və nəticədə onlara ayrılan vəsait daha böyük görünürdü. Təbii olaraq yerli gəlirlərlə bütün bu xərcləri qarşılamaq mümkün olmurdu. Amma sonradan xərclərin təsnifatında dəyişikliklər oldu, tutalım təhsil xərcləri, bağçaların xərcləri yerli icra hakimiyyətlərindən alınıb, mərkəzləşdirilmiş qaydada ödənməyə başladı. Və nəticədə elə bir mənzərə yarandı ki, guya bir ilin içində 40-dan çox icra hakimiyyətləri özlərini maliyyələşdirməyə başladı. Əslində isə burada bir dəyişiklik yoxdur. Çünki yerdə qalan xərcləri zatən icra hakimiyyətləri öz vəsaitləri hesabına qarşılayırdılar”.
İslahatlar nəticə verib, yoxsa…
Prezident İlham Əliyev 2015-ci il devalvasiyadan sonra, köklü istahalatlara başladığını elan etmişdi. Həmin islahatlardan biri də yerli icra hakimiyyətlərində yeyintilərə son vermək və onların öz xərclərini, özlərinin qarşılamalı olduqları ilə bağlı idi.
İlham Əliyev bu mövzuya bu yaxınlarda, sentyabrın 14-də yenidən qayıdıb. O deyib ki, aparılan islahatlar nəticəsində indi bir çox rayonlar büdcədən dotasiya almır:
"10 il bundan əvvəl, demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam. Amma aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır. Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun".
Bəs, həqiqətən də prezidentin dediyi kimi islahatlar nəticə verib, rayonlar özlərini dolandıra bilirmi?
Dövlət büdcəsi haqqında qanunlara nəzər saldıqda görmək olur ki, prezidentin taprışığından öncəyə qədər, 2014-2016-cı illərdə ölkədə dotasiya almadan xərclərini qarşılaya bilən cəmi 6-7 rayon və şəhər varıydı. Prezidentin tapşırığından sonra, 2017-ci ildə özünü maliyyələşdirən şəhər və rayonların sayı birdən-birə 34-ə yüksəlib.
Hesablama qaydasını dəyişiblər
Amma 2017-ci ildən bəzi idarəetmə formaları dəyişib. Yəni, əvvəllər yerli icra hakimiyyətlərinə ayrılan və onların qarşıladıqları xərclər, indi mərkəzləşdirilmiş qaydada ödənir. Məsələn, 2017-ci ilədək yerli xərclərin ümumilikdə 60 faizə yaxını təkcə təhsil xərcləri olub. Amma 2017-ci ildən etibarən rayon təhsil şöbələri regional idarəetmə formasına keçib. Təhsil, mədəniyyət və digər sahələr üzrə xərclər mərkəzləşdirilmiş xərclərə aid edilib.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, dəyişən bir şey yoxdur, sadəcə olaraq, hökumət rəqəmlərlə oynayıb, kağız üzərində bəzi hesablama qaydalarını dəyişiblər.
Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti illərində Lənkəranın icra başçısı işləmiş Arif İsmayılbəyli isə hesab edir ki, ümumiyyətlə, icra hakimiyyətlərinin öz xərclərini qarşılamaları mümkün deyil. Çünki nə onların əllərində təsərrüfat var, nə də başqa gəlirli sahə:
“Əllərində başqa çıxış yolu qalmayıb, bir yolla öz xərclərini qarşılamalıdılar, bu da rüvşət yoludur, başqa variant yoxdur”.
Arif İsmayılbəyli deyir ki, icra hakimiyyətləri dövlət büdcəsindən maliyyələşməlidir. Yerli bələdiyyələr özlərini maliyyətləşdirə bilər.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder