Əgər Azərbaycanın ən yaxşı diplomatlarından biri, üç prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Vəfa Quluzadə 2015-ci il mayın 1-də qəflətən vəfat etməsəydi, 2020-ci il dekabrın 22-də biz birlikdə onun 80 illiyini qeyd edərdik.
V. Quluzadə - şərqşünas-ərəbşünas diplomat, politoloq, Azərbaycan Respublikasının xarici əlaqələr üzrə keçmiş dövlət müşaviri, Xəzər regionu dövlətləri Siyasi Tədqiqatlar Fondunun prezidenti - Heydər Əliyevin rəhbərliyilə ölkənin bugünkü xarici siyasətini formalaşdıran, Azərbaycanın yaşadığı və inkişaf etdiyi xarici aləmin çərçivələrini və prioritetlərini müəyyən edən yüksək səviyyəli azərbaycanlı siyasətçilərin çox məhdud dairəsinə daxil idi.
Çox təəssüf ki, V.Quluzadə İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsinə, onun üçün xüsusi əhəmiyyəti olan Şuşa şəhərinin geri qaytarılmasına qədər yaşamadı.
Bu yazıda biz V. Quluzadəyə yaxın olanların onun barəsində xatirələrini topladıq.
"Prezidentin evə getməsini gözləmək bezdirdi...”
O, qonaqlıqları, yanında hörmət etdiyi, ona maraqlı olan insanların olmasını, onlarla söhbətləşməyi sevirdi. V.Quluzadə jurnalistlərlə dostluq edirdi, həmfikirlərinin arasında ruhən dincəlmək üçün Turan İnformasiya Agentliyinə gedib-gəlirdi, özü belə deyirdi.
Mən V. Quluzadənin istədiyi vaxt zəng edə biləcəyi, birlikdə yeməyə dəvət edə biləcəyi azsaylı jurnalistlərdən biri idim. Bakıda yay restoranında məclisdən öncə adətən onun ağ BMV-sində yol getmək vardı və aydın idi ki, sürücü avtomobillərdən başı çıxan sərnişinləri gəzdirməyi xoşlayır, - jurnalist Kamal Əli xatırlayır.
V.Quluzadə danışırdı ki, gənc yaşlarında ərəb ölkələrində yeni başlayan diplomat kimi xidmət etdiyi dövrdə Amerika səfirliyindən olan həmkarları ilə yalnız onlardan avtomobil götürüb sürmək üçün dostluq edirdi. Təsəvvür edirsiniz, sovet səfirliyindəki rus rəislər gənc azərbaycanlı diplomata necə baxırmışlar?
Gənc diplomat Vəfa Quluzadə Misirdə
Yemək arxasında, ümumi işlərimizi (V. Quluzadənin "Düşmənlər və dostlar arasında" ilk kitabı üçün onun məqalələrini toplayırdım və redaktə edirdim) müzakirə etdikdən sonra o, dövləti xidmətdə olduğu üçün açıq söyləyə bilmədiyi yaşantılarını bölüşürdü. 1999-cu ildə dövlət müşaviri kimi yüksək postdan, Prezident Administrasiyası xarici siyasət şöbəsinin rəhbəri postundan getməsinin səbəbi haqda danışdıqları yadımda qalıb. Məlum olduğu kimi, bu hərəkətdə siyasi çalar vardı, amma bu da vardı: bir dəfə axşamdan xeyli keçmiş V. Quluzadə öz kabinetində qalstukda, kostyumda oturmuşdu. Evə getməmişdi, çünki prezident Heydər Əliyev öz kabinetində idi. Administrasiyada tələb olunurdu ki, nə qədər ki ölkənin birinci şəxsi çalışır, rəhbər aparat xidmətdə olmalıdır.
Vəfa Quluzadə və Heydər Əliyev
Dövlət müşaviri Vəfa Quluzadə kresloda oturub ayaqlarını masanın üstünə uzatmışdı və narazı halda öz vəziyyətindəki xoşagəlməzliklər barədə düşünürdü: "normal insanlar" evdə televizorun qarşısında istirahət edir və ya dostları ilə gəzir, o isə axşamdan xeyli keçmiş oturmalı olur, ona görə ki...
Ertəsi gün dövlət müşaviri öz istefa ərizəsini prezidentə təqdim etmişdi və qərarında israrlı olmuşdu. Onun kabinetinə gələn yeni dövlət müşavirinin “unutduğu” fərdi pensiyanı uzun müddət sonra almağa müvəffəq oldu.
V.Quluzadənin şəxsi söhbətlər zamanı “diktofon altında” deyil, açıq danışdıqlarından ən mühümü kimi Azərbaycanın təhlükəsizliyi və inkişafı üçün ən yaxşı perspektivin ölkəmizin Türkiyənin tərkibinə daxil olması barədə düşüncəsini hesab edirəm. O hesab edirdi ki, Rusiyanın sonsuz imperiya iddiaları Azərbaycana müstəqil qalmağa imkan verməyəcək, Rusiya bizə hər zaman təhlükə yaradır və onun rəhbərliyinin sabah hansı səmtə dönəcəyi məlum deyil. V.Quluzadə Azərbaycanın azadlığını Türkiyə ilə maksimum sıx yaxınlaşmaqda görürdü. Belə bir əminliyin mənbəyini Vəfa Quluzadənin ailəsində axtarmaq lazımdır.
Onun atası Mirzəağa Quluzadə akademik, ədəbiyyatşünas və şərqşünas olub. Anası Yaqut Dilbazi yazıçı, Azərbaycan və Türk ədəbiyyatı üzrə ədəbiyyatşünas idi, Azərbaycanın sovet Rusiyasından müstəqilliyi uğrunda fəal mübarizə aparan dvoryan nəslinə mənsub olub. V. Quluzadənin qohumları siyasi əqidələrinə görə repressiya olunublar.
Yaqut Dilbazi və Mirzəağa Quluzadə
Bu gün, Ermənistanla müharibədə qalib gəldiyimiz bir vaxtda, “bir millət – iki dövlət” deyib azərbaycanlılar sərhədçilərə şəxsiyyət vəsiqəsini göstərərək qardaş ölkəyə getmək imkanı əldə etdikləri bir vaxtda V. Quluzadənin o sözləri indi təəccüblü görünmür.
Təslimçilik sülhündə əli olmasını istəmədi...
V.Quluzadə Turan agentliyinin siyasət şöbəsinin redaktoru Şahin Hacıyevin xətrini çox istəyirdi. Keçmiş dövlət müşavirinin agentliyə gəldiyi günlərdə Şahinin masasının üzərində bahalı konyaklar olurdu.
Ş. Hacıyev xatirələrini bölüşüb:
V. Quluzadə 1999-cu ildə Ermənistanla bağlanması ehtimal olunan təslimçilik sülhünə aidiyyatının olmasını istəmirdi. O, yüksək siyasi vəzifədə qalaraq qeyri-ixtiyari bunun iştirakçısına çevrilə bilərdi. Onun hay-küylü istefası, onun ardınca isə iki yüksək vəzifəli məmurun (xarici işlər naziri Tofiq Zülfüqarov və prezidentin köməkçisi Eldar Namazov) istefası bu planı pozdu.
V.Quluzadə belə bir sazişin yolverilməzliyilə bağlı birinci şəxslə necə mübahisə apardığını və həmin mübahisəni qazandığını xatırlayırdı. Belə ki, bir müddət sonra birinci şəxs etiraf etmişdi: "Sən haqlı idin, Vəfa, Moskva bu sülhü bağlamağa imkan vermədi".
Eldar Namazov, ABŞ-ın dövlət Katibi Ceyms Beyker, Vəfa Quluzadə
Digər açıqlanmayan mövzu onun qadınlarla münasibəti haqda idi, bu barədə bəzən çox dar dairədə danışardı. SSRİ xarici işlər naziri A. Qromıkonun köməkçisinin zəif tərəfləri və qəribəlikləri, Sov.İKP MK katibinin qızının şıltaqlığı və bağlılığı –hər diplomat karyerasındakı belə uğurlarla öyünə bilməzdi.
Somerset Moem öz hekayələrindən birində qəhrəmanı bu sözlərlə təsvir edir: "Bu insana baxarkən düşünürdüm ki, bərabər içmək üçün bundan daha xoş personaj tapmaq çətindir".
Vəfa məhz belə personaj idi, bir az özünəvurğun, bir az ehtiyatlı, risk etməyə hazır olmayan. Lakin dövlət məmurlarının çoxuna xas olan xoşagəlməz sinizm və səmimiyyətsizlik onda yox idi. Sadə dillə desək, bizim adam idi..
Vəfatından sonra uzun müddət nömrəsini telefonun yaddaşında saxladım. Bəzən yığmaq və demək istəyirdim ki, Vəfa bəy, necəsiniz? Gedək bir yerdə oturaq…
Cazmen
Qürur duyuram ki, Quluzadənin Abşeronda NATO bazasının yaradılmasının zəruriliyi barədə məşhur müsahibəsini mən yazmışam. O zaman 90-cı illərin əvvəllərində bu, demək olar ki, fitnə-fəsad xarakteri daşıyırdı və heç hər müxalifətçi belə bir fikri özünə rəva görməzdi, o ki qala xarici siyasət üzrə dövlət müşaviri, -Ş. Hacıyev davam edib:
Mənə görə Quluzadə hər şeydən öncə maraqlı həmsöhbət idi. Bəlkə də jurnalist həmkarlarımın əksəriyyəti onun bir çox şərhlərini olduqca birmənalı qəbul edirdilər və ya söhbəti elə qururdular ki, onlara lazım olan fikri alsınlar. Bu, əlbəttə, Vəfa bəyin özünün nöqsanı idi, bu gün bir şey deyə bilərdi, sabah isə artıq dediklərinə zidd fikir söyləyə bilərdi. Ancaq yenə də KİV bu adamla ünsiyyətdən doymur və yorulmurdu. Mənə elə gəlir ki, bunun əsas səbəbi onun nikbinliyində idi. Üstəlik, nikbinlik təbii, qəlbdən idi, düşünülmüş şəkildə deyildi.
Söhbət işə-gücdən düşəndə, Vəfa bəy çox bədbin danışırdı və adama elə gəlirdi ki, ətrafda hər şey onu o qədər boğaza yığıb ki, artıq bir kəlmə belə deməyəcək. Amma beş dəqiqə keçir, Vısotskidən, Blokdan, Pasternakdan sitat gətirir, şeir söyləyir. Şerlər də yaşadığımız əhval-ruhiyyəni əks etdirir. Sonra lətifə gəlir, ardınca ikincisi, sonra qadınlar haqda söhbətlər. Mövzu vəziyyətdən asılı olaraq bir qədəh şərab və ya viski ilə davam edir. Bu cür davranış özünü dərd-qəmlə yükləməməyə öyrəşmiş insan üçün xarakterikdir və davranış tipinə görə cazmeni xatırladır. Ona görə də mən özüm üçün Vəfa bəyi cazmen adlandırıram - o, müəmmalıdır, nə edəcəyi öncədən məlum deyil və eyni zamanda improvizasiya etməyə hazırdır. Quluzadənin necə ifa edəcəyi isə daha çox jurnalistin və həmsöhbətin səviyyəsindən asılıdır - oxucular onu anlayacaqlar, ya yox?
Vəfa Quluzadə zarafat edir
Onun digər fərqli xüsusiyyəti, bəlkə də ən qiymətlisi sadəliyi və əlçatan olması idi. 80-ci illərin əvvəllərini yaxşı xatırlayıram. Vəfa Mirzəyeviç, demək olar ki, kosmik vəzifə tuturdu - Azərbaycan KP MK-nın mədəniyyət şöbəsinin müdiri. O vaxt mənim dostum (komsomol işçisi) maraqlı bir hekayə danışmışdı. Dzerjinski klubunda Bakı Şəhər Partiya Komitəsinin tədbiri keçirilirdi, yalnız rəhbər işçilər iştirak edirdilər və Heydər Əliyev çıxış etməyincə heç kimin tədbiri tərk etməsinə icazə verilmirdi.
Lakin işçilərdən birinə vacib iş üçün təcili getmək lazım gəldi, qapıda dayanan Bakı Şəhər Partiya Komitəsinin təşkilat şöbəsinin işçiləri isə onu buraxmadılar. Bir müddət sonra həmin işçi yenidən gəldi, ancaq bu dəfə Vəfa Quluzadə ilə. O, məsuliyyəti öz üzərinə götürərək işçini buraxmağı xahiş etdi. Bu gün bu vəziyyət inandırıcı görünməyə bilər: işçiyə getməyə icazə verib, nə olsun? Amma əslində söhbət cəsarətdən getmir, məsuliyyətdən gedir. Bütün dövrlərdə partiya məmurlarının fərqləndirici xüsusiyyəti təşəbbüsləri və məsuliyyəti öz üzərinə götürməmək olub. Buna görə həmişə cavab vermək lazım gəlir.
Deyək ki, normal partiya işçisi təxminən belə düşünüb və düşünür: birdən bu işçi yolda qəza törədər, (içki içəcək, məşuqəsinin yanına gedəcək, maşın altına düşəcək və s.). Araşdıracaqlar və aydınlaşdıracaqlar ki, əgər mən onu buraxmasaydım, bu, baş verməyəcəkdi və yadıma salacaqlar ki, getmək qadağan edilmişdi, deməli, məni cəzalandıracaqlar...
80-ci illərin əvvəllərində Quluzadənin hərəkətlərində onu diplomat həmkarlarının, daha sonra isə mətbuatın sevimlisinə çevirən bir şey özünü göstərdi: sərbəstlik, təbiilik, təkəbbürün olmaması. Və dövlət xidmətində olduğu bütün illər ərzində bu xüsusiyyətlərilə seçilirdi.
Prezident Aparatına ona asanlıqla telefon edib danışmaq, müsahibə götürmək olardı (bunu indi eləməyə cəhd edin). O heç vaxt kəskin mövzulardan qorxmurdu və biz fəxr edə bilərik ki, Quluzadə ən mühüm bəyanatlarını və şərhlərini məhz bizə verib.
Onun digər diqqətəlayiq xüsusiyyəti görünüşdür. Vəfa bəy hər zaman diplomata yaraşan şəkildə geyinirdi. Mən heç vaxt onda ütüsüz şalvar, qırmızı köynək və ya ağ corab görmədim. Onun kostyumları və qalstukları, saç düzümü və tərzi ziyalı olduğunu ortaya qoyur, onunla danışmaq üçün xoş ovqat yaradırdı. Hazırda Prezident Administrasiyasında (hələ dövlət qurumlarından danışmırıq) oturanların üzlərini və görünüşünü də yada salın. Bəziləri marginal kimi geyinib, bu üzlərdəki ifadə ilə, Hitlersayağı bığlarla ictimaiyyət arasına çıxmaq, sadəcə, xoş deyil.
Azərbaycan prezidentinin müşaviri ilə yanaşı xarici siyasətlə xarici işlər naziri Tofiq Zülfüqarov da məşğul olub. O, V. Quluzadə ilə birgə işindən danışıb.
Xalq ilə onun anladığı dildə danışırdı
Öncəliklə onun gedişini dost itkisi kimi qəbul edirəm. Bundan sonra mənim üçün dövlət xadimidir, - T. Zülfüqarov xatırlayır. İlk dəfə necə görüşdüyümüzü xatırlaya bilmirəm. Sanki həmişə onu tanımışam-onun insanları qazanmaq bacarığı belə idi.
Biz prezident Əbülfəz Elçibəyin dövründə işləməyə başladıq, onlar eyni universitetdə oxumuşdular, V. Quluzadə prezidentin evində olmuşdu.
Onun müxtəlif sahələrdə böyük sayda dostları vardı, mən onun haqqında tənqidi fikir söyləyən bir adama rast gəlmədim. Bizim peşəkar əlaqələrimiz və əməkdaşlığımız öz-özlüyündə yaranmışdı, yadıma gəlmir ki, nə vaxtsa onunla necə işləyəcəyim barədə fikirləşim, hərçənd, aramızda yaş fərqi çox idi.
V.Quluzadə xarici siyasətdə çox böyük təcrübəyə malik idi. Həmin dövrdə XİN və Prezident Aparatı yeni qurulurdu, XİN-də xarici qurumlar yox idi, nazirlikdə 20-yə yaxın adam çalışırdı. O dövrdə BMT-də bizim nümayəndəliyimiz yaranırdı, hər şey "diz üstündə" edilirdi. Biz hadisələrə ölkənin maraqlarının anlaşılmasından asılı olaraq reaksiya verirdik. Gedişat zamanı müəyyən edirdik ki, danışıqlarda kimlər iştirak edəcək. Təlimat yox idi, bir qayda olaraq, mühüm görüşlərdən sonra müzakirələr gedirdi, bundan sonra necə hərəkət edəcəyimizi müəyyənləşdirirdik.
Prezident Heydər Əliyevin dövründə dövlətin xarici siyasi strukturları kadrlarla doldu, prezident proseslərə şəxsən rəhbərlik edirdi, müşavirələrdə xarici işlər naziri Həsən Həsənov iştirak edirdi, nazir müavini Araz Əzimov da qoşulurdu.
Həsən Həsənov, Vəfa Quluzadə, Tofiq Zülfüqarov
Heydər Əliyevin Vəfa Quluzadəyə xüsusi sayğılı münasibəti məni heyrətləndirirdi. Onların sovet strukturlarında birgə iş təcrübəsi vardı. H.Əliyev tabeliyində olanlara münasibətini həmin insanların şəxsiyyətindən asılı olaraq müəyyən edirdi. V. Quluzadə yüksək intellektual səviyyəyə malik idi, məni isə H.Əliyev V. Quluzadənin kiçik tərəfdaşı kimi qəbul edirdi. O, bugünkü Azərbaycan xarici siyasətinin mənbəyində dururdu. Bu siyasətin alqoritmini Heydər Əliyev verirdi. V. Quluzadənin İsveçrədə iş təcrübəsi, ingilis dili biliyi vardı, Qərbdə, ABŞ-da yaxşı tərəfdaşlar tapmışdı. Bu, dövlət müşavirinin RF XİN-də yaxşı münasibətlərini istisna etmirdi. Mən V. Quluzadənin rusiyalı diplomat Kazimirovla Rusiyada "Gümüş əsr" poeziyası haqda necə danışdığının şahidi olmuşam. O zaman dövlət müşavirinin rus ədəbiyyatını bilməsinə heyrət etmişdim. Onun Misirlə bağlı hekayələrini maraqla dinlərdim. Evdə V. Quluzadənin sevimli televiziya kanalları ərəb kanalları idi, mənə məsləhət görürdü ki, ərəb dilini unutmamaq üçün ərəb telekanallarında xəbərləri izləyim.
Heydər Əliyev o vaxt istefada olan V. Quluzadəni Milli Məclisdə Qarabağla bağlı vəziyyətin ümumxalq müzakirəsinə dəvət etmişdi. İctimaiyyətlə bu cür müzakirə forması düzgün idi, xalq Qarabağ prosesinin bütün çətinliklərini bilməli idi.
Vəfa Quluzadə və Heydər Əliyev parlamentdə
V. Quluzadə xalqda azərbaycanlı diplomatın müsbət imicinin formalaşmasına böyük töhfə verib. Adamlar onun çıxışlarını bəyənirdilər, o, sadə dildə mühüm mövzulardan danışırdı. Bu unikal keyfiyyət bugünkü siyasətimizdə çatışmır. Siyasətçilər xalqla peşəkarcasına və anlaşıqlı dildə danışmağı bacarmalıdırlar. Prezident İlham Əliyev xalqla çox yaxşı etibarlı ünsiyyətə malikdir, hakimiyyətin ikinci eşelonu isə bu baxımdan axsayır. V.Quluzadə hakimiyyətlə cəmiyyət arasında böyük dialoq ustası idi. Adamlar onu fenomenal qabiliyyəti, xalqla onun anladığı dildə danışmaq bacarığı sayəsində yaddaşlarına həkk etdilər, - T. Zülfüqarov xatirələrini bölüşüb.
Vəfa Quluzadə Prezident Administrasiyasında prezident Heydər Əliyevin o vaxtkı köməkçisi Eldar Namazovla birgə çalışıb.
Politoloq E.Namazov oxuculara və tarix üçün Vəfa Quluzadə şəxsiyyətinin qavranılması haqda danışmaq barədə Turan-ın dəvətini qəbul edib.
Qələbə uğrunda həlak olmuş şəhidlərin panteonunda
Vəfa Quluzadə haqqında bu esseni yazmağa başlamaq mənim üçün çətin idi, özüm də başa düşmədim ki, niyə. Günlər keçirdi, dostlar tələsdirirdilər, ancaq özümü kökləyib işə başlamaq mümkün olmurdu. Həhayət başa düşdm ki, məni içəridən dayandıran nədir: Vəfa Quluzadə nadir olan bütöv bir insan idi – yüksək peşəkar, təcrübəli diplomat, öz xalqının və ölkəsinin vətənpərvəri, eyni zamanda çox ziyalı, alicənab, xoşməramlı bir insan idi. Səni narahat edən məsələləri – dünya geosiyasətindən tutmuş hansısa şəxsi xarakterli məsələlərə qədər hər problemi saatlarla onunla müzakirə etmək mümkün idi. Ona görə də əvvəldən başa düşə bilmirdim ki, Vəfa haqqında məhz nələri demək istəyirəm.
O necə təcrübəli diplomat idi? Bunu hamı bilir. Hansı öncəgörən fikirlər söyləyirdi? Türkiyə-Azərbaycan hərbi ittifaqının vacibliyi barədə, məsələn? Bu barədə də hamı oxuyub, bilir.
Və anladım ki, ən yaxşısı hamının bilmədiyi şeylər haqda yazmaqdır. Daha doğrusu - Dost haqda danışmaq. Çünki belə bir hissi yaşamaq, bu gözəl insanla dostluq etmək hər kəsə nəsib olmayıb.
Biz Heydər Əliyev komandasında çalışarkən Vəfa Quluzadə ilə sıx ünsiyyətə başlamışdıq. O, prezidentin xarici siyasət üzrə müşaviri idi, köməkçi kimi mənə isə prezident xarici siyasət məsələlərini də kurasiya etməyi tapşırmışdı. Ona görə də özünəməxsus prezidentin yanında " işgüzar birliy" formalaşmışdı - biz praktiki olaraq gündəlik rejimdə xarici siyasət məsələlərini müzakirə edirdik, vacib qərarların qəbulu tələb olunduqda isə bu müşavirəyə xarici işlər naziri də qoşulurdu.
Mən hətta bunun necə baş verdiyini xatırlaya bilmirəm, amma qısa bir müddətdən sonra məndə elə bir hiss yaranmışdı ki, sanki Vəfa ilə illərdir tanışıq, uzun illərdir dostluq edirik. Bu, insani münasibətlər baxımından təəccüblü idi - nə o, nə də mən öz qəlbini və hisslərini kənar adama asanlıqla açan insanların sırasına daxil deyildik. Amma Vəfa ilə başqa idi. Hətta prezidentin heç bir tapşırığı, ümumi iş olmasa belə, qəflətən qapı xəbərdarlıqsız açılırdı və kandardan səs gəlirdi: "Elik, salam. Gəldim çay içməyə ". Dərhal otaq yeni xoş ovqata bürünürdü. Bilmirəm, bəlkə də bu, sadə xalq deyimi var “taylı tayın tapdı”, həmin o anlar idi.
Tədricən məlum olurdu ki, biz bir çox məsələlərə eyni cür baxırıq – nəinki xarici siyasət məsələlərində, həm də bizi əhatə edən cəmiyyətdə, insani münasibətlərdə. Bizdən birimizə dəstək lazım olanda bu barədə xahiş və ya işarə etmək gərəkmirdi, hər şey öz-özlüyündən gəlirdi. Yadımdadır, Vəfa Quluzadəyə qonşu ölkələrdən birindən təzyiqlər vardı, bu ölkənin səfiri hətta prezident Heydər Əliyevə Vəfadan şikayət etmişdi. Elə həmin gün mən KİV-ə müsahibə verdim və dostumun mövqeyini dəstəklədiyimi bildirdim. Səfirin kefi çox pozuldu –prezidentə müşavirdən şikayətə getmişdi, köməkçidən daha betərin aldı. Radiostansiyaların birində birbaşa efirdə opponentimlə sərt polemika zamanı gözlənilmədən Vəfa verilişinə telefon edərək opponentimin “dərsini verdi”, onun nə qədər haqlı olmadığını izah etdi.
Əlbəttə, hər bir insan özünə görə unikaldır, əvəzsizdir. Bizim də zövqlər və maraqlarla bağlı bəzi "fikir ayrılıqlarımız” vardı. Məsələn, mən danışırdım ki, bizim gənc şahmatçı nə gözəl oynadı, qazandı və biz Avropa çempionu olduq, o da məni diqqətlə dinləyirdi və cavab verirdi: səhərə qədər yatmadım, ABŞ-dan birbaşa efir gözləyirdim, orada boks üzrə turnirin finalı vardı və məsələni bilən kimi izah edirdi ki, onun sevimlisi son raundda rəqibini nokaut edə bilib. Peşəkar boksun böyük həvəskarı (Vəfa gəncliyində boksla məşğul olub) kimi o, hansısa xarici siyasət məsələləri ilə bağlı mənə tez-tez deyirdi: "Elik, vurmaq lazımdır, rəqib açıldı!». "Yaxşı, ağsaqqal vuracağıq", mən gülürdüm və bununla bağlı informasiya cavabı hazırlayırdım.
Vəfa Quluzadə və Eldar Namazov
Hətta bizim son görüşümüz də sanki bu dostluğun rekviyemi idi. Müsahibə üçün Turan agentliyinə dəvət olunmuşdum. Gələndə jurnalistlər dedilər ki, sizi burada dostunuz gözləyir. Sən demə, elə həmin gün Vəfa Quluzadə də Turan-a gəlib (o, tez-tez oraya gedirdi, bu agentlikdə onun çoxlu dostu vardı). Biləndə ki, mən müsahibəyə gələcəm, məni gözləmək, söhbət etmək istəyib. Bir az söhbət etdik, onun sözlərində, ya əhval-ruhiyyəsində nəsə məni narahat elədi. Səhhətini soruşdum. Dedi, narahat olma, yüngülvari əhvalsızlıqdır. Təklif elədim ki, onu harasa şəhərdən kənara aparım, daha çox oturaq, eynimiz açılsın. "Həftəsonu, Elik. Bu gün evə gedim dincəlim" dedi. Həftəsonu telefon etdim. Dedi, deyəsən, yağış yağacaq, bir-iki gün gözləyək, hava açılsın. Bir neçə gündən sonra isə qəfil acı xəbər gəldi - Vəfa artıq yoxdur...
Əgər o, böyük diplomat, ölkəmizin dövlət xadimi olmasaydı belə, onun ölümü mənim üçün çox böyük itki olardı. Dost itkisi. Ancaq onun gedişi daha çox ağrıdırdı, çünki biz hamımız - həm ölkə, həm dövlət, həm də onu yaxından tanıyanlar böyük və doğma insanı itirdik.
Dekabrın 10-da Qələbə Paradına baxarkən də bu barədə düşünürdüm... bütün hallarda bu, çox ədalətsizdir, Qarabağda qələbə üçün özünü fəda edən insanlar bu parlaq Qələbə gününü görmədilər.
Vəfa Quluzadə. Son şəkillərdən biri
Allah rəhmət eləsin! Mənə görə Vəfa Quluzadə həmin panteonda, Vətənimizin müdafiəsi uğrunda öz həyatını qurban vermiş şəhidlərimizin yanındadır...
[embed]https://www.youtube.com/watch?v=medBmJkL5N4[/embed]
https://www.facebook.com/photo?fbid=2980551538837887&set=pcb.2980555915504116
22 dekabr 2020-ci ildə nəşr olunub.
Turan
"24 saat"
Hiç yorum yok:
Yorum Gönder