27 Aralık 2021 Pazartesi

Şamaxı sakini: “Şəhid anasıyam, bacımın himayəsinə sığınmışam”

Gülgəz Mikayılova Şamaxı Rayon İcra Hakimiyyətindən narazıdır


İkinci Qarabağ Müharibəsində həyatını itirən baş leytenant Ramiq Namiq oğlu Mikayılovun anası Gülgəz Mikayılova evi olmadığı üçün bacısının himayəsinə sığınıb.


Meydan TV-yə danışan şəhid anası deyir ki, dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edərək ona birotaqlı ev tikmək üçün 1-2 sot torpaq sahəsi ayırılmasını xahiş edib: "Mən 2 sot torpaq sahəsi istəmişəm ki, başımı salmağa yerim olsun. Dul bacımın himayəsində yaşayıram. Amma hər dəfə məni yola veriblər”.


Şikayətçinin sözlərinə görə, əvvəllər Şamaxının Ovculu kəndində yaşayıb. Ramiq də həmin kənddə gözlərini açıb, ailədə 3 uşaq olublar. Sonradan həyat yoldaşından ayrıldığı üçün başqa kəndə köçüblər: "6 ildir Cəbrayıl qəsəbəsində yaşayıram. Digər evdə keçmiş həyat yoldaşım indiki ailəsi ilə birgə yaşayır. Oğlumun hüzür mərasimini də bu qəsəbədə verdim. Oğlum işi ilə əlaqədar ailəsi ilə birgə Ağcabədidə yaşayırdı”. O, əlavə edib ki, keçmiş həyat yoldaşından tələbi yoxdur.


Gülgəz Mikayılova deyib ki, şəhid ailələri üçün ödənilən müavinət və yardımlardan könüllü imtina edib. Ramiq Mikayılovun atası da müavinətdən imtina edib:  "İcra hakimiyyətindən atasına yardımlar edildi. Oğlum Naxçıvanski hərbi məktəbi, ardından ali hərbi məktəbi bitirib. Cəbhə bölgəsində 27 yaşında qərargah rəisi vəzifəsinə təyin edilib. Xocavənd uğrunda gedən döyüşlər zamanı oktyabrın 30-da şəhid olub”.


Qadın deyib ki, hazırda bacısı, onun qızı və öz oğlu ilə birgə yaşayır. Şamaxı ərazisində torpaq sahəsi ayrılmasını istəyir: ”Şəhidimin şəkillərini qoymağa yerim yoxdur. Bu rayonda mənə 2 sot torpaq verilmir. Hər dəfə müxtəlif bəhanələrlə yola salırlar. Sonuncu dəfə heç qəbul etmədilər”.


Şamaxı Şəhər İcra Hakimiyyətindən şikayətlə bağlı sualı dinlədikdən sonra telefonu məşğula atıblar. 


Növbəti zənglər də cavabsız qalıb.

Hiç yorum yok:

Yorum Gönder