Bakı/28.12.21 Dekabrın 27-də Milli Məclisin plenar iclasında deputat Aqil Abbas tələbə inşaat dəstələri yaratmağa təklif edib. “Niyə BAM-ı gedib tikə bilir Azərbaycan gənci? Niyə gedib Qarabağın azadlığı uğrunda könüllü canından keçə bilir Azərbaycan gənci? ...Niyə Qarabağa gedib könüllü işləməsinlər? Maaş da almalıdılar. Bu öz yerində. Yəni, iki ay nədir ki, boş-bikar, avara gəzənəcən onlar gedib Qarabağda o tikintidə iştirak etməsinlər”.
Deputat Gənclər və İdman nazirinə müraciət edərək yay tətilində tələbələri Qarabağa işləməyə göndərməyə xahiş edib. “Bu, on minə qədər işçi qüvvəsi deməkdir. Az rəqəm deyil, Ona görə də mən xahiş edirəm Gənclər və idman nazirindən hələ ki, 4-5 ay vaxt var yay tətilinə. Ona qədər bunu formalaşdırsınlar.
O, qeyd edib ki, Azərbaycan üçün, Qarabağ üçün bu çox vacibdir. “İşçi tapılmır. Verdikləri maaş da oxuyub görürük ki, o maaş deyil. Amma tələbə gedib 300-400 manata... Könüllü gedəcək, vallah pul istəməyəcək. Müharibəyə gedən pul istəyirdi? Ölməyə gedəndə pul istəyirdi? Yox”.
Tələbələr Qarabağın bərpasında könüllü içalışmağa hazırdılar? Deputatın təklifi qəbul olunarsa, bu proses könüllü olacaqmı? Tələbələri bu işə cəlb etmək doğrudurmu?
Deputat Aqil Abbas dediyi BAM – Baykal Amur magistralın tikintisinə Sovet İttifaqının bütün respublikalardan, o cümlədən Azərbaycandan tələbələr məcburi qaydada cəlb edilmişdi.
Rəsmi məlumata görə, mərhum prezident Heydər Əliyev Baykal Amur Magistralının tikinti dəstələrini formalaşdıran ilk şəxslərdən biri, BAM-ın tikintisi üzrə komissiyanın rəhbəri olub. 2008-ci ildə bu dəmir yolunun ən böyük stansiyalarından biri olan Anqoy vağzalına Heydər Əliyevin adı verilib.
Qərbi Kaspi Universitetinin tələbəsi Əhməd Məmmədli AzadlıqRadiosuna bildirib ki, əgər hökümət hesab edir ki, tələbələr işləyib pul qazanmalıdır əvvəl ölkədəki işsizlik problemini həll etməlidir. “Varmı bunun həlli? Yoxdur. Ölkədə fiziki işlə məşğul olan inşaatçılar belə iş axtarıb tapa bilmirlər. Əlavə olaraq, əgər tələbələrin boş-bikar qalmasını istəmirlərsə, universitetlərin kifayət qədər Karyera Mərkəzləri var, bunlardan istifadə edə bilərlər”.
Onun sözlərinə görə, tələbələrin rifahını düşünən deputat tələbələrin təqaüd məsələsini qaldırmalıdır. “Çünki tələbə oxumaqla fayda verə bilər, hansısa fiziki işlə məşğul olmaqla yox. Əgər tələbə ixtisaslaşmaq istəyirsə, o öz profilinə uyğun Karyera Mərkəzində, yaxud da məktəbdə, laboratoriyada, elmi mərkəzində tədqiqatla məşğul olmalıdır, fiziki işlə məşğul olmalı deyil. Əgər Aqil Abbas özü fiziki işlə məşğul olmaq istəyirsə, gedib məşğul ola bilər, hansısa tələbəyə o göstəriş verə bilməz”.
Ə.Məmmədli qeyd edib ki, tələbələr üçün görüləsi işlər çoxdur. “Tələbələrin təqaüdləri qaldırılmalıdır, yataqxana, nəqliyyat problemi həll edilməlidir. Bundan sonra inanmıram hansısa tələbə boş-bikar olsun. Əlavə olaraq da, Azərbaycan qanunvericiliyinə görə, tələbələr işçi sayıla bilməz, onlar intellektual fəaliyyətlə məşğuldular və tələbə ilə əmək müqaviləsini bağlamaq qadağandır. Ona görə də Aqil Abbasın fikirləri nə hüquqi cəhəddən doğru deyil, nə də mənəvi. Bu, sadəcə pafos xatirinə səsləndirilmiş boş fikir toplusudur”.
Bakı Dövlət Universitetinin tələbəsi Ləman Qasımova da bildirib ki, müharibə ilə Qarabağın bərpasını müqayisə etmək yanlışdır. “Əgər müharibəyə könüllü gənclər gedirdisə, halbuki cəbhəyə də varlı təbəqənin uşaqları getmirdi, burada da yenə varlı şəxslərin ora öz uşağını göndərəcəyini düşünmürəm”.
O, hesab edir ki, bəzi qurumlar Qarabağda könüllü işləmək istəyən şəxslər üçün layihəyə start verə bilərlər. “Amma heç bir qurumun gəncləri ora göndərməyə səlahiyyəti çatmır. Şəxsən mən getmək istəmirəm. Bəli, mühəndislik, inşaat oxuyan tələbələri evi, pulu ilə təmin etmək şərtilə təcrübə üçün Qarabağa göndərmək olar. Amma digər fakultələrin tələbələrin işçi qüvvəsi kimi ora göndərilməsinə qarşıyam”.
Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov isə hesab edir ki, deputat Aqil Abbas tərəfindən səsləndirilən təklif maraqlı təklifdir. “Nəzərə alsaq ki, bu gün ölkənin ali təhsil müəssisələrində 180 mindən çox tələbə təhsil alır, bu maraqlı təklifdir. Amma bu o demək deyil ki, bütün tələbələri Qarabağa aparıb orada bərpa işində istifadə etmək lazımdır. Bu belə deyil”.
Onun fikrincə, mühəndislik, texnologiya, kənd təsərrüfatı ixtisaslar üzrə tələbələri nəzəri biliklərini tədbiq etmək üçün Qarabağa aparmaq olar. “Ora tarix, ingilis dili fakultəsində oxuyan tələbələri aparmaq ehtiyac yoxdur. Yəni, daha çox təmir və bərpa işlərinə ixtisası uyğun tələbələri təcrübə üçün aparmaq olar. Düzdür, tələbələr ən ucuz və dinamik işçi qüvvəsi kimi qəbul oluna bilir, amma bu, heç də o demək deyil ki, bütün tələbələri biz daşıyıb aparmalıyıq Qarabağa. Mən bunu uyğun hesab etmirəm”.
Ekspert deyir ki, ixtisası uyğun olmayan tələbələr Qarabağa işləməyə aparılsa, onlar orada həm ciddi səhvlər buraxa bilərlər, həm də bu,onların təhlükəsizliyi baxımından uyğun deyil.—0--
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder