Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub.
Azərbaycanın Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə bir neçə gün əvvəl sərhəddə gedən döyüş əməliyyatları ilə bağlı sosial şəbəkələrdə qeyri-rəsmi foto və videolar paylaşan hərbçilərlə bağlı məsələ müzakirə edilib.
Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 20-də yaydığı məlumatda deyilir ki, həmin hərbçilərin əməlləri ilə bağlı toplanan materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
"Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib. Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib".
Məlumatda bildirilir ki, nazir Zakir Həsənovun sədrliyi ilə keçirilən xidməti müşavirədə dövlət sərhədi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət, xüsusilə dövlət sərhədinin Kəlbəcər və Laçın sahələrində qarşı tərəfin təxribatları nəticəsində baş verən döyüşlər təhlil edilib.
Bundan başqa Nazir dövlət sərhədində xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
"Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, şəxsi heyətin ayıq-sayıqlığının artırılması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin döyüş hazırlığı planlarının dəqiqləşdirilməsi barədə göstərişlər verib.
Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun təkmilləşdirilməsi, eləcə də dağlıq ərazilərdəki yollarının daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb".-Müdafiə Nazirliyinin məlumatında deyilir.
Xatırlatma
Ötən il 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadıqları ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyası ilə hələ başlamayıb.
2021-ci il noyabrın 16-da isə Azərbaycan sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində yenidən Azərbaycan və Ermənistan ordusu arasında döyüşlər olub. Hər iki tərəfdən itkilər olub. Rusiya müdafiə nazirinin tərəflər arasında apardığı telefon danışıqlarından sonra döyüşlər elə həmin gün dayandırılıb.
Mənbə: AzadlıqRadiosu
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder