30 Aralık 2021 Perşembe

“İcra hakimiyyətinə şəhid anasının evlə bağlı müraciəti daxil olmayıb”

Şamaxı Rayon İcra Hakimiyyəti şəhid anasının şikayətinə sosial şəbəkə vasitəsilə cavab verib


"İcra hakimiyyətinə şəhid anası Gülgəz Mikayılovanın ev və torpaqla bağlı heç bir müraciəti daxil olmayıb”.


Şamaxı Rayon İcra Hakimiyyəti "Facebook” sosial şəbəkə hesabı vasitəsilə Meydan TV-də yayımlanan "Şamaxı sakini: "Şəhid anasıyam, bacımın himayəsinə sığınmışam”” başlıqlı yazıya reaksiya verib.
 
Həmin yazıda Gülgəz Mikayılovanın şikayəti qeyd olunub. Şəhid anası bacısının himayəsində yaşadığını deyir: ""Mən 2 sot torpaq sahəsi istəmişəm ki, başımı salmağa yerim olsun. Dul bacımın himayəsində yaşayıram. Amma hər dəfə məni yola veriblər”.


Yazı hazırlanarkən Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılsa da, sualı eşitdikdən sonra dəstəyi asıblar və sonrakı zənglər də nəticəsiz qalıb.


İndi icra hakimiyyəti yazıb ki, rayonun Ovçulu kənd sakini Gülgəz Mikayılova 2016-cı ildə ailə münaqişəsi zəminində əri Namiq Mikayılovdan heç bir əmlak tələbi olmadan məhkəmə qaydasında boşanıb. Həmin vaxtdan o, Biləsuvar rayonunda yaşayan bacısının himayəsinə sığınıb: "Bildiririk ki, bütün şəhid ailələri və müharibə əlilləri kimi Vətən müharibəsinin şəhidi Ramiq Mikayılovun anası Gülgəz Mikayılova da rayon icra hakimiyyətində RİH başçısı tərəfindən dəfələrlə qəbul edilərək, onunla görüşlər keçirilmişdir. Aparılmış söhbətlər zamanı onun Şamaxı Rayon İcra Hakimiyyətinə ev və ya torpaqla bağlı heç bir müraciəti daxil olmamış, yalnız nəvəsi, Mikayılov Ağaseyid Ramiq oğlunun Bakıda, Ağ Şəhərdə fəaliyyət göstərən "Kaspi” liseyində təhsil almasına və digər oğlu Ağamoğlan Mikayılovun Daxili İşlər Nazirliyinin tabeli strukturlarında işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir”.


İcra hakimiyyəti deyir ki, RİH tərəfindən edilmiş müraciətlərə əsasən G.Mikayılovanın nəvəsi "Kaspi” liseyinə qəbul edilib, oğlu A.Mikayılovun isə fiziki göstəriciləri (boyu) uyğun olmadığı üçün istədiyi işlə təmin olunmayıb.


"Şirvan şəhərində yaşayan Ağamoğlan Mikayılova 21 dekabr 2021-ci il tarixdə başqa iş yerləri ilə bağlı təkliflərlə tanış olması üçün Şamaxı RİH-ə gəlməsi barədə məlumat verilmişdir. Gələcəyi təqdirdə onun işlə təmin olunması məsələsinə baxılacaqdır. Mövzu RİH tərəfindən diqqətdə saxlanılır”, – məlumatda deyilir.


"Əlavə olaraq bildiririk ki, şəhid Ramiq Namiq oğlu Mikayılovun ailəsinə hər zaman diqqət və qayğı göstərilir, şəhidin ailəsi ilə mütəmadi görüşlər keçirilir və onları narahat edən sosial problemlərin həlli istiqamətində işlər aparılır. O cümlədən RİH tərəfindən şəhidin məzar daşının salınması üçün 2500 manat və dəfn xərcləri üçün 1500 manat, 2 dəfə 500 manatlıq və 4 dəfə 250 manatlıq ərzaq yardımı şəhidin ailə üzvlərinə verilmişdir. Həmçinin bildiririk ki, şəhidin arvadı Könül Mikayılova güzəştli mənzil növbəsinə götürülmüş və o, Binəqədi rayonunun Xocasən qəsəbəsində evlə təmin olunmuşdur”.

Hiç yorum yok:

Yorum Gönder