27 Aralık 2021 Pazartesi

Elşən Cəbrayılov: “Qardaşım faizlə pul götürmüşdü, onun əvəzinə müqavilə imzaladım”

Mərhum deputatın məhkəməsində qardaşı şahid qismində dindirilib


Sentyabrın 30-da həbsdə vəfat edən Rəfael Cəbrayılov öz məhkəməsində təqsirsiz olduğunu vurğulayaraq, baş verənlərə görə qardaşı Elşən Cəbrayılovu günahlandırırdı. 


Sabiq deputatın ölümündən sonra onun məhkəməsində hüquqi varisi qismində iştirak edən həyat yoldaşı Aidə Cəbrayılova da mərhum ərinin başına gələnlərə görə qaynını ittiham edirdi. 


O hətta məhkəmədə vəsatət qaldırmışdı ki, cinayət işi istintaqa qaytarılsın və Elşən Cəbrayılov cinayət məsuliyyətinə cəlb olunsun. 


Məhkəmə bu vəsatəti təmin etməmişdi.


Elşən Cəbrayılov mərhum qardaşının işinə baxılan məhkəmədə şahid qismində dindirilib.


Rəfael Cəbrayılovun işi üzrə zərərçəkmiş qismində tanınanların bir hissəsi "Dərhal” MMC-nin inşa etdiyi binalardan ev, obyekt almaq üçün pul verdiyini, lakin əmlakın onlara təhvil verilmədiyini iddia edən şəxslərdir. Bu şirkətin rəhbəri də Elşən Cəbrayılovdur.


Əvvəllər tikinti biznesilə məşğul olduğunu, hazırda isə bu sahədən uzaqlaşdığını deyən Elşən Cəbrayılovun sözlərinə görə, "Dərhal” MMC 2002-ci ildə yaradılıb, 2015-ci ildən isə fəaliyyəti dayanıb. 


Böyük qardaşı Rəfael Cəbrayılovla aralarında 17 yaş fərq olduğunu vurğulayan şahid bildirib ki, hazırda əlində müqavilə olan zərərçəkmişlər əslində, ona pul ödəməyib.


O, zərərçəkmiş Bəşir Məmmədovun "Dərhal” MMC-yə əmlak almaq üçün pul ödəməsi haqda müqaviləni necə əldə etdiyinə belə izah verib: "Qardaşım dedi ki, bu adam faizlə pul verir. Girov olaraq, müqavilə hazırladıq, mən də şirkətin rəhbəri kimi imzaladım. O müqavilə formal idi, Bəşir Məmmədov pulu binadan nəsə almaq üçün yox, qardaşıma faizlə vermişdi. Bir müddət sonra qardaşım pulu qaytardı, bizdəki müqavilə də cırıldı. O isə cırmayıbmış. 12 ildən sonra o müqaviləni əlində tutub iddia qaldırdı ki, guya bizdən əmlak almaq üçün pul ödəyib. Mən Bəşir adlı o adamın üzünü də görməmişəm”.


Elşən Cəbrayılov qardaşısının işi üzrə zərərçəkmiş qismində tanınan digər şəxslərdən Şəfa Məmmədova, Məlahət Qurbanova, Sülhiyyə Məmmədovanı tanımadığını deyib.


Zərərçəkmişlərdən birinin nümayəndəsi, vəkil Kamandar Nəsibov bildirib ki, Elşən Cəbrayılov yalan danışır. Vəkilin sözlərinə görə, hətta bu qalmaqallarla əlaqədar Elşən Cəbrayılovun inzibati qaydada həbs olunması üçün məhkəməyə müraciət olunub.


"Bu, Rəfael Cəbrayılovdan da istifadə edib, pulları da bu mənimsəyib”, – vəkil bildirib.


Məhkəmədə məlum olub ki, mərhum Rəfael Cəbrayılovla bağlı cinayət işindən daha bir iş ayrılaraq, Elşən Cəbrayılov haqqında araşdırma aparılması üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Həmçinin Vergi Cinayətlərinin Araşdırılması Departamentinə də 8 milyon manatlıq vergidən yayınma ilə bağlı araşdırma aparmaq həvalə edilib.


Elşən Cəbrayılov bildirib ki, Nərimanov Rayon Polis İdarəsində onunla bağlı araşdırma aparılıb, iddialar təsdiqini tapmayıb: "Bir nəfər məni aldatmışdı, bununla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə şikayət eləmişdim. O qərarı aparıb Nərimanov Rayon Polis İdarəsinə təqdim elədim, məlum oldu ki, mənim heç bir günahım yoxdur bu məsələdə”.


Elşən Cəbrayılovun dindirməsi yanvarda keçiriləcək növbəti məhkəmə iclasında da davam edəcək.


2021-ci ilin aprelində həbs olunan Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunurdu.


2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.Meydan TV

Hiç yorum yok:

Yorum Gönder