27 Ekim 2021 Çarşamba

Sudanda vəziyyət gərgindir



Bu gün – oktyabrın 26-da Sudanda vəziyyət gərgin olaraq qalıb. Yollar, mağazalar bağlanıb, telefonlar işləmir, məscidlərdə səsgücləndiricilərlə əhalini ümumi tətilə çağırırlar.


Bir gün öncə ordu çevriliş edərək hakimiyyəti ələ keçirib, iğtişaşlarda ölənlərin olduğu bildirilir.


Nümayişlər oktyabrın 26-da da davam edib. Xartumda etirazçılar “Keçmişə qayıtmaq seçim deyil” şüarı səsləndirirlər.




“Reuters” paytaxt Xartum üzərini etirazçıların yandırdığı təkərlərin tüstüsünün bürüdüyünü yazır.


Hərbçilərin saxladığı Baş nazir Abdalla Hamdok və hökumətin digər mülki üzvlərinin yeri bilinmir. Keçid dövrü lideri General Abdül Fəttah əl-Burhan mülki-hərbi Suveren Şuranı buraxıb. Təxminən bir ay sonra Burhan Suveren Şuraya rəhbərliyi mülki şəxsə təhvil verməliydi.




Bəyanatlar


Bu gün axşam saatlarında BMT-nin Təhlükəsizlik Şurası Sudandakı durumu müzakirə etməlidir. Dünya ictimaiyyəti isə ölkədə baş verənləri pisləyib.


ABŞ Dövlət katibi Entoni Blinken bir gün öncə bəyanatında deyib ki, Birləşmiş Ştatlar Sudan hərbi qüvvələrinin hərəkətlərini “qətiyyətlə qınayır”, baş nazirin və digər mülki liderlərin buraxılmasına çağırır.


BMT də Hamdokun “dərhal buraxılması”nı tələb edib. Baş katib Antonio Quterres mülki liderlərin saxlanmasını “qanunsuz” adlandırıb, “davam edən hərbi çevrilişi” pisləyib.




Sudan demokratiya yolunda kövrək addımlar atır. 2019-cu ildə ordu ölkəni çoxdan idarə edən avtokrat Ömər əl-Bəşiri devirib. Hərbi və mülki liderlər hakimiyyətin bölüşdürülməsi üzrə razılaşma əldə etmişdi, sonucda tam mülki idarəçilik qurulmalı, seçki keçirilməliydi.


Sudan Qərblə münasibətlərini yaxşılaşdırmağa çalışır. Ancaq son hadisələrdən sonra Birləşmiş Ştatlar Sudana 700 milyon dollarlıq təcili iqtisadi yardıma fasilə verib.



Mənbə: AzadlıqRadiosu
"24 saat"

Hiç yorum yok:

Yorum Gönder