28 Ekim 2021 Perşembe

Avropa Məhkəməsi Azərbaycan məhkəmə sisteminin boşluqlarını açmağa davam edir

Bakı/28.10.21  Oktyabrın 28-də Avropa İnsan Hüquqları  Məhkəməsi Azərbaycandan göndərilmiş 51 şikayət üzrə 4 qərardadı elan edib. Hökumət 4 qərardad üzrə 51 ərizəçiyə ümumilikdə, 239,450 avro təzminat ödəməlidir. Bu barədə hüquqşünas Xalid Ağalıyev məlumat verib. 

Onun sözlərinə görə, 2 qərardad seçki hüququnun pozuntusu iddiaları ilə bağldır: "Bu işlərdən ikisində tərəflər dostca anlaşıb, iki işdə isə məhkəmə hökumətin təqdim etdiyi birtərəfli bəyannamələri nəzərə alıb". 

"Arzu Səmədbəyli və başqaları Azərbaycana qarşı" işində ərizəçilər 2015-ci ildə keçirilmiş parlament seçkilərində müxalif siyasi partiyalardan deputatlığa namizədliklərini irəli sürüblər. Ancaq onların namizədliklə bağlı müraciətləri, dəstəkləyici seçici imzalarının bir hissəsinin etibarlı olmaması əsası ilə qəbul edilməyib. Mərkəzi Seçki Komissiyasına və məhkəmələrə şikayətləri təmin edilməyən ərizəçilər seçki hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər: "Kommunikasiya mərhələsində hökumət iddia olunan pozuntuları tanıyıb, Avropa məhkəməsinə birtərəfli bəyannamə təqdim edib. Ərizəçilərin əksəriyyəti rədd etsə də Avropa İnsan Hüquqları Məhkəməsi bəyannaməni diqqətə alıb. Qərardada görə, Azərbaycan hökuməti 37 ərizəçinin hər birinə 4750, 3 ərizəçinin hər birinə 5 000, 1 ərizəçiyə isə 4500 avro təzminat ödəyəcək".

"Mübariz Rəhimli və başqaları Azərbaycana qarşı" işində müxtəlif siyasi partiya üzvləri olan ərizəçilər 2015-ci ildə keçirilmiş növbəti parlament seçkilərində və 2016-cı ildə keçirilmiş təkrar seçkilərdə deputatlığa namizədliklərini irəli sürüblər. Seçki qurumu onların namizədliyini də yetərli etibarlı seçici imzası təqdim etmədiklərinə görə qeydə almamışdı. Ərizəçilərin ali seçki qurumuna və məhkəmələrə şikayətləri isə rədd edilmişdi. Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında seçki, səmərəli müdafiə vasitələrinə sahib olmaq hüquqlarının pozuntusu mübahisələndirilmişdi: "Bu işdə ərizəçilər hökumətlə dostca anlaşıb, müvafiq bəyannaməni Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim ediblər. Qərardada əsasən, 4 ərizəçiyə 4750, 2 ərizəçiyə isə 5000 avro təzminat ödəniləcək".

"Elvin Adıyev və Elçin Namazov Azərbaycana qarşı" işi ərizəçilərin polis əməkdaşının qanuni tələbinə əməl etməməyə görə inzibati qaydada cəzalandırılmaları ilə bağlı idi. Abdıyev həm də kiçik xuliqanlığa görə cəzalandırlmışdı. 3-15 gün inzibati həbs cəzası verilmiş ərizəçilər məhkəmələrin ədalətli olmamasından şikayət etmişdilər: "Bu işdə də tərəflər dostca anlaşıblar. Qərardada görə, hökumət ərizəçilərin hər birinə 4100 avro təzminat döənilməlidir".

"Emil Mehdiyev və Vahid Əbilov Azərbaycana qarşı" işində ərizəçilər Yahova Şahidləri dini icmasının üzvləridir. Dini baxışlarına görə hərbi xidmət keçməkdən imtina etmiş ərizəçilər cinayət məsuliyyətinə cəlb olunmuş, 1 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Onlar Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında dini etiqad azadlığı hüquqlarına müdaxiləni mübahisələndirmişdilər: "Kommunikasiya mərhələsində hökumət ərizəçilərin iddia etdikləri pozuntulara yol verildiyini etiraf edib. Avropa İnsan Hüquqları Məhkəməsi hökumətin birtərəfli bəyannaməsini diqqətə alıb. Qərardada görə, hökumət ərizəçilərin hər birinə 3500 avro təzminat ödəməlidir". –0--

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder