24 Kasım 2021 Çarşamba

AMEA-nın baş hüquqşünası "Tərtər işi" haqqında məqalənin müəllifini məhkəməyə verib

Bakı/24.11.21 Bakının Səbail rayon məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hüquq şöbəsinin rəhbəri Kamal Əliyevin demokratik.az saytının əməkdaşı Osman Nərimanoğluna qarşı iddiası üzrə proses başlayıb.

Nərimanoğlunun Turan-a verdiyi məlumata görə, bu həftə məhkəmənin ilk, hazırlıq iclası keçirilib. İclasda hakim tərəflərə prosesə xitam vermək üçün barışıq sazişi imzalamağı təklif edib. Saytın nümayəndəsi məhkəmə prosesindən qarşılıqlı olaraq imtina edilərsə, üzrxahlıq və təkzib dərc etməyə hazır olduğunu bildirib. Amma AMEA-nın hüquq şöbəsinin rəhbəri K.Əliyev iddiasını və jurnalistin cəzalandırılmasına nail olmaq niyyətini təsdiq edib.

Nərimanoğlunun sözlərinə görə, iddia "Ramiz Mehdiyev AMEA-nın hüquq şöbəsini görün kimə tapşırıb - "Tərtər işi" boz kardinala da uzanır?" sərlövhəli məqalənin bütün mətni ilə bağlıdır. Məqalə 2021-ci il noyabrın 16-da demokratik.az saytında dərc edilib. Məqalədə müəllif Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin fəaliyyəti haqqında yazır və iddia edir ki, o, Azərbaycan Prezident Administrasiyasının rəhbəri vəzifəsində işləyərkən Rusiyapərəst mövqe tuturdu. 

Məqalə müəllifi Elmlər Akademiyasında kadr dəyişikliklərini işıqlandırarkən, AMEA prezidenti Mehdiyevin Azərbaycan elmini məhv etdiyini hesab edir. Elə həmin nəşrdə jurnalist Mehdiyevin Rusiyapərəstliyi ilə AMEA-nın hüquq şöbəsinin rəhbəri vəzifəsinə keçmiş hakim, Rusiyanı qane etməyən Azərbaycan hərbiçilərinə qanunsuz məhkəmə cəzaları verdiyinə görə məhkəmə korpusundan kənarlaşdırılan Kamal Əliyevin təyin edilməsi qərarı arasındakı əlaqəni göstərir.

Nərimanoğlunun sözlərinə görə, məhkəmənin hazırlıq iclasında Əliyev Azərbaycan ordusunun dindirmələr zamanı işgəncə verilmiş, öldürülmüş, həmçinin "Tərtər işi"nin "araşdırılması" zamanı mühakimə edilmiş əsgər və zabitlərinə qarşı məhkəmə proseslərində iştirak etmədiyinə diqqət çəkib.

Amma prezident İlham Əliyevin 10.06.2008-ci il tarixli fərmanı ilə Kamal Əliyev Tərtər Hərbi Məhkəməsinin üzvü təyin edilib, "Tərtər işi"nin iştirakçılarının şahidliyi ilə isə ittiham olunan hərbi qulluqçular barəsində hökmlər çıxarıb, deyə jurnalist bildirib.

"Biz prosesdə mənim məqalə müəllifi olaraq mənfəət güdmədiyimi, real hadisələri işıqlandırdığımı və şəxsi mühakimələrimi irəli sürdüyümü göstərəcəyik ki, bu, mənim qanuni hüquqlarıma uyğundur. Biz Kamal Əliyevin hərbi qulluqçuların qanunsuz mühakimələri ilə başa çatan məhkəmə proseslərində iştirakının sənədli sübutunu təqdim edəcəyik", deyə Nərimanoğlu qeyd edib.

Sonradan Ali Məhkəmə mühakimə edilmiş və məhkəmədən öncə öldürülmüş əsgər və zabitlərin bir hissəsinə ölümündən sonra bəraət verib, həbsdə qalanlar isə təqsirsiz olduqlarına görə azad edilmələrini tələb edirlər. 2017-ci ildə Kamal Əliyev hakim vəzifəsindən azad edilib, iki il vəkil kimi işləyib, daha sonra Mehdiyev onu AMEA-nın hüquq şöbəsinin rəhbəri vəzifəsinə təyin edib. 

"Məndə belə bir təəssürat yaranıb ki, iddiaçı Kamal Əliyev Ramiz Mehdiyevin birbaşa göstərişi ilə hərəkət edir", deyə Nərimanoğlu bildirib.

O, hələ prosesdə onu müdafiə edəcək vəkillə müqavilə bağlamayıb.

AMEA-nın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Turan Agentliyinin sorğusuna cavab olaraq AMEA Rəyasət Heyətinin bəyanatını göndərib. Bəyanatda deyilir ki, demokratik.az saytı dəfələrlə Akademiyanın və onun rəhbərliyinin ünvanına təhqir dolu materiallar dərc edib. Buna görə saytın redaksiyasına ictimai hücumlara son qoymaq təklifi ilə xəbərdarlıq məktubu göndərilib. Amma sayt xəbərdarlığa məhəl qoymayıb, buna görə də məhkəməyə iddia ərizəsi göndərilib.

Media sahəsində ekspert Ələsgər Məmmədli iddia ilə tanış olduqdan sonra Turan-a bildirib ki, jurnalist mətbuatın müzakirə etmək və təxmin irəli sürmək kimi fundamental hüququndan istifadə edib. "Kamal Əliyevin iddiası faktlara əsaslanmır, həm hüquqi əsası olmadığı üçün, həm də Xədicə İsmayıl və digər azərbaycanlı jurnalistlərin mühakimə edilməsinin əleyhinə qərarlar çıxaran Avropa Məhkəməsinin presedentlərinə əsasən təmin edilməyə bilər. 2011-ci ildə Azərbaycan prezidenti jurnalistlərin nəşrlərində fikir bildirdiklərinə görə mühakimə edilməsinin ("diffamasiya") yolverilməz olması haqqında Avropa təcrübəsinə qoşulub.

Azərbaycan dünyada həbsdə olan jurnalistlərin sayına görə lider dövlətlərdən biridir. 2021-ci ilin martında bu sırada sonuncu məhkəmə prosesi başa çatıb, jurnalist, AXCP üzvü Elçin Həsənzadə və bloger İbrahim Türksoy böhtan və təhqir ittihamı ilə səkkiz ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. -0-

 



Turan
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder